Motor yağı, bakirəlik və yazar polkovnik-leytenant…


Orta məktəbdə “Fransız dili” dərsliyimizin müəllifləri Oktyabr Əmirbəyov və Çəmən Babaxanovanın bizə ali məktəbdə dərs deyəcəyini biləndə, heyrət eləmişdim. Kitabından öyrəndiyim adamlardan dərs alacaqdım, onların üzünü görüb, səsini, məsləhətini eşidəcəkdim. Onda həm də yaxşı adamlar çox idi. Adama elə gəlirdi ki, yaxşı adamlar həm də yaxşı kitablardır. 

İndi hamı yazır. Yaza bilən də, bilməyən də. Sən də bilmirsən hansı adam necədir? Yəni yaxşı adam hələ də yaxşı kitabdırmı?..

İndi həm də yaza bilənlərin xeylisi, yaza bilməyənlərin yerinə yazmaq məcburiyyətindədir. Mirzədir, ehtiyacı üçün imzasından vaz keçməyə məcburdur.

İndi sanballı bir müəllif qapı-qapı gəzməyə məcburdur bəzən. Kimsə rəhm elədi, ona sponsor oldu deyə. Olmasına olurlar.

Ondan sonra da müəllif yazıq olur. Ağlının məhsulunu yalvara-yalvara çap etdirir ki, oxuyan, maariflənən olsun. Paradoksdur. Nə? Səni, məni maarifləndirmək, bizdən adam düzəltmək üçün, kiminsə alçalması, yalvarması paradoksdur. Adam olmağına oluruq, bəlkə o sponsorlardan biri də elə biz oluruq gələcəkdə, amma yenə də qapıya adamları marifləndirmək üçün gələnlərə, kitab yazanlara, əl yetirəcək qədər qanacaqlı ola bilmirik. Ya da gəlməsinlər deyə, bir sistem qurmağı təklif etmək haqda düşünmürük. Çünki artıq məmuruq və yaxşı bilirik, cahili daha asan idarə eləmək olur. Qayıdaq hamı yazır məsələsinə... yox, hələ qayıtmayaq...

...Bilmirəm, tez eləyin, mənə ulduz verin, polkovnik-leytenant olmaq istəyirəm. Bu dəqiqə verin poqonumu! Yaşım keçibsə də verməlisiniz! Vermirsiniz ki? Onda bizim qələm-klaviaturadan əl çəkin. Şeir yazmayın, şairimiz boldu, zatən millət olaraq axırımıza şeiriyyat, romantika çıxıb. Mahnı da bəstələməyin, dövlət işləri qaldı axı. Ya da eləyin, amma hobbi olaraq. Bunu həyat tərzinə çevirməyin. Yazarlar o yana dursun, şou aləmini də çalxalayırsınız. Hamı sizdən oxumaq istəyir. Biçarə peşəkarlar zülümə qalır. Hər yazana da sponsor olmayın lütfən.

İndi “hamı yazıra”a qayıtmaq olar...

...FHN-in polkovnik-leytenantı olduğu iddia edilən bir zabit də yazıb. Bəlkə də yazmayıb, adına söz çıxarıblar. Ona görə belə deyirəm ki, real olduğunu hələ ağlım idrak eləmək istəmir. Yeri gəlmişkən, kitabın çox “korrekt” adı var:
”Mühərrik yağları konkret maşınlarda tətbiqi. Daxiliyanma mühərrikinin quruluşu, yanma prosesi”. Başlıq uzun olmasına paralel, həm də qrammatik qüsurlu, səhv qurulub, “yağları” yox, “yağlarının” olmalı idi, yəqin ki.

Bilmək olmaz, bəlkə ali məktəblər üçün dərs vəsaitidir. Yaxşı ümiddir, amma bəs hərbi hissədə niyə paylanır ki? Müəllif oxucu auditoriyası olaraq əsgər və zabitləri nəzərdə tuta bilər, amma yenə uyğunsuzluq var. Kitabdan seçmələrin nümunələri ilə tanışlıqdan sonra, adam istəyir bilsin ki, yeni motorla bakirə qızı bənzətməkdə məqsəd nədir? Öyrənmək lazımdır ki, normal qadınla işlənmiş motor arasındakı fərq nədədir? Bir də motor və qadın məsələsinin gedib Məhəmməd peyğəmbərəcən çatması nə hoqqadır? Ümumiyyətlə, belə bir kitabın hərbi hissədə nə işi var axı? Deyirlər, FHN artıq rəsmi araşdırmaya başlayıb. Məsələnin mahiyyətində nə durur, demək çətindir. İndi hərənin əlinin altında bir “arqument sandığı” var. O üzdən bir gün xəbər yayılsa ki, bəs kitabın yazılmasına da, paylanmasına da lap yuxarılardan icazə verilib, hələ nələr üzə çıxacaq, vallah anlayaram.

Bir də o araşdırmanı edən qardaşlardan ricam var. Möhkəm araşdırın, nəticəni mütləq bizə də deyin. Adamın bağrı çatlayar yoxsa. Elə eləyin bağlı sual qalmasın. Məsələn, o kişi necə polkovnik-leytenant olub? Niyə bu qədər “uğurlu” müqayisələr edib? Nə vacib idi kitabı hərbi hissədə paylamaq? Orda nə gəzir? Kimdən icazə alınıb? Hərbi hissə rəhbərliyinin işinə əyani vəsait olaraq hansısa formadasa yarayırmı o tip müqayisələr? Ən başlıcası, sponsoru kim olub müəllifin?..

Bir də ABŞ-dan tutmuş, bizim zabitəcən, kimin nə fırıq işi var, aparıb bir ucunu İslam dininə, peyğəmbərə bağlayırlar. Belə qəribə zamanəyə gəlib çatmışıq. Adamların düşüncələri haça-paçadır. Sən də armud kimi baxırsan hamıya, kal-kal. Bilmirsən güləsən, ağlayasan...

...Özümüzə qalanda, başımıza min iş gəlir, bu da olsun min birinci. Fikir eləməyin, optimist olun. Öz aramızdır kimin bakirəliyi, təzə motoru və peyğəmbəri bir araya gətirəcək qədər geniş fantaziyalı polkovnik-leytenantı var axı?!..

 

Jalə Mütəllimova
Tarix: 1-06-2018, 21:48
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}