İsgəndər Həmidov həbsxanada “Lotu Quli”nin atasına 40 gün yas saxlayıb?



Sovet höküməti “Lotu Quli”nin atasını niyə 15 il azadlıqdan məhrub edib?

Turkustan.info bildirir ki, Əsl adı Nadir Nəriman oğlu Səlifov olan və kriminal aləmdə “Lotu Quli” kimi tanınan avtoritet haqda Moderator.az silsilə yazılar təqdim edəcək. Oxumaq istəyənlər saytı izləsinlər. Əldə etdiyimiz kitabda Lotu Quli haqda heç yerdə eşitmədiyiniz məlumatlarla tanış olacaqsınız.

Nadir Səlifov 1972-ci ildə Gürcüstanın Dmanisi rayonunda anadan olub. Ailədə üç qardaş və iki bacı olublar. Sonra ailəlikcə Bakıya köçüblər. Orta məktəbdə normal oxuyub, amma əlaçı olmayıb. İmkanlı ailədə böyüyüb. Atası onu çox istədiyindən lap uşaq vaxtından onu “Quli” çağırıb.  

“Quli” gürcü dilində “ürək” deməkdir. Yəni bu bizdəki məşhur “Qulu” adının təhrif olunmuş variantı deyil. Qulinin atası Nəriman Səlifov rayonun ticarət sferasında rəhbər işçilərdən biri olub. Sovet hakimiyyəti onu dövlət əmlakının ağırlaşdırıcı halda mənimsənilməsi  (SSR CM-nin 88.1 maddəsi) ilə mühakimə edərək, 15 il azadlıqdan məhrum edib. Nəriman Səlifov 10 il məhbəs həyatı yaşayıb. Bu hadisə ötən əsrin 80-ci illərinin ortalarında baş verib. O zamanlar SSRİ rəhbəri Yuri Andropovun vaxtında müxtəlif təsərrüfat sahələrində çalışan, yeyintiyə, mənimsəməyə yol verən vəzifəli şəxslərin kütləvi tutqusu gedirdi. İttifaqın bir çox respublikalarında, eləcə də Azərbaycanda minlərlə adam bu ittihamla həbs olunmuşdular. O dövrü “İqtisadi sferada repressiya illəri” də adlandırmaq olar. 

Ancaq bu cür maddələrlə həbs olunanlar özlərini cinayətkar saymırdılar. Çünki sovet təsərrüfatının bütün sahələrində total şəkildə mənimsəmələr və yeyintilər vardı və bu normal idi. Onların hamısını tutsaydılar, bu, yüzminlərlə dustaq demək idi. Bu həbslərdən sonra türmələrdə yer qalmazdı. Sadəcə, o vaxt belə adamları seçmə üsulu ilə həbs edirdilər-haqq ödəməyənləri, rayon rəhbərlərinin xoşuna gəlməyənləri, yeyintidə həddi aşanları və s. 

Bu ailəni tanıyanların dediyinə görə, Nəriman Səlifov azadlığa çıxdıqdan sonra heç vaxt türmə həyatı haqqında şirin xatirələr danışmayıb. Ümumiyyətlə, o, oğru aləmindən uzaq olub, həmişə özünü sovet dövlətinin bərbad təsərrüfat, ticarət sisteminin zərərçəkənlərindən biri sayıb. 

Bəs gələcək “qanuni oğru” atası türmədə yatarkən, onun yanına, görüşə gedibmi? Gedibsə, bu ziyarət onda hansı təəsüratları yaradıb? Bu barədə məlumat demək olar ki, yoxdur. Nə Quli özü bu barədə nə vaxtsa kiməsə danışıb, nə də bu haqda ona sual verən olub. Ehtimal olunur ki, o, atasının yanına getmiş olsa belə, bu, onun uşaq olduğu vaxtlarda baş verib. O zamanlar isə türmə həyatı kriminal aləmdə karyera qurmaq ehtirası 12-13 yaşlı uşaq üçün o qədər cəlbedici ola bilməzdi. Amma kim bilir, bəlkə atasını özünə örnək sayan uşaq Quli elə o vaxtdan “Türmə kişilər üçündür” deyənlərin fikrini yeganə həqiqət kimi qəbul edib?

Yeri gəlmişkən, Nəriman Səlifov vaxtilə sovet dönəmində milis şöbəsində sosialist əmlakını dağıdanlarla mübarizə bölməsinin (SƏDM, ruscada OBXSS) rəisi işləyən, sonradan daxili işlər naziri kimi mühüm dövlət postu tutan İsgəndər Həmidovla dost olub. Bir-birinə zidd olan iki vəzifənin (biri sosialist əmlakını dağıtmaqda günahlandırılıb, o biri isə sosialist əmlakını qorumaqda mükəmməl olub) daşıyıcılarının dostluq büsatı hansı kriteriyalar üstündə bərqərar olubsa da, bu dostluq sona qədər davam edib. Hətta Nəriman Səlifov rəhmətə gedəndə bu xəbəri həbsxanadaykən alan İsgəndər Həmidov mərhum dostunun xatirəsinə ehtiram əlaməti olaraq üzünü qırxmayıb. Avropa Şurasının təkidi ilə keçirilən ikinci məhkəmə prosesinə də saqqallı vəziyyətdə qatılıb. Bunun səbəbini soruşanlara isə sabiq nazir qısaca belə cavab verib: “Dostum rəhmətə gedib”. Dustaq yoldaşları, hətta Quli özü də ona təkid edib ki, saqqalını qıxsın. Amma o deyib ki, bunu heç kimə görə etmir, Nəriman kişi ilə yaxın dost olublar.

Yazının davamı var…
 
Vasif Əlihüseyn 
 
Mənbə: Munis Yunisoğlunun “Mən Quliyəm” kitabı…
Tarix: 18-03-2018, 23:17
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}