Qanuni oğrunun qardaşı məhkəmədə ifadə verdi




“Kimisə döyməyi sifariş eməmişəm, söhbətim olsa gedib özüm həll edə bilərdim”

“Rafət Əlibayramski”nin qardaşı: “Silahım olsa da, adam oğurluğu ilə əlaqəsi yoxdur”

Bakı Ağır Cinayətlər Məhkəməsində Rüfət Əmirov və onunla ittiham olunan Elvin Hüseynov, Rüfət Kərimov, Kamil Əmirov, İsmayıl İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Bizimyol.info xəbər verir ki, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

Rüfət Əmirov kriminal aləmdə Rafət Əlibayramski kimi tanınan qanuni oğru Rafət Əmirovun qardaşıdır. Onlar “Lotu Quli”yə (Nadir Səlifov) yaxın adamlar kimi tanınırlar. Rüfət Əmirov qanunsuz silah saxlama və adam oğurluğu maddələri ilə ittiham verilib.

Daxili İşlər Nazirliyinin yaydığı məlumata əsasən Nəsimi Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsinə Rüfət adlı bir nəfərin üzərində odlu silah gəzdirməsi barədə əməliyyat məlumatı daxil olub. Həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən şəxs – Şirvan şəhər sakini Rüfət Əmirov saxlanılaraq idarəyə gətirilib.

Onun üzərinə baxış keçirilən zaman bir ədəd “Makarov” markalı tapança, həmin silaha məxsus daraq və 7 ədəd patron aşkar olunaraq götürülüb.

Saxlanılan şəxs ifadəsində tapançanı bir neçə il bundan əvvəl Rusiya Federasiyasından aldığını və qaçaqmalçılıq yolu ilə Azərbaycana gətirdiyini bildirib.

R.Əmirovun ətrafında həyata keçirilən əlavə əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, o, Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğuna) maddəsi ilə Binəqədi Rayon Polis İdarəsi tərəfindən də axtarışdadır.
Daha sonra onun barəsində aparılam istintaq dövründə onunla cinayət iştirak etməkdə şübhəli bilinən Elvin Hüseynov, Rüfət Kərimov, Kamil Əmirov, İsmayıl İbrahimov saxlanılıb. Onlara Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu cəhd) maddəsi ilə ittiham verilib.

İttihama münasibət bildirən Rüfət Əmirov özünü təqsirli bilməyib.

O bildirib ki, heç bir hadisədə iştirak etməyib və zərərçəkəni tanımır. Onun sözlərinə görə, silahı olsa da, adam oğurluğu ilə əlaqəsi yoxdur. “Ötən il martın 2-də Azərbaycana gəlmişəm. Ələtdə bezin dolduran yerdə silah tapdım. Silahı qəbristanlıqda gizlətdim. Bir müddət sonra Nəsimi polisi tutdu. Sonra dedilər ki, mən axtarışda olmuşam. Halbuki, mən hadisədən 4 ay qabaq gəlmişəm. Buzovmada yaşamışam. Evimə basqın ediblər, lakin heç nə tapmayıblar. Guya barəmdə axtarış olub. Amma mən həmişə evimdə olmuşam. Burda nə qədər maddə veriblər, hamısı şərdir. Bircə silaha görə özümü təqsirli bilirəm. Qardaşım Rafətin Elvin Günəşovla mübahisə olmayıb. O kimdir ki, mənim qardaşımla söhbəti ola? ”

O əlavə edib ki, ona görə kimisə döydüklərindən xəbəri olmayıb: “Məni tutanda dedilər ki, Elşən adlı birini döydürmüsən. Sonra dedilər sifariş etdirmisən. Mənim kimləsə söhbətim olsa gedib özüm həll edə bilərdim. Heç nədən xəbərim yoxdur, bilmirəm”.

Rəşad VAQİFOĞLU

Tarix: 30-05-2018, 15:59
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}