2019-da siftəni korlayan, ölkəni qarışdıran üç deputatın şok
2019 başlayar-başlamaz siftəni korlayan yenə parlament üzvləri oldular. Hökumətin artıq bezar olduğu deputatlarla vidalaşmağına az qalmış, möhürünü “vurdular”

Növbədənkənar parlament seçkiləri olacağı haqda iddialar səsləndiyi ərəfədə, təzə ilə yenə qalmaqalla deputatlar başladılar. Sanki millət vəkilləri əlahiddə missiya götürüblər.

Reportyor.info-nun verdiyi məlumata görə, 2019-cu ilin başlanğıcı Rüfət Quliyev, Əsabil Qasımov və Adil Əliyevlə yadda qaldı.

R.Quliyev “kəndçi niyə super marketə getməlidir” deməsi, Ə.Qasımova məxsus “Karmen” firması un məmulatlarının qiymətini bahalaşdırması, A.Əliyev isə Çexiyadakı biznesinin, əmlakının üzə çıxması ilə hər şeyi üz-gözünə bulaşdırdı.

Hətta deputat A.Əliyevin Çexiyadakı şirkətinin təsisçiliyində Bağdasaryan və Tovmassiyan aslı milliyyətcə erməni olan Rusiya vətəndaşlarının adı keçir.
Kəsəsi, Rüfət Quliyev həmyerlisi Hadı Rəcəblidən geri qalmayaraq, camaatın, kəndlilərin heysiyyatına toxunub, lazımsız ifadələr işlədir, insanları aşağılayır, il başlamamış cəmiyyəti qızışdırır, Əsabil Qasımov prezidentin sosial siyasətinə qarşı gedərək heç bir sahədə bahalaşma olmadığı halda əhalinin gündəlik tələbatı sayılan çörəyin hazırlanmasında istifadə edilən un məmulatlarının qiymətini qaldırır, Adil Əliyev isə haqq-ədalətdən danışarkən, məmurları tənqid edərkən gah Xəzangül Məmmədovaya aid torpaq sahəsini zəbt edərək qaynanasının adına rəsmiləşdirib “Çıraq palaz” adlı şadlıq evi tikdirir, gah ermənilərlə şərikliyi olan şirkəti Çexiyada üzə çıxır.

Bu millət vəkilləri məmurların, hökumətin vəkili olmalı deyil, xalqın, onlara səs verənlərin vəkili olmalıdır. Amma hökumət üzvləri, nazirlər, icra başçıları bir qıraqda qalıb, 2019 gələr-gəlməz ölkəni qarışdıran təyinatlı deputatlardır.

Məsələn, Rüfət Quliyev kəndçini günahkar çıxarır ki, torpağı əkib-becərmir, qonşunun bəhsinə yerini satıb maşın alır. Sonra da qınayır ki, kəndçi marketə gedərmi? Bununla kənd əhlini tənbəl, işləməyən kimi təqdim etməyə çalışır.

Özlüyündə aqrar sektorun inkişafının vacibliyindən danışmaq istəyən deputat yaxşı bilir ki, bu gün kənd camaatı necə əziyyət çəkir, əkdiyi məhsulların çoxu dəyər-dəyməz qiymətinə satılır, bir çoxu zərər edir, əkməyə torpaq qalmayıb, bir çoxu məmurlar tərəfindən zəbt edilib, villalar ucaldılıb, üstəlik fermerə, kəndçiyə şərait yaradılmır, texnika verilmir, gübrəni, azotu pulla alır, subsidiyalar mənimsənilir.

R.Quliyev Lənkəranda çayçılığın necə məhv edildiyini, çay tarlalarının azaldığını da gözəl bilir. Amma Hadı Rəcəbli kimi problemi insanlarda axtarır, kəndliləri tənbəl çıxarır.

İşbazlardan, süni qiymət artımından danışan Rüfət Quliyev çox uzağa getmədən həmkarı Əsabil Qasımovun adını çəkə bilərdi.

Ə.Qasımov ilə “gül” vurmaqla başlayıb. Oliqarx-deputat dövlətin iqtisadi siyasətini saymadan, prezidentin süni qiymətinə artımı ilə bağlı sərt mövqeyinə məhəl qoymadan, əhalinin sosial vəziyyətinin çətinləşməsini fikirləşmədən öz maddi çıxarı naminə un məmulatlarının qiymətini qaldırıb.

Bu, süni artımdır, heç bir iqtisadi əsası yoxdur. Çünki nə yanacaq bahalaşıb, nə Tarif Şurası ictimai nəqliyyatda, kommunal sahələrdə bahalaşma qərarı verib.

Bu halda Ə.Qasımova deputat kimi biznes fəaliyyəti qadağan olunsa belə, sahiblik etdiyi “Karmen” firması unu bahalaşdırır. Deyəsən, Ə.Qasımov unun bahalaşmasına görə bir neçə il qabaq Siyəzən, Füzuli rayonlarında keçirilən aksiyaları unudub.

Deputat hesablamayıb ki, yenidən əhalinin hökumətin üstünə qaldıra bilər, sosial vəziyyəti gərginləşdirməklə ölkədə qarışıqlıq sala bilər. Görünür, Ə.Qasımovun vecinə deyil.

Yeni ilin startında qalmaqalla gündəmə gələn üçüncü deputat isə Adil Əliyevdir. A.Əliyev ittihamlardan, şikayətlərdən yaxasını qurtara bilmir. Bu gedişlə reputasiyası zədələnmiş millət vəkili növbəti parlament seçkilərində mandat qazanmaya bilər.

Onun Çexiya biznesinin açıqlanması seçkiqabağı kifayət qədər ciddi hücum sayıla bilər. A.Əliyevlə hansısa güclərin yola getmədiyi də təxmin etmək olar. Lakin A.Əliyev özü məsələlərin tirajlanmasına əsas yaradır.

Dediyimiz kimi, “Çıraq palace” məsələsi barədə X.Məmmədovadan əlavə, bir müddət əvvəl Qarabağ qazisi, ehtiyatda olan zabit Oruc Məmmədov 40 sot torpağının deputat tərəfindən zəbt edildiyini demişdi. Beləcə, 2019-a üç deputatın qalmaqallı xəbərləri ilə başladıq, Allah axırını xeyir eləsin…
REPORTYOR.info