“Caspian Service” MMC üzləşdiyi haqsızlığa görə Ramiz Rzayevdən kömək istəyir...







Martın 12-də ölkənin tanınmış tikinti şirkəti “Caspian Service” MMC kollektivinin prezident İlham Əliyevə müraciəti saytımızda işıqlandırılıb. Müraciətdə “Aran Qala” MMC-nin təsisçilərinin qanunazidd hərəkətləri nəticəsində tikinti şirkətinə ciddi ziyan dəyməsi, aralarında olan məhkəmə araşdırmasının subyektiv, qərəzli mövqe və vəzifəli şəxslərin təsiri nəticəsində ölkənin Ali Məhkəməsinin mübahisəli qərarlar qəbul etdiyi iddiası barədə məlumat verilmişdi.

Həmin müraciəti bu linkə daxil olmaqla oxumaq olar--- moderator.az/news/216777.html

“Caspian Service” yenidən Moderator.az-a müraciət edib:

"10 illik tarixi olan sənədlərlə tanış olduqda, tikinti şirkətinə qarşı qərəzli münasibəti görməmək mümkün deyil. Hörmətli redaksiya, sizin vasitənizlə qeyri – müəyyən vaxta təyin olunan növbəti məhkəmə prosesindən əvvəl məsələnin mahiyyəti ilə ictimaiyyəti tanış etməyi lazım bilirik.
     
Sənədlərdən aydın olur ki, hələ 2004-cü ildə  “Aran Qala” MMC-nin təsisçisi Hüseynov Əlihüseyn Famil oğlu  Beyləqan rayonunun Allahyarlı kəndində yerləşən kərpic zavodunu “Caspian Service” tikinti şirkətinə təklif edib. Şirkətin rəhbərliyi zavodu yoxlama müddəti üçün idarəetməyə götürmüş və bunun üçün ilkin mərhələdə zavoda 400 000 dollar vəsait xərclənmişdir. Yoxlama müddətində məlum olub ki, zavod rentabelli işləmir və buna görə də Hüseynov Əlihüseynə bildirilib ki, zavoda qoyulmuş investitsiya geri qaytarılsın. Hüseynov pulunun olmadığını deyərək, əvəzində zavodun özünü 1.800 000 dollara “Caspian Service”-ə təklif edib. Tərəflər razılaşıb və “Caspian Service” MMC 1 300 000 dollar ödəməklə zavodu Əlihüseyn Hüseynovun adından çıxararaq Əliyev Allahverən Şükür oğlunun adına sənədləşdirib. 
İlk baxışda hər şeyin qaydasında olduğu görsənsə də, bundan sonrakı proseslər məhkəmə müstəvisinə keçib. Belə ki, Əlihüseyn Hüseynovun Latviyada yaşayan və Latviya vətəndaşı olan qardaşı Əlirza Hüseynov öz qardaşını başqa təsisçilərin olduğunu gizlətdiyinə görə məhkəməyə verib və 17 noyabr 2008-ci ildə Nəsimi rayon məhkəməsində kərpic zavodunun üzərinə həbs qərarı çıxarda bilib. Həbs qərarından sonra zavod məhkəmə icraçılarına “saxlanca” verilir və faktiki olaraq “Caspian Service” MMC və Alahverən Əliyevdən alınır. 
Məhkəmə araşdırması zamanı Əlihüseyn Hüseynovun “Caspian Service”ni və Allahverən Əliyevi aldatdığı məlum olmuş  və xüsusi qərardadla cinayət işi  başlanılmışdır. İstintaq zamanı əlavə olaraq Əlihüseyn Hüseynova Cinayət Məcəlləsinin 320.2 və 213.2.2-ci maddələri ilə də ittiham elan edilmişdir. Bakı Ağır cinayətlər məhkəməsinin 31.10.2012-ci il tarixli hökmü ilə, hakim Azad Məcidov  təqsirkar Əlihüseyn Hüseynova  7 il 6 ay azalıqdan məhrum etmişdir. Düşünmək olardı ki, ədalət yerini tapıb. Bu zaman məhkəmə tarixində görünməyən bir hökm də çıxarılır.  Məhkəmə tərəfindən  “Caspian Service” MMC-ə  1 300 000 ABŞ dollar məbləğində dəyən zərər süni şəkildə  azaldılaraq 437 632 min manata endirilir, 105 032 manat vəsaitin isə dövlət büdcəsinə ödənilməsi qərarı çıxarılır. Ardınca dələduzluğu sübut olunsa da Əlihüseyn Hüseynova 4 il şərti cəza verilir və o azadlıqda qalır. Məhkəmə hökmü ilə “Caspian Servise” MMC-yə və dövlət büdcəsinə ödənməli pullar bu günə kimi Əlihüseyn Hüseynov tərəfindən yerinə yetirilmirsə hansı əsasla onun azadlıqda qalması qərarı çıxarılır?"  

