Şəhid qızını öldürən iş adamının 17 yaşlı oğlundan – Şikayət



Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən 17 yaşlı Rəhim Rəhimov barəsində olan məhkəmə hökmündən apelyasiya şikayəti verib.

Teleqraf.com xəbər verir ki, Rəhim Rəhimov cəzasının yüngülləşdirilməsini istəyib.

Onun şikayəti araşdırılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilib. İş hakim Əmir Bayramovun icraatına verilib. İlkin baxış iclası iyunun 5-nə təyin edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rəhim Rəhimov 4 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib.

O, həmçinin 3 il müddətinə sürücülük hüququndan məhrum edilib.

Qeyd edək ki, prokuror çıxışında Rəhim Rəhimovun 6 il müddətinə azadlıqdan məhrum edilməsini, həmçinin 4 il müddətinə sürücülük hüququndan məhrum edilməsini təklif etmişdi.

İttihama görə, ötən il noyabrın 8-də Səbail rayonu, Salyan yolu küçəsində Bakı şəhər sakini, 42 yaşlı Könül Əkbərova yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsindən keçmək istəyərkən “Cip Qrand Çeroki” markalı avtomaşınla vurulub və aldığı xəsarətlər nəticəsində hadisə yerində ölüb. Sürücü isə hadisə yerindən qaçıb.

İstintaq zamanı hadisə yerinə və avtomaşına, həmçinin ərazidəki təhlükəsizlik kameralarına baxış keçirilib, fotoşəkillər çəkilərək baxış protokoluna əlavə olunub, məhkəmə-tibb ekspertizası aparılıb.

Pofilaktiki tədbirlər nəticəsində yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Rəhim Rəhimov könüllü olaraq Səbail rayon Polis İdarəsinin 8-ci polis bölməsinə gələrək özünü istintaqa təqdim edib.

Qeyd edək ki, Rəhim Rəhimovun atası Akif Rəhimovun Xırdalan-Xəz Açıq Tipli Səhmdar Cəmiyyətinin direktorlar şurasının sədri olduğu bildirilir.

Könül Əkbərova şəhid Elton Əkbərovun qızıdır.

Tarix: 2-06-2018, 11:27
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}