“Ehtiras deyil, ehtiyatdır igidin yaraşığı” – Deputatdan İlqar Məmmədova cavab...


İlin ilk sürprizi Ilqar Məmmədovdan gəldi. Məşum statusla. Yazıldı, pozuldu, elan olundu, təftiş edildi. Hamı fikir söylədi, müzakirə apardı. Hətta müavini də danışdı, nələrisə malalamağa çalışdı. Bircə bəyin özündən savayı!

Adam gərək duymadı ki, açıqlama verib məsələyə, daha doğrusu bu boyda skandalın yaranma səbəbinə aydınlıq gətirsin. Hərçənd gözləyirdik. Məsələn, mən düşünürdüm saxta profil olar, adından kimsə yazar ya da ən pis halda çıxıb deyər ki, bəli mən idim, amma fikrim düz başa düşülməyib. Lap bədəbəddə: “Səhv etmişəm, insanıq – ruh halımız bəzən emosiyalara qapılmağımıza şərait yaradır, üzərindən yalnış şeylər söyləyirik, ardından peşman oluruq” və s. Yox! Bəydən ümumən xəbər-ətər yoxdur. Sanki belə olmalıymış və olub da. 

İndicə adı üzərindən keçdiyim müavinin - Natiq bəyin siyasi baxışlarını bəyənməsəm də onu Azərbaycan siyasətinin abırlı, mütaliəli və tərbiyəli adamlarından biri hesab edirəm. Çünki “qırmızı xətti” daim  gözləyəndir, irad dinləyəndə də təmkinini itirmir, qarşısındakı insana siyasi mənsubiyyətindən asılı olmayaraq dəyər verməyi bacarır. Fəqət, bir az da ədalətli olsun. Çox yox, bir az. Məsələn,“Yeni Müsavat”a açıqlamasında: “Bu İlqar bəyin şəxsi səhifəsində yazılan sözlərdir, onun öz məsələsidir, Partiya məsələsi deyil” – söyləyib. Oysa, fikirdə yetərincə ziddiyyət var: Necə yəni öz məsələsidir? İlqar Məmmədov axı səhifədəki abzasları, cümlələri çəltik üstündən sərçə qovalayan şəxs kimi yazmır, siyasi Partiya lideri, siyasətçi olaraq yazır. Düzdürmü, deyilmi? Məlum status ailə, dostlar, qonaqlıqlar, əyləncələr, gəzməklər haqda deyil, siyasət haqdadır! Həmin fikirlərdə açıq çağırış, eyham, istehza, dolama var. Polis adına, Azərbaycan xanımı adına, dövlət adına, siyasi təşkilat adına. Düzdürmü, deyilmi?

Mən ağlıma gələni edib, yazıb, paylaşıb deyə bilərəmmi ki, bunun deputat mandatıma nə dəxli var, şəxsi profilimdir, əcəb edirəm? Mən xalqımla bağlı hərdəmxəyal sözlər söyləyib ardınca açıqlama verə bilərəmmi ki, xalqı siyasətçi, deputat olaraq deyil, fərd olaraq, yalnız feysbuk istifadəçisi olaraq təhqir etmişəm? Bəs mənim ictimai, siyasi yüküm? Bəs mənim seçicilər qarşısında öhdəliklərim, statusum? Necə yəni, “cinsi ehtiyacı yüksək olan oğlanlara indidən polisə yazılmağı tövsiyyə edərdim, gözəl qızlara isə tezliklə ölkəni tərk etməyi”?

Hər şeyi qoyuram bir kənara, bu ziyalı sözüdürmü, intellektual sözüdürmü? 

İlqar bəy!

Mən gözləyirdim, sən yeni ilin əvvəlində Qərbin Suriya timsalında müharibələrdən yan keçib, iqtisadi embarqolar dövrünə qədəm qoymasından, Trampın İraqa qəfil səfərinin fəlsəfəsindən, dünya birjalarındakı imitasion qiymət oynamalarından, Putinin səmaya ballastik raket buraxmasından dərhal sonra neftin barrelindəki 5 dollarlıq qalxımın hikmətindən danışasan. Mən gözləyirdim, sən müxtəlif sahələrlə ilgili platforma yazasan, onu elan edəsən, Azərbaycanla bağlı bizim və kimsənin düşünmədiklərini deyəsən, Qarabağın azad olması istiqamətində alternativ paket hazırlayasan, verəsən, müzakirəyə çıxarasan. Yoxsa cinsi ehtiras nə idi, dəxilsiz müqayisələr, məlum aşağılamalar nə idi?

Yoxsa baş tamammı “gedib”? 

Bir neçə məqamı unutma:

Haqqında danışdığın Polisdir – sənin asayişini qoruyan, 24 saat hər birimizin fərd olaraq keşiyində sərasər dayanan, ən xırda çətinliyimizdə, xoşagəlməzliklərdə, təhlükəsizliyimizlə bağlı narahatlıqlarda kömək və yardım üçün gözümüzün axtardığı – Polis! Biz bəyənirik. Sən bəyənmirsən bəyənmə. Şəxsi işindir. Amma təhqir etmək, əsla! Bax bu artıq sənin şəxsi işin deyil!