Məcidov Azad Əli Ağa oğlu - Bakı Ağır Cinayətlər Məhkəməsi
 
Redaksiyaya müraciət edən tikinti şirkətinin gətirdiyi dəlillərə görə (hal-hazırda bu işdə məsələnin ən açar hissəsi sayılır) cinayət işinin arasına Əlirza Hüseynovun tərtib etdiyi saxta icarə müqaviləsinin surəti qoyulub. İddiaya görə, “Caspian Service”MMC-nin möhürünün elektron cihazlar vasitəsilə surətini çıxardan Əlirza Hüseynov, şirkətin prezidentinə məxsus olmayan saxta imza ilə istintaq orqanlarına icarə müqaviləsinin surətini təqdim edib:

"Təqdim olunan saxta müqavilədə, səhifələrdəki imza ilə skayner olunmuş möhürlü imzalar arasındakı fərq adi gözlə də görünür. “Caspian Service” MMC-nin sənədin əslini tələb etməsinə baxmayaraq, şirkətin bu tələbi və şikayəti məhkəmə orqanları tərəfindən nəzərə alınmır, hətta rəsmi ekspertizadan keçirilməsinə nə vaxt verilir, nə də şərait yaradılır.  Əsas kimi də məhz əsli olmayan, notariat qaydada təsdiqini tapmayan bir saxta icarə müqaviləsi götürülür. Hansı ki, onun əsli yoxdur və heç zaman da olmayıb. Əslində zavod icarəyə götürülməyib və icarə müqaviləsi olmayıb. Maraq doğuran hallardan biri də odur ki, saxtakarlıq və dələduzluğa görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham olunmuş və cəza verilmiş Əlihüseyn Hüseynovun imzaladığı bu saxta müqavilə  tikinti şirkətinin əlavə pul ödəməsi və ya zavodu qaytarması üçün nədən əsas götürülür? 

1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin hakimi Vüsalə Baxışova 2014-cü ildə baxdığı iş üzrə, “Aran Qala” MMC-nin 2004-2007-ci illərdən, “icarə” münasibətləri bitdikdən sonrakı 10 il üçün icarə haqqının ödənilməsi iddiasını rədd etdiyi haqda qərar çıxarıb. Burda oxucuların diqqətini bir məsələyə cəlb etmək yerinə düşür. Adı çəkilən hakim Vüsalə Baxışova 2017-ci ildə eyni tərəflər və eyni predmet barəsində tamam əks qərar çıxarır. Belə ki, “Aran Qala” MMC-nin 2007- 2017-ci illər ərzində “icarə” müddətindən sonrakı dövr üçün əldən çıxmış fayda qismində ayda 17 000 ABŞ dolları, 10 ildə 2.040.000 ABŞ dolları dəyərində iddianı, həmçinin guya zavodun damının təmirinə sərf edilməsi nəzədə tutulan 450 000 manat vəsaitin “Caspian Service” MMC-dən tutulması iddiasını təmin etmişdir. Ümumiyyətlə, eyni iş haqqında bir dəfə qərar çıxaran hakimin ikinci dəfə tam əks qərar çıxarması yalnız “güclü əlin” təsiri və təzyiqi nəticəsində ola bilər. Bundan əlavə, icarə müddətindən 10 il sonra, icra şöbəsinin sərəncamında olan zavodun damının təmirinə hesablanan 450 000 manat məbləğin hansı əsas və qanunamüvafiq təmin edilməsi absurd olaraq qalır. İddia müddətinin tətbiq edilməsi barədə ərizəni rədd edən hakim, guya tərəflər arasında müqavilə münasibətlərinin olmamasına və buna görə də iddia müddətinin keçmədiyinə istinad etməkdən belə çəkinməmişdir. (qeyd edək ki, həmin məhkəmə prosesindən qısa müddət sonra Vüsalə Baxışova 1 saylı Bakı İnzibati İqtisadi məhkəməsindən Bakı Apellyasiya məhkəməsinə təyin edilmişdir).

