Şeyxin efirdən “vurulması” kimin işidir?
İstifadəsiz torpaqların geri alınması ilə bağlı qərardan sonra Allahşükür Paşazadə təkcə Şabran rayonunda 1800 hektar torpağı geri qaytarıb.

FİA.Az xəbər verir ki, 
bunu İctimai Televiziyanın efirində Azərbaycan Demokrat Partiyasının sədri, prezidentliyə namizəd Sərdar Cəlaloğlu deyib.

Şeyxülislamın biznes fəaliyyətini tənqid edən S.Cəlaloğlu bir neçə gün əvvəl Xaçmazda olduğunu qeyd edib: “Orada mənə bir alma bağı göstərdilər, 100 hektara yaxın ərazi idi. Allahşükür Paşazadəyə məxsusdur. Özü da orada geni dəyişdirilmiş almalar yetişdirir.

İndi mən sual verirəm, bu torpaqlar Bakıda oturan dini quruma rəhbərlik edən bir şəxsin əlinə necə keçib? Necə olur ki, kəndli öz torpağını becərə bilmir, amma kimsə onu öz torpağında nökər kimi işlədir”.

ADP sədrinin Şeyxi efirdən “vurması” böyük səs-küyə səbəb olub. QMİ sədri ilə bağlı tənqidlərə dərhal reaksiyalar gəlib.

Öncə qardaşı Cavanşir Paşazadə Cəlaloğlunun ittihamlarına cavab verib. Deputat ADP sədrini ölkədə nifaq salmaqda günahlandırıb: 

“Sadəcə onu deyə bilərəm ki, bu cür adamlar seçkiqabağı ölkədə mənfi imic formalaşdırmaq istəyirlər. Daxildə nifaq salmağa çalışırlar. Bu cür fikirlərin əsası yoxdur. Boş-boş söhbətlərdir.

Ümumiyyətlə, bu cür insanların fikirlərinə mətbuatda geniş cavab vermək fikrim yoxdur. Belələri nə gəldi danışırlar. 100 hektar, 500 hektar və daha nələr… Bir sözlə, Sərdar Cəlaloğlu həqiqətə uyğun olmayan, əsassız fikirlər danışır”.

Millət vəkili, prezidentliyə namizəd Qüdrət Həsənquliyev də Şeyxin müdafiəsinə qalxıb. Q.Həsənquliyev Şeyxə qarşı ölkədə bəzi qüvvələr və şəxslər tərəfindən gözdənsalma kampaniyası aparıldığını deyib.

“Dünyanın heç bir yerində ölkənin dini liderinə qarşı belə bir hal baş vermir. Əksinə, orada dini liderə böyük hörmət qoyulur, o, bir növ toxunulmaz şəxsə çevrilir. Ancaq çox təəssüflər olsun ki, bizdə Şeyxə qarşı bəziləri tərəfindən gözdənsalma kampaniyası aparılır.

Bu, qətiyyən düzgün deyil və yolverilməzdir. Ən azı 20 Yanvar hadisələri zamanı atdığı cəsarətli addımlara görə hər birimiz Şeyxə borcluyuq…” -deyə, o, sözlərinə əlavə edib.

“Prezidentlə ata-bala kimi söhbət edirik. Hərdən soruşulur ki, haqqımda bəzi məlumatlar yazılır.

Təbii ki, bunların hamısı iftira və yalandır”. Bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə deyib.

“Belə eşitdim ki, deyirlər 150 hektar ərazim var. Bu işdə mənəviyyat qarşısında borcumuz var. Məsələ tək məndən getmir. Əsas məsələ mənəviyyatı ləkəməkdən gedir. Bir daha qeyd edirəm ki, yazılanların hamısı yalan informasiyalardır.

Həmin insan həm də prezident haqqında fikirlər səsləndirib. Onlar ancaq təxribat yaradırlar. Bu şeylərə uymamalı və Azərbaycanda möhkəm olmalıyıq”, – deyə, A.Paşazadə əlavə edib.

Şeyxə qarşı kampaniya iqtidar daxilindəki qruplar tərəfindən aparılır. Bu, ilk belə hücum deyil. Bu günlərdə Şeyxin Karlovı-Varidəki malikanəsinin fotosu yayılmışdı.

Son günlər Bütün Qafqazın Şeyxi hədəfdədir. Öncə Çexiyada biznesinə dair sənədlər (nə qədər dəqiq olduğu bilinmir) paylaşıldı, ardınca, oğlunun birdəfəlik ölkəni tərk etdiyi qeyd edildi. Prosesin bundan sonra da davam edəcəyi gözlənilir.

Hələ bir müddət əvvəl Gəncədə Şeyxin nümayəndəsinə, İmamzadə məscidinin axunduna edilən həmlələr irimiqyaslı planın tərkib hissəsi kimi görünürdü.