Azərbaycanda istənilən insan nəinki bu məmləkətin, hətta dünyanın ən gözəl qadını olaraq öz anasını, bacısını, xanımını, qızını bilir. Şərh verib, davamını gətirməyəcəm. Sadəcə dedim, anlatdım, xatırlatdım biləsən. Həm nə dediyini həm də həddini.

Bir siyasətçinin sahib olduğu ən böyük keyfiyyət, üst komponent - məsuliyyətdir. Hər anlamda və hər məkanda. Danışığı, çıxışı anladıq, deyib sonra kontektsdən çıxarıldığını iddia edə bilərsən. Amma yazını 3 dəqiqə yazırsansa 30 dəqiqə redaktə etməlisən. Buna borclusan! Ki, sabah hansısa cümlənin, sözün, hətta hərfin iki başı olmasın, məna aydınlaşsın, min yerə yozulmasın və ani bir “quşlamadan” peydahlanan ən xırda yalnışlıq təpəndə bumeranq effektilə çatlamasın, partlamasın!

Orduxan da yazır, paylaşır, özünü siyasətçi sayır. Yəni, bənzər nümunə də var. Bax onun danışmağına, jarqonlarına, gülməyinə, daha doğrusu hırıldamağına, jestlərinə, gəzişinə, əl-ayaq-ağız büzüşünə, gözlərindəki, səsindəki anlaşılmaz ifadəyə, Allahın verdiyi, amma özünün görmədiyi yazıqlığa, yaranışa. Bəyənərsənmi? İnanmıram. Deyərsən, mən ingilisdilli, rusdilli siyasətçiyəm. O mənim tayım deyil. Amma inan Orduxan da belə yazır, belə təhqir edir, belə danışır. Kustar üsulla. İkrah yaradan, özündən qaçıran, qaş düzəldən yerdə göz çıxaran formada.  

Statusun ən sonunda demisən ki, “Ya da...YAP-ı darmadağın edək”. Eyvah! Nəylə, necə? Hansı resursla? Statusla, söyüşlə yoxsa təhqirlə? Yadıma bir tarixi əhvalat düşdü, qoy danışım. Demək bir gün dünya şöhrətli Çörçilə adı amöbaların belə dəftərində olmayan Tivverson soyadda bir siyasətçi ultimatum göndərir ki, səni növbəti seçkidə darmadağın edəcəm. Mətbuat konfranslarının isə birində jurnalistlər Çörçildən xahiş edir ki, məsələyə münasibət bildirsin. Adam səbrinə və təmkininə sığınıb əhatəli cavab verir: “Evimdəki ağcaqanadların vızıltısı maydan sentyabra qədər məni narahat edir. Düz 5 ay. Dözüləsi deyil. Keçən il bir oteldə qaldım. Orada da ağcaqanadlar vardı. Narahat etdilər məni. Düz 5 gün. Dözüləsi deyil. Ötən ay restoranda bir həmkarımla xeyli oturduq. Düz 5 saat. Yenə ağcaqanadların əhatəsində. Dözüləsi deyil. O gün küçə ilə gedərkən növbəti dəfə ağcaqanadlara rast gəldim. Cəmi 5 saniyəlik. Dözüləsi deyil. Amma cənab Tivverson! Bil ki, sən o son 5 saniyəlik gördüyüm ağcaqanad və onun vızıltısı qədər də deyilsən. Bax o qədər mənasız və əhəmiyyətsizsən. DÖZÜLƏSİSƏN!”

***

Ən sonda Natiq Cəfərliyə üçüncü istinadımı edib, yazımı bitirim. “Yeni Müsavat”ın canlı yayımında bəylə debatımız zamanı söyləmişdim ki, İlqar Məmmədovun süni qəhrəmanlığı onun həbsdə olması ilə bağlıdır. Çıxan kimi bu saxta imic sabun köpüyü effekti verəcək. Adamın üstündə Allah var, Natiq müəllim də səbrlə dinləyib qayıtdı ki, nə deyirəm, fikrinizdə sərbəstsiniz. Qoy İlqar Məmmədov həbsdən çıxsın, dediyiniz reallaşsın, bizim də məlum məntiqlə razılaşmaqdan başqa çarəmiz qalmasın. Amma çıxsın, sonra baxaq, indi özümüzdən ehtimallar irəli sürməyək.

Çıxdı. Və nə yaxşı çıxdı.

Ortadakı sabun köpükləri isə çocukların il uzunu bütün bayramlarda püflədiyindən daha çoxdur.

Elşən Musayev, Milli Məclisin deputatı.

Tarix: 3-01-2019, 21:57
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}