BAŞ PROKURORLUQ ONUN QANUNSUZ YOLLA ƏLDƏ ETDİYİ PROFESSOR DİPLOMUNU NECƏ ARAŞDIRIR-YENİLƏNİR

 


(Xəbər verildiyi kimi, martın 1-də Mətbuat Şurasında Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradovun şikayəti əsasında müzakirələr aparılıb və "Təzadlar"a qarşı sərt tədbirlərin görülməsi üçün cəhdlər edilib. Aşağıdakı yazını təkrarlamaqla bəzi məsələlərə aydınlıq gətirməyə çalışacağıq)
25.01.2019
Asif Mərzili: «Bilirik ki, rektor Ədalət Muradovla bağlı ötən ilin yazında Baş Prokurorluğa göndərdiyimiz rəsmi məktuba əlavə olunmuş sənədlər araşdırılır…»
İctimanezaret.com saytının elektron poçtuna daxil olmuş bir oxucu məktubu diqqətimizi çəkdi. Məktubun müəllifi Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimi olan şəxs tərəfindən yazılmışdır. «Hörmətli sayt rəhbərliyi! Bildiyim qədər siz İctimai Nəzarət Koalisiyasının rəsmi saytısınız. Təşkilatınızın fəaliyyətini izləyirik və ürəkdən bəyənirik. Odur ki, ictimai nəzarətin vacib mövzularından biri də təhsil sistemimizdəki nöqsanlara qarşı mübarizədir. ADİU rektoru Ədalət Muradovla bağlı «Təzadlar» qəzetinin 17.0/7./2018-ci il tarixli sayında «Ədalət Muradovla bağlı Baş Prokurorluğa müraciət edildi» başlıqlı məqalə dərc olunmuşdur. Söhbət rektorun doktorluq və professor diplomlarının qanunsuz əsaslarla əldə edilməsindən gedir. Lakin sonradan Baş Prokurorluğun bu müraciətlə bağlı cavabını, yaxud hansı tədbirlər gördüyünün şahidi olmadıq. Müraciət müəllifi olan «Təzadlar» qəzetinə bir neçə dəfə şərh yazsaq da, yekun nəticə olub-olmadığını bildirmədilər. Bəlkə siz bu məsələni araşdırasınız. Həmin müraciətin mətnini də sizə göndəririk».

«Bilirik ki, rektor Ədalət Muradovla bağlı ötən ilin yazında Baş Prokurorluğa göndərdiyimiz rəsmi məktuba əlavə olunmuş sənədlər araşdırılır…»

