“SƏN, NƏ İSTƏYİRSƏN, QURBAN MƏMMƏDOV?”!!!


“… SƏNİN HAQQINDA ELƏ DÜŞÜNƏNLƏRİ ACI PEŞİMANÇILIQ GÖZLƏYİR” !!!

Fb-NİN GÜNDƏMİNDƏN

9 il zindan həyatı yaşamış dostum Qurban Məmmədova

A Ç I Q  M Ə K T U B
( Qurban Məmmədov düşməndirmi? )

Əziz dostum Qurban bəy!

İlk öncə sənin Cümhuriyyət bayramını təbrik edirəm. Eyni zamanda, doğum günündə, 2 apreldə balalarınla halal süfrən ətrafında otura bilməyib, ev-eşiyindən didərgin düşdüyün gün – qəzan mübarək. 100 il bundan öncə böyük şəxsiyyət Rəsulzadə və onun silahdaşları da xalqımızın azadlığı uğrunda mübarizə aparırdı, sən də o yolun davamçılarından birisən. Cavan ömrünün 9 ilini tam günahsiz yerə zindanlarda keçirdin. Sən elə savadlı hüquqşunaslardan birisən ki, istəsəydin, bu mübarizəyə qoşulmayıb, bəy balası kimi yaşayardın, övladlarının və nəvələrinin varlığından həzz alardın. Sən isə ən çətin yolu , öz xarakterinə uyğun, ağır mübarizə yolunu seçdin. Sən elə bir axmaq zəmanəyə gəlib çıxmısan ki, təkcə millətin dərisini soyan, say-seçmə oğullarını zindanlara dolduran, xalqın sərvətlərini çapıb-talayan rejimlə yox, həm də bəzi “əqidə dostları”na qarşı mübarizə aparırsan, onlara reallığı başa salmağa çalışırsan. İş elə gətirib ki, sən azadlıq mübarizəsində külüng çalanda tumançaq gəzənlər, burnundan fırtıq axanlar bu gün sənin üstünə ayaq açır, sənə gah “satqın”, gah “agent”, gah da “xəyanətkar” deyə, yaxalarını cırırlar. Bu mənzərə həm də ona görə ağırdır, dözülməzdir ki, millətin azadlığı uğrunda mübarizə aparan bir çox insanlar da səni hamıdan yaxşı tanıdıqları halda, bu rüsvayçı çağırışlara göz yumur, cavab vermir, susmağa üstünlük verirlər…

Sən nə istəyirsən, Qurban bəy? Sən deyirsən ki, ay qardaşlar, ay əzizlərim, 25 illik ağır mübarizə nəticə vermir, tətbiq olunan metodlar özünü doğrultmur (??), şəraitə uyğun yeni üsullar işə salınmalı, şəxsiyyətə pərəstişə isə birdəfəlik son qoyulmalıdır və hamı vahid ideya ətrafinda sıx birləşməlidir. Haqlı olaraq deyirsən ki, mübarizənin dairəsini daha da genişləndirmək bizə hava-su kimi lazımdır, rejimə qarşı aparılan mübarizədə, keçmişindən asılı olmayaraq, bütün sağlam qüvvələrə qucaq açılmalıdır, bununla da milləti parçalamaq yox, birləşdirmək lazımdır…

Yəqin, sən də xatırlayarsan, bu günlərdə biz, bir qrup ziyalı ( R.Qazıyev, R.Tağıyev,S.Əlibəyli və bəndəniz ) Milli Şuraya müraciət etdik, onlarla görüşüb fikir mübadiləsi aparmaq, bütün xalqın birgə mübarizəsi üçün zəruri hesab etdiyimiz təklifləri demək istədik. Onların bizi qəbul etməyə vaxtları olmadı, biz də bundan incimədik, duyğulanmadıq , milli mənafe naminə mətbuat vasitəsi ilə onlara dostcasına müraciət etdik. Gözləmək olardı ki, Milli Şuranın sədri hörmətli Cəmil Həsənli, AXCP-ni sədri hörmətli Əli Kərimli, digər milli şura üzvləri bütün sağlam qüvvələrin mübarizəyə cəlb edilməsi təkliflərimizə hörmətlə qarşılayacaqlar. Əvəzində nə gördük? Sənin ünvanına deyilən aşağılayıcı sözlər sosial şəbəkələrdə bizim də ünvanımıza deyildi, təhqir edildik. Doğrudanmı hörmətli Cəmil bəy, hörmətli Əli bəy fərqində deyillər ki, özlərinin belə ziyanlı sükutları ilə, söyüşbaz tərəfdarlarının “xidməti “ ilə ortaya nəticə qoya bilməyəcəklər, bu rejim bundan sonra da daha 25 il anaımızı ağlar qoyacaqır ? Doğrudanmı, onlar hələ də bilmirlər ki, özlərini tənqiddən kənar hesab etməklə, bütləşdirməklə yox, qonşu ölkələrdə olduğu kimi, bu rejimə qarşı, xalqı səfərbər etməklə müsbət nəticələr əldə edə bilərik? Dostum Qurban bəy ! Bu çətin və şərəfli mübarizədə sənə uğurlar arzulamaqla bərabər, yol verdiyin bəzi səhvlərini də deməyi özümə borc bilirəm…