FİA.Az xəbər verir ki, zaman-zaman yerindən tərpədilən, ancaq bu azman daşı qaldırmaq gücünə malik olmayan qüvvələrin növbəti cəhdi də uğursuz alınmışdı.

Bu, heç də Qafqazın şeyxi olan Allahşükür Paşazadənin qəhrəman və dissident obrazında təqdim etməyə əsas vermir. Sadəcə, hakimiyyət içindəki dissidentlərdən biri hesab oluna bilər.

Nə də olmasa həm Meydan hərəkatından gəlib, Elçibəy və Heydər Əliyevlə işləyib, böyük siyasi təcrübəyə sahibdir.

Belə olan halda Şeyxin devrilməsi asan əməliyyat deyil. Siyasi iradə, beynəlxalq səviyyədə razılaşma və iqtidar daxilində ən yüksək eşelonda qəti qərar olmalıdır.

Ona görə də Gəncənin icra başçısı Elmar Vəliyevin təmsil olunduğu siyasi klanın İmamzadənin axunduna hücumları ilə Şeyxi qorxutmaq istəkləri bəsit layihə idi.

Fəqət, Şeyxin ətrafındakı halqanın daraldığını da müşahidə etməmək olmur. Qafqaz Müsəlmanları İdarəsinin sədri getdikcə siyasi rıçaqlarını və dayaqlarını itirməkdədir.

Buna tipik misal - qudası Hacı Qalib Salahzadənin deputat seçilməməsini söyləmək olar. Şeyx qudasını deputat seçdirə bilmədi.

Şeyxin qardaşı Cavanşir Paşazadə isə parlamentdə təmsil olunsa da, onu əsas fiqurlardan biri hesab etmək olmaz. C.Paşazadə siyasi dalana dirənilmiş kadrdır və belədə Şeyxin iki əsas adamı vitrindən kənarda saxlanıb.

A.Paşazadə köhnə qvardiyanın namizədi olsa da, ona birmənalı münasibət yoxdur. Yəni, Şeyx heç də arzuolunan persona deyil.

Əksinə, onun qanını içməyə hər zaman hazır qüvvələr var. Bu dolanbacın və mürəkkəb situasiyanın içərisində baş çıxarmağa çalışmış QMİ sədri bu azmış kimi, biznesini qorumağa da müvəffəq olub.

Ancaq insi hakimiyyət daxilində merkantil mübarizənin şiddətlənməsi A.Paşazadənin də işini çətinləşdirib.

Bu dəfə də onu mühafizə edən qruplaşma yoxdur. Əksinə, dişlərini qıcamış müxtəlif tərəflər var və onu bir göz qırpımında hop edib udmağa hazırdırlar.

Məsələn, A.Paşazadənin çadır biznesi, pirlərdən, məscidlərdən yığılan vəsaitləra sahiblənməsi, restoranlarının olması, villalar tikdirməsi, öldürülən kriminal avtoritet Rövşən Lənkəranski ilə əlaqələri və s. məqamlar mediada işıqlandırılıb.

Şeyxin sıxışdırılmasının arxasında dayanan səbəb heç də onun din sahəsindəki passivliyi ilə bağlı deyil.

Daha ciddi səbəb Şeyxülislamın biznes imperiyası və ətrafında formalaşdırdığı gücdür. Hakimiyyət içərisində ona qarşı ciddi rəqiblərin yaranmasına səbəb olub.

Bildirilir ki, Şeyxin ölkə ərazisində böyük biznes şəbəkələrinin olması, Bakıda və cənub bölgəsində böyük vəsaitlərlə ölçülən əmlakının mövcudluğu iqtidardaxili qrupları narazı salır.

Yerli mətbuatda Şeyxin tikinti şirkətlərindən tutmuş, yeyinti, yükdaşıma, ticarət şəbəkəsinə qədər, müxtəlif sahələri əhatə edən biznesinin olması haqda məlumatlar gedib.

Bu məlumatların arasında o da var ki, Şeyx İrandan şüşə məmulatlarının idxalına nəzarət edir. Bundan başqa İrandan əsasən gətirilən xurma və kişmiş məhsullarının da Şeyxə yaxın deputatlardan birinin idarə etdiyi bildirilir.

Əlavə olaraq, ölkə ərazisində bir neçə pirlərin, nəzir qutularının QMİ-nin gəlir mənbələri sırasına daxil olduğu iddialar arasındadır.

QMİ sədrinin ən böyük gəlir sahələrindən biri isə heç şübhəsiz ki, Həcc ziyarəti və il ərzində davam edən ümrə ziyarətləridir.

Şeyx daim hakimiyyətin birinci şəxsi ilə olan münasibətləri səbəbindən özünə qarşı hücumları dəf edə bilib. Şeyxi güclü edən də məhz ölkə başçısına birbaşa çıxışı və yaxşı münasibətlərinin olmasıdır.