İlqar Məmmədovu həbsdə saxlamaq hakimiyyətə nə qazandırır?

İlqar Məmmədovu həbsdə saxlamaq hakimiyyətə nə qazandırır? VVural Abbaslı: “İqtidar cəmiyyətdə Avropa qarşısında geri çəkilən iqtidar obrazı yaratmaq istəmir”

Mirvari Qəhrəmanlı: “Hökumətin onu azad etməməsinin səbəblərindən biri beynəlxalq qurumların vaxtaşırı kəskin bəyanatlarıdır”

Avropa Şurasının ardıcıl tələblərinə və Azərbaycanın qurumdan çıxarılacağı ilə bağlı təhdidlərinə baxmayaraq, REAL sədri İlqar Məmmədov həbsdən azad edilmir. Hakimiyyətin onu həbsdə saxlamaqla nə qazandığı, hansı səbəbdən bu qədər dirəniş göstərdiyi, İ.Məmmədovun həbsdən çıxa bilməməsinin səbəbləri oldu barədə suallar meydana çıxır.


Vicdan məhbusunu həbsxanada saxlamaqla iqtidarın onun nüfuzunu qaldırdığı, getdikcə özünə ciddi rəqib yaratdığını deyənlər də var. Çünki həbsdə olan siyasi liderlə Azərbaycan kimi ölkələrdə azadlıqda olan siyasilərdən daha çox rəğbət yaranır. İnsanlar həbsxana həyatı yaşayan liderə daha çox simpatiya bəsləyirlər, nəinki məhbus həyatı yaşamayana. Belə olan halda Azərbaycan hökumətinin İ.Məmmədovu həbsdə saxlaması müzakirələr yaradır.
Düzdür, çoxları bu ayın sonuna qədər REAL rəhbəri ilə bağlı məsələnin çözüləcəyini düşünür. Amma bununla belə indiyə qədər onun azad edilməsinin hakimiyyət üçün daha sərfəli olacaqdı kimi fikirlər var.



AĞ Partiya başqanı Tural Abbaslı hakimiyyətin İlqar Məmmədov məsələsindəki bu dirənişini bir siyasətçi kimi qətiyyən onun şəxsi ilə bağlamağın tərəfdarı deyil: “Analiz etsək görərik ki, bu gün siyasi arenada həm siyasi kimlik, həm də struktur baxımından İlqar Məmmədov və REAL-dan daha güclü siyasilər və təşkilatlar kifayət qədər mövcuddur. Əgər, burada söhbət hakimiyyətin bir siyasi rəqib kimi ehtiyatlılığından getsəydi, həbs olunmalı və uzun illər həbsdə saxlanılmalı yüzlərlə fədakar müxalifətçilər mövcuddur. Mən düşünürəm ki, o zamanın konyukturasına uyğun olaraq İlqar bəy və Tofiq bəy həbs olundu. İsmayıllı olayları öz siyasi əhəmiyyətini itirdikdən sonra isə bu hadisəyə görə həbs olunan bir çox insan azadlığa buraxıldı, həmçinin bu hadisələrin təşkilatçısı kimi həbs olunmuş Tofiq Yaqublu da. Yəni hakimiyyət zaman-zaman hansısa prosesin qarşını almaq üçün belə metodlardan istifadə edib və gələcəkdə də edəcək. İqtidar illərdir ki, Azərbaycan cəmiyyəti qarşısında mövqeyindən dönməz, radikal və sərt siyasi obraz yaradıb. Və illərdir ki, bu obrazın üzərində hakimiyyətini qoruyub saxlayıb. İndiki zamanda da hakimiyyət cəmiyyətdə Avropa qarşısında geri çəkilən iqtidar obrazı yaratmaq istəmir. Onlar yaxşı anlayırlar ki, xalq onların nəyinsə qarşısında geri güzəşt etsiklərini görsə, daha çox tələblər irəli sürəcəklər. Bu da öz növbəsində hakimiyyətin yenilməzliyi fikrini aradan qaldıracaq. Ona görə də onlar Avropadan bu qədər təpki və təzyiqlərə qarşı dözməyə məcburdurlar. Mən əminəm ki, bu ay İlqar Məmmədov və bəzi siyasi məhbuslar azadlığa buraxılacaq. Ancaq buradakı əsas mesaj o olacaq ki, siyasi məhbusları kiminsə təzyiqinə görə deyil, özümüz istədiyi vaxt azad edirik”.



Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı bildirdi ki, hakimiyyət İlqar Məmmədovun təbliğatına aparmağa yardımçı olur: “Düşünürəm ki, İlqar Məmmədovu həbsdə saxlamaqla hakimiyyətin qazancı yoxdur. Əksinə həm beynəlxalq aləmdə, həm də ölkədə İlqar bəy daha artıq tanınır , ona qarşı müsbət rəylər formalaşır, maraq artır. Yəni hökumət özü onun təbliğatını aparmaqda bir növ yardımçı olur. Bununla özünə ciddi rəqib formalaşdırdığı da göz önündədir. Düşünürəm ki, həmin proses davam etdikcə, hakimiyyət özünə daha ciddi rəqib formalaşdıracaq. Deyərdim ki, hal-hazırda yeganə rəqib formalaşdırıb, yəni həm yerli, həm də beynəlxalq ictimaiyyət tərəfindən çoxluğun qəbul etdiyi yeganə rəqib. Bunu hakimiyyətin məqsədli siyasəti də adlandırmaq olardı. İlqar bəy hakimiyyət üçün o qədər də təhlükəli bir rəqib deyil. Hökumətin onu azad etməməsinin səbəblərindən biri beynəlxalq qurumların vaxtaşırı kəskin bəyanatlarıdır. Bu baxımdan ola bilsin ki, bu məqsədli bir siyasətdir. Burada hökumətin siyasi məhbuslarla əlaqədar apardığı siyasətin özü şəffaf olmadığından cəmiyyətə açıqlanmayan müəyyən məqamlar ola bilər”.

Cavanşir ABBASLI
Musavat.com
Tarix: 1-12-2017, 21:55
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}