Oxucunun müraciətinə hörmətlə yanaşaraq qeyd olunanlara aydınlıq gətirilməsi üçün Baş Prokurorluğun Mətbuat Xidmətinə bir neçə dəfə zəng vursaq da, məsul şəxslərdən kiminləsə danışa bilmədik. Çalışacağıq ki, bu və ya digər suallara aydınlıq gətirək.
Məsələ ilə bağlı həm də «Təzadlar» qəzeti redaksiyası ilə əlaqə saxladıq. Qəzetin şöbə müdiri Elçin Məmmədli bildirdi ki, «Bu məsələnin Baş Prokurorluqda araşdırılmasından xəbərdardır, lakin hələki araşdırmanın nəticənin nə yerdə olduğunu dəqiq bilmirəm. Bu yaxınlarda isə Ədalət Muradovun Mətbuat Şurasına şikayət etdiyi barədə KİV-də məlumat yayıldı. Nədənsə, bu mövzuda rektordan yazmaq bərk narahatlıq yaradıb, hətta redaksiyaya təzyiqlərin olduğunu da bilirəm. Yaxşı olar ki, suallarınıza baş redaktor özü cavab versin, o, işin içindədir».
Asif Mərzili ilə də telefon əlaqəsi saxladıq, onun cavabı isə maraqlı idi: «Məsələ çox mürəkkəbdir. Hər dəfə bu mövzunu qaldıranda Ədalət Muradovun adamları ya saytlarda, ya da digər müstəvidə bizə təzyiqlər edirlər… Mən də çox istərdim ki, İctimai Nəzarət Koalisiyası bu problemi dərindən araşdırsın. Axı necə ola bilər ki, Prezident sərəncamı ilə rektor təyin edilən şəxsin sənədlərində qanunsuz mənbələr əlavə edilsin, yalnış məlumatlar daxil olunsun? Biz də bu məsələni qanuni əsaslarla, yəni sorğu göndərməklə araşdırmaq istəmişik, indii bizi qərəzçilikdə günahlandırırlar. Bəli, bu məsələ ilə bağlı təxminən bir ilə yaxındır Baş Prokurorluğa sənədlər göndərmişik, hələki rəsmi cavab yoxdur, ona görə də hansı tədbir görülüb, yaxud görülməkdədir, heç nə deyə bilmirəm. Onu bilirik ki, rektor Ədalət Muradovla bağlı ötən ilin yazında Baş Prokurorluğa göndərdiyimiz rəsmi məktuba əlavə olunmuş sənədlər araşdırılır. Qarşı tərəfin ciddi narahatlığından isə hiss olunur ki, məsələ ciddidir, narahatlığa da əsaslar vardır…».
«Təzadlar» qəzeti ötən ilin iyulunda yazmışdır ki, redaksiya daxil olmuş məlumat və şikayət əsasında, aparılmış jurnalist araşdırması nəticəsində Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Cəlal oğlu Muradovun professor diplomunun qanusuz əsaslarla əldə etməsini müəyyən etmişdir. Araşdırılıb tədbir görülməsi üçün sənədlər Baş Prokurorluğa göndərilmişdir. Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin rəis müavini, kiçik ədliyyə müşaviri Valeh Ələkbərovun (sonralar isə eyni cavabı idarənin rəisi yazmışdır) 04.07.2018-ci il tarixli №-18-0090-01-01-045915 saylı cavab məktubundan görünür ki, həmin sənədlər Prezident yanında AAK-a göndərilmişdir. Hansı ki, məlum, mübahisələndirilən professor diplomunu həmin AAK vermişdir. Bundan sonra redaksiya təkrarən Baş Prokuror Zakir Qaralova müraciət etmişdir. Müraciətdə isə deyilir:
«Çox hörmətli Zakir müəllim!
Redaksiya ADİU rektoru Ədalət Muradovun professor diplomu ilə bağlı toplanmış sənəd və digər maddi-prosessual sübutları araşdırılması və fakt üzrə cinayət işi başlanılması üçün Baş Prokurorluğa göndərmişdir. Biz Sizdən Azərbaycan CPM-nin tələblərini nəzərə alaraq fakt üzrə cinayət işinin başlanılması, istintaq hərəkətlərinin aparılmasını xahiş etmişdik. Lakin Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin rəis müavini, kiçik ədliyyə müşaviri Valeh Ələkbərovun 04.07.2018-ci il tarixli №-18-0090-01-01-045915 saylı cavab məktubundan məlum olur ki, araşdırılıb rektor Ədalət Muradova və digər məsul şəxslərə qarşı cinayət işi başlanılması üçün redaksiyadan göndərilmiş mühüm sənədlər və maddi sübutlar bu qanunsuz professor diplomunu vermiş Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasına göndərib. Doğrudanmı cənab Valeh Ələkbərov inanır ki, saxta sənədi verən AAK rəhbərliyi bu məsələni araşdırıb özünə qarşı ciddi və qanuni tədbirlər görəcək?!».

Müraciətdə daha sonra deyilir: 
«Diqqətinizə onu da çatdırırıq ki, rəsmi sənədlərlə təsdiq edilmişdir ki, ADİU-nun rektoru Ədalət Muradov 1998-ci ildə Ukraynada doktorluq elmi işini müdafiə etsə də, doktorluq diplomu 16 il sonra- 26.12.2014-cü ildə Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyasında tanınmışdır. Dəhşətlisi budur ki, bundan bir ay əvvəl- 21.11.2014-cü ildə isə Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyasında ona professor diplomu verilmişdir. Bu isə Azərbaycan Prezidenti yanında AAK-ın Prezident tərəfindən təsdiq olunmuş «Əsasnamə»sinin tələblərinə ziddir, sənəd saxtalaşdırma cinayətinin tərkib hissəsini yaradır. Belə ki, Ə.Muradov məