Misir Mərdanov özünü necə ifşa etdi?

Misir Mərdanov özünü necə ifşa etdi? Yalançının yaddaşı olmaz, yaxşı deyiblər bunu.
Bir dəfə nazir Misir Mərdanovdan “525”-ci qəzetdə poetik ruhda bir müsahibə alımışdılar. Jurnalist sual vermişdi ki, siz həm də peşəkar riyaziyyatçısınız, bu elmə yenə də könül verib, ilham ala bilirsinizmi (yəni, nəsə yazıb yaradırsınızmı)?

Misir müəllim çox səmimi formada böylə cavab vermişdi. Demişdi, öz işinə vicdanla yanaşan nazir inanmıram başını qaşımağa vaxt tapsın. Yəni, bürokratiya onu çox məşğul elədiyindən riyaziyyata dair nəsə yazı pozu eləməyə, ürəyi istəsə də macalı olmur. Təəccüb və maraq içində səhəri nazirə suallar dolu bir məqalə həsr etdim sonra isə o sualları rəsmi formada Nazirliyə yolladım (jurnalist sorğusu kimi).

Soruşdum ki, Misir müəllim,
Bir: Qəzetə müsahibəni həqiqətən də siz vermisinizmi?
Cavabınız “bəlidirsə”, yuxarıdakı statusn təhrif olmadığnı təsdiq edirsinizmi? Yəni, siz təsdiqləyirsiz ki, işini vicdanla görən nazirin nəsə əlavə yazı-pozuya vaxtı qalmır?
İki: Verdiyim sitatın sizə məxsus olduğunu təsdiqləyirsinizsə o zaman bizə aydınlıq gətirin: Mən hesablamışam, siz nazir olduğunuz vaxt 23 dərslik-kitaba müəlliflik, həm müəlliflik eləmisiniz. Ziddiyət yaradır, belə çıxır siz nazir kimi öz vəzifənizə yumşaq desək, vicdanla yanaşmamısınız. Təhsil sahəmizdəki problemləri həll etmək yerinə girişmisiniz ildə 3-4 kitab yazmağa. Ya da, ki siz nazir kimi öz işinizi vicdanla görmüsünüz, lakin, ictimaiyyət arasında da dolaşdığı kimi sizin kitabların müəllifi başqasıdır, siz sadəcə ora şöhrət və qonarar üçün öz adınızı yazdırmısınız. Lap yaxşı, belə isə lütf edib deyərsinizmi, yazdığınız o kitablara görə dövlətdən nə qədər qonarar almısınız?

Təhsil naziri qanunu pozub jurnalist sorğusunu cavablamadı. Amma mən də dayanmadım. Ombudsmana müraciət elədim ki, bu cənabdan cavab almağa təşəbbüs göstərsin. Onlar da kömək elədilər. İki həftədən sonra Misir müəllimdən belə bir məktub aldım: “Sizin verdiyiniz suallar şəxsi həyata aid məlumatlara daxil olduğundan cavablamırıq”. O məktubdan sonra da Misir müəllim yaradıcılığına pəhriz vermədi. Ana vətənimizin məzlum balaların ağ günə çıxarmaq üçün çoxlu dərsliklər, kitablar yazdı, həm kitabxanalarımızı zənginləşdirdi, həm də cibin.

Misir müəllim nazirlikdən çıxarılanda, məni qüssə bürümüşdü. Deyirdim ki, gül kimi istedad batacaq. O kreslo müəllim üçün axı əvəzsiz ilham qaynağı idi. Onsuz biz çətin “Misir Mərdanov” imzalı yeni kitabların ərsə gəldiyin görək. Düzdü, Misir müəllim nazirlikdən sonra kreslosuz qalmadı, ancaq kreslo var, kreslo var. Axı biz tarixdən də bilirik ki, bir çox görkəmli ədibləri qeyri-rasional bir əlamətləri, alışqanlıqları olub. Məsələn, hansısa yazar, otağının qapısı açıq olmasa bircə sətir belə yaza bilmirmiş. O birisi ayağını isti suya qoymayanda yaza bilmirmiş. Misir müəllim də nazir kürsüsündə oturan kimi elə intensiv elmi məhsuldarlığa sahib olmuşdu ki, mən avtomatik fikirləşirdim ki, nazir kürsdüysü onun talsimanıdır. Onsuz nəinki kitab yaza bilməz, heç imza da atmağı bacarmaz.

Ancaq bütün böyük mütəfəkkirlər kimi Misir müəllim də mənim kimi bədgümanları məyus eləmək qüdrətindəymiş. Bayaq onun “İnteraz” telekanalına verdiyi müsahibəni izləyəndə nə eşitməm yaxşıdı?
Jurnalist soruşur: Nə işlə məşğulsunuz.
Müəllim, yenə gözəl etirafda bulunaraq deyir ki, bəs bilirsiniz də, mən 15-16 il nazir işləmişəm. O zaman mən bu işlərdən (elmi yaradıcılıqdan) xeyli aralanmışdım. İndi iki ildir, nazir deyiləm, bu müddətdə yavaş-yavaş formaya düşürəm. Forma deyərkən, Misir müəllim yazıb-yaratmağı deyib. Bəli, bəli. Deyir ki, nazir olmadığı vaxt iki kitab yaza bilib! Burda bizi yenə kor şeytan şübhəyə salır. Necə yəni, Misir müəllim demək istəyir ki, nazir olan vaxtı onun adından çap olan kitabların ona dəxili yoxdur, o ancaq indi indi özünə gəlib elmə töhfəsini verir? Lənət sənə kor şeytan!

Lakin, nə qəm. Göylərin mərhəməti bizdən əskik deyilmiş. Sevinək. Biz yenə də Misir Mərdanov imzalı təzə kitabları görmək xöşbəxtliyin yaşayacağıq. Ola bilsin, təzə ünvanda da Misir Mərdanovun kitabların başqası yazır. Ziyanı yoxdur, guya bizim ölkədə nə yerindədir?! Sadəcə burda problem ondadır ki, nə üçün o boyda “Riyaziyyat İnstitunda Misir müəllim layiqli, fərasətli, zirək bir mirzə tapa bilmir. Bu qədər müddətə cəmi iki kitab nədir axı? Yaz da, ay zalım oğlu. Axı niyə sənin bu əfəlliyin, tənbəlliyin Misir müəllimin məhsuldar imicinə xələ gətirir. Adamda bir vətəndaş məsuliyyəti olmazmı?


Natiq Güləhmədoğlu
Tarix: 8-12-2017, 22:30
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}