“Çox böyük qulluq sahibi dedi ki, binanı sökün, yenisini tikin..."


Əsası 1879-cu ildə qoyulan və təxminən 3 ay əvvəl təmir olunan məşhur Sabunçu Dəmiryolu Stansiyası sökülür. Ötən həftənin sonundan vağzalda yerləşən kafe, çayxanalar, aptek və digər obyektlər köçürülüb. Stansiyanın qarşısındakı dəmiryolu xəttinin üstündə tunel tikintisinə başlanılıb. Bir tərəfdən söküntü, digər tərəfdən isə tunel tikintisi yaxınlıqdakı evlərin sakinlərini qorxuya salıb. Onlar günlərin bir günü, xəbərdarlıq edilmədən evlərinin söküləcəyindən narahatdılar.

Virtualaz.org xəbər verir ki, stansiyanın taleyi ilə bağlı müxtəlif versiyalar səslənir. Kimi binanın yerində üçmərtəbəli vağzal tikiləcəyini, kimi də stansiyanın Sabunçu ərazisində başqa bir yerə köçürüləcəyini deyir. Fəhlələr isə bildirir ki, onlara “daşın daş üstündə qalmaması” əmr edilib.“Biz əmr quluyuq, dedilər ki, bir neçə aya stansiyanı söküb qurtarmalısınız. Ona görə də, gecə-gündüz işləyirik”.

Söküntüdən çıxan tullantılar yolun üstünə yığılır, yaxınlıqda gözləyən “bomj”lar zibilliyi eşələyir, dəmir və taxtaları daşıyırlar. Fəhlələrdən biri deyir ki, “bomj”ları uzaqlaşdırmaq üçün pilləkənləri söküblər, amma yenə də qarşılarını ala bilmirlər. Alim deyə çağırılan fəhlə isə söyləyir ki, stansiyanı təmir edənlər arasında olub. “Dedilər ki, təmir hansısa məmurun xoşuna gəlməyib. Buna görə də, stansiya binasının sökülməsini tapşırıb. Stansiyanın qarşısında tunel tikilir. Çünki Bakı kəndlərinə sürət qatarı açılacaq. Yeni stansiya çox gözəl olacaq”. Onun sözlərini digər fəhlə də təsdiqləyir: “Çox böyük qulluq sahibi burdan keçəndə vağzalı görüb, yaman əsəbiləşib. Deyib ki, bu nədir, hər yan çirkin içindədir, binanı sökün, yenisini tikin. Hələ bazarı, yaxınlıqdakı evləri də sökəcəklər. Buralar çox gözəl olacaq”.

Söküntü xəbəri sakinlər üçün də gözlənilməz olub. Dəmiryolu xəttinin qarşısında yaşayan Sənan Məmmədov söyləyir ki, bu ərazi “bomj” və narkotik istifadəçilərinin məskənidir. Üstəlik ətraf həmişə natəmizlik və çirkab yuvası olub. “Hamı bilir ki, narkotik istifadəçiləri gecələr stansiyaya toplaşırdı. Burda pullu ayaqyolu var, neçə dəfə şpris tapılıb. Bakının hər yanından bura “bomj”lar gəlir. Çox vaxt uşaqları tək buraxmaq olmur”, - Sənan deyir.

Digər sakin Yeganə Qasımova isə söyləyir ki, ordan-burdan minlərlə ev söküləcəyi, sakinlərə ya torpaq, ya da kompensasiya veriləcəyini eşidiblər. Amma hələlik gəlib qapını döyən, onlarla maraqlanan yoxdur. “Bu qədər pul töküb təmir eləmişdilər, indi sökürlər. Biz də mat qalmışıq, gecə ilə evimizi söküb, bizi küçədə qoyarlar. Heç kim stansiyanın niyə söküldüyünü bilmir”, - Yeganə deyir.

Sabunçu vağzalı həm də “kasıb kafeləri” ilə tanınırdı. Vağzalın dörd bir yanında, hətta dəmiryolu xətti boyunca hələ də kafelər fəaliyyətdədir. Bu kafelərdən və küçəboyu düzülən kiçik piştaxtalardan çıxan tullantılar küçəyə atılır. Sakinlər onu da deyirlər ki, elə bu zibilliyə görə də burda hər cür insana rast gəlmək mümkündür. “Hamı bilir ki, kafe və kiçik ticarət obyektlərinə kriminal qruplar nəzarət edir. Hətta Sabunçu Rayon İcra Hakimiyyəti də çox müdaxilə edə bilmirdi. İndi stansiyanı sökməklə “yuvaya çöp” soxurlar”, - sakinlərdən biri deyir və əlavə edir ki, yaxın günlərdə Sabunçu vağzalının ətrafının da təmizlənəcəyinə ümid edir.

Ü.Xudiyeva

Tarix: 5-06-2018, 10:26
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}