Sən gözəl bir iş görüb televiziya kanalı açdın, insanları debata çağırırsan, bu çox yaxşıdir. Amma, o heç də yaxşı hal deyil ki, bu gün sən əsas vaxtını daxili çəkişmələrə sərf edirsən, yeri gəldi-gəlmədi ittihamlar səsləndirirsən, keçmiş hadisələri müzakirə etməklə, guya, baş günahkarı axtarırsan. Sən bu işi tarixin ixtiyarına burax, vaxt gələr, milli hakimiyyət qurular, onda belə işlər hüquq müstəvisində həllini tapar. Belə yersiz çəkişmələrlə, nəyisə sübut etməyə çalışmaqla, ziyanlı “razborkalarla” biz bir addım da olsun irəli gedə, hədəfə çata bilmərik. Canlı yayımda deyirsən ki, min dollar belə apardım, belə verdim və s…

Qurban bəy!

Birincisi, bu gün iqtidar təmsilçiləri sərvərlərimizi talayıb milyardları xaricə daşıdıqları bir vaxtda, sən hansısa min dollardan, hesab kitabdan danışırsan. İkincisi, bu talançı iqtidara elə belə sözlər lazım deyimi ? Axı, babalarımız nahaq deməyiblər ki, “ Söz var el içində, söz də var ev içində.” Daha vacib bir məsələ. Birbaşa debatlara başlayanda, Qurban bəy, söz vermişdin ki, ünvanına nə deyilsə, nə ittihamlar səsləndirilsə heç birinə cavab verməyəcəksən, əsas hədəfə çatana qədər seçdiyin mübarizə yolunu qətiyyətlə davam etdirəcəksən. Çoxları kimi mən də buna çox sevindim, düzgün qərar hesab etdim. Amma, sən sözünü tutmadın. Hörmətli Qənimət Zahidə əməkdaşlıq təklifinə aşağılayıcı cavab alandan sonra müvazinətini saxlaya bilmədin, səbrini basa bilmədin, xeyli qəzəbləndin. Müdriklər deyirlər ki, əgər, sən qəzəblisənsə, deməli haqsızsan. Mən sıravi vətəndaş olaraq Qənimət bəyin uzun illər yorulmadan davam etdirdiyi mübarizəsini qiymətləndirməklə bərabər sənin haqqında dediyi əsası olmayan, ədalətsiz fikirləri də qətiyyən bölüşmürəm. Amma, onu da başa düşürəm ki, bu onun şəxsi fikridir və bu fikrə dözümlə yanaşıram, səni də təmkinə çağırıram. O, belə hesab edir ki, sən, mən, bir sözlə, onlarla bir yerdə olmayanların mütləq əksəriyyəti, ya boş-boş danışanlardır, ya da, satqındır, xəyanətkardır, agentdir. Qoy, Qənimət bəy və onun kimi düşünənlər ümumi işə ciddi zərbə vuran belə fikirlərində qalsınlar, barışdırıcı yox, daxili çəkişmələri daha da var gücləri ilə qızışdırsınlar. Sənin ki, indi davam etdirdiyin müqəddəs missiya belə fikirlərdən daha yüksəkdə durur, daha möhtəşəmdir. Nə vaxtsa, inşallah, sağlam qüvvələr çiyin çiyinə mübarizə aparar, onda biz hədəfə daha tez çatarıq və inanıram ki, sənin haqqında elə fikirləşənləri acı peşmançılıq gözləyir.

Hörmətlə:

Mətləb Mütəllimli,

İsitqlalçı millət vəkili

04.06.2018

Tarix: 5-06-2018, 14:46
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}