Baxışova Vüsalə Ələkbər qızı - Bakı Apellyasiya Məhkəməsi

Ədalət sarayında ədalətsizlik bununla bitməmişdir. Bakı Apellyasiya məhkəməsi, apellyasiya şikayətində vurğulanan iddia müddətinin tətbiqinə dair müddəaya öz qərarında heç bir münasibət bildirməyib. Apellyasiya məhkəməsinin hakimi Vidadi Məmmədovun diqqətinə çatdırılan və təqdim edilən - zavodun 01.12.2008-ci ildən bəri işləməməsinə, Allahverən Şükür oğlu Əliyevin əlindən çıxmasına, Beyləqan rayon icra şöbəsində olmasına, “Caspian Service” MMC-yə heç bir aidiyyatı olmadığına dair Ali Məhkəmənin qüvvədə olan qərarlarına (!) əhəmiyyət belə verilməmişdir. 
Apellyasiya məhkəməsinin qərarından Ali Məhkəməyə şikayət verilib. Martın 14-nə təyin olunmuş məhkəmə prosesinin hakim tərəfindən qeyri-müəyyən müddətə təxirə salınması “Caspian Service” MMC-də yenidən narahatlıq yaradıb. Belə çıxır ki, yenə də hansısa “sehrli qüvvələr” şirkətin haqlı şikayətinə təsir və təzyiq göstərəcək, yenə də qərəzli qərar çıxarılacaq.
Zərərçəkən Əliyev Allahverən Şükür oğlu hökm çıxarılan zaman istifadə edilən müqavilənin saxtalığı barədə yeni açılmış hal kimi Azərbaycan Respublikası Ali Məhkəməsinin plenumuna müraciət etmişdir. Plenum həmin məsələ üzrə Əliyev Allahverən Şükür oğlunun şikayətini təmin etməmişdir. Ali Məhkəmənin hakimi Əziz Seyidov tərəfindən verilən 12(102)-85/2017 saylı 13.09.2017-ci il tarixli qərarda  müqavilənin saxta olduğu barədə yeni açılmış hal üzrə şikayətdən imtina edilmişdir. Halbuki, yuxarıda qeyd edildiyi kimi müqavilə sənədinin və ordakı imzaların saxtalığı açıq- aşkar görünür. Bununla da prosessual hüquq normalarına əməl edilməməsi nəticəsində iş üzrə düzgün olmayan, qanunsuz və əsassız məhkəmə aktı qəbul edilməklə “Caspian Service”MMC-nin təsisçilərindən biri olan Allahverən Əliyevin Konstitusion hüquqları pozulmuşdur.
Hazırda  Allahverən Əliyev Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə müraciət edərək, Ali Məhkəmənin plenum  qərarının ləğv edilməsini xahiş etmişdir. “Caspian Service” MMC-nin kollektivi ümid edir ki, daha səriştəli hakimlərin təmsil olunduğu, ölkə üzrə ən yuxarı məhkəmə instansiyası olan Konstitusiya Məhkəməsində iş öz layiqli və obyektiv həllini tapacaq və  ədalətin kənar instansiyalarda axtarılmasına ehtiyac qalmayacaq.
“Caspian Service” MMC müraciətində xüsusi olaraq vurğulayır ki, bütün bunlar  Əlihüseyn Hüseynov və onun qardaşı Latviya vətəndaşı Əlirza Hüseynovun sayəsində mümkün olur. Belə ki, qardaşlar, özləri də onları himayə edən «güclü bir əl»in olduğunu inkar etmir, əksinə, Beyləqandan Latviyaya qədər qarşılarına çıxan iş adamları, dövlət məmurları və məhkəmə sədrləri ilə söhbətlərində – özlərini güclü göstərmək üçün aşkar surətdə hər iki ölkənin yüksək dairələrində adamlarının olduğunu bildirirlər. Tikinti şirkəti hesab edir ki, Əlirza Hüseynovun Latviya prezidenti Raymond Veyonis ilə dostluğunu qabartması əslində Azərbaycan məhkəmələrinə təsir etmək məqsədi güdür.  

(Şəkildə Əlirza Hüseynov)

“Caspian Service” MMC-nin kollektivi işin qeyri – müəyyən vaxta təxirə salınmasına görə,  şirkətimizin əleyhinə olan qanunsuz və əsassız qətnamənin qüvvədə saxlanılmasından və şikayətimizin təmin edilməməsindən narahatdır. Amma eyni zamanda Ali Məhkəmənin sədri Ramiz Rzayevin peşəkarlığına və ədalətin gec də olsa zəfər çalması üçün uzun illərdən bəri böyük bir kollektivin əsəblərini tarıma çəkən bu çəkişməyə son qoyulması üçün işi şəxsi nəzarətinə götürəcəyinə ümid edirik.
Tarix: 27-03-2018, 23:10
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}