Çovdarovun həbsdə ölən adamının oğluna cinayət işi açılıb – Foto


 

Dələduzluğa görə həbs edilmiş “Şakir” MTK rəhbəri Şakir Hüseynov cəzaçəkmə müəssisəsində vəfat etdikdən sonra oğlu eyni əməlləri davam etdirir.

► Ata həbsdə ölür və oğlu…

Bu barədə AzEuroNews.com-a verilən məlumata görə, Tural Şakir oğlu Hüseynov atasının dünyasını dəyişməsindən sonra şirkətin başına keçərək bir mənzili bir neçə nəfərə satmağa başlayıb. 

Tural Hüseynov

Ş.Hüseynov hələ 2007-ci ildə həbs olunub. 2016-cı ildə isə iyulun 7-də 2 saylı cəzaçəkmə müəssisəsində ürək tutmasından vəfat edib.

Məlumatda deyilir ki, oğlu Tural Hüseynov “Şakir” MTK-ya sahiblənərək saxta sənədlərlə bir mənzili bir neçə payçıya satmaqla vətəndaşları aldadıb.

Bir qrup payçının müraciətindən sonra Baş Prokurorluq yanında korrupsiyaya qarşı Baş Mübarizə İdarəsi tərəfindən T.Hüseynova 178.3.2 (dələduzluq) və 308 (vəzifə səlahiyyətini aşma) maddələri ilə cinayət işi açılıb. Lakin hələ həbs olunmayıb.

Müstəntiq Asim Yusubovun icraatında olan işdən əlavə T.Hüseynovla bağlı edilmiş ayrı-ayrı şikayətlər Bakının Nəsimi və Yasamal rayon polis idarələrində araşdırılır.

► Çovdarov işində ifadəsi

T.Hüseynovun adı həbsdə olan MTN generalı Akif Çovdarovun işində keçib. Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə şahid qismində Tural Hüseynov ifadə verib.

T.Hüseynov bildirib ki, “Nizami” metro stansiyasının arxasında yerləşən torpaq sahəsi atası Şakir Hüseynova məxsus olub: “Onu “Real” MTK-ya satmamışıq”.

“Real”ın sahibi İlham Qasımov tikdiyi binalarda eyni mənzilləri bir neçə adama satmaqla dələduzluq etməkdə təqsirləndirilir. O, eləcə də şair Gülağa Tənhanın ( Qəmbərov) 19,5 milyon dollar pulunu mənimsəyib. 

Keçmiş MTN-nin hazırda həbsdə olan generalı Akif Çovdarov

Özü isə Çovdarov işində zərər çəkmiş kimi tanınıb. Lakin onun şirkətinə aid olduğu deyilən ərazinin T.Hüseynov ifadəsində təkzib edərək atasına məxsus olduğunu söyləyib.

► 3 milyonluq iş

Mediada gedən yazılara görə, Ş.Hüseynov sumqayıtlı Arzuman, Nahid və Rəşad adlı dustaqlarla mübahisə zamanı qəflətən ürəyi tutub və həyatını itirib.

Adıçəkilən dustaqların ondan pul tələb etdiyi barədə iddialar səslənir. Ş.Hüseynov ölümündən 1 il qabaq həyat yoldaşını, eyni ildə anasını itirib. Onun iki oğlu var.

Ümumilikdə, “Şakir” MTK  rəhbəri ilə yanaşı qardaşı Vidadi Hüseynov, şirkətin əməkdaşları – İlham Hüseynov, Əşrəf Orucov və Telman Səlimov da 2008-ci ildə həbs ediliblər.

Təqsirləndirilən şəxslər Binəqədi rayonu Rəsulzadə qəsəbəsində və Yasamal rayonu Tbilisi prospektində yaşayış binası tikiblər. Onlar vətəndaşları aldadaraq qəzalı vəziyyətdə olan binalardakı mənzilləri onlara satıblar.

İş üzrə ümumilikdə 125 nəfər zərərçəkmiş tanınıb və vətəndaşlara ümumilikdə 3 milyon 547 manat ziyan dəyib.

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslərin hər birinə 5 il sınaq müddəti olmaqla 10 il 6 ay şərti cəza təyin edilib.

Lakin Şakir Hüseynov birinci məhkəmə instansiyasında zərərçəkmişlərin evlə təmin edilməsi barədə verdiyi sözə əməl etmədiyinə görə, Bakı Apellyasiya Məhkəməsi onu zərərçəkmişlərin şikayəti əsasında həbs edib.

Məhkəmə şərti cəza almış Şakir Hüseynovun barəsində 10 il 6 ay müddətinə hökm elan edib.

Onun Akif Çovdarovla yaxın olması bu gün heç kimə sirr deyil. Akif Çovdarovun dələduzluq əməlləri ilə çoxsaylı tikinti şirkətlərinin rəhbərlərini çökdurməsi bu gün aydın olur.

Tarix: 21-03-2018, 10:40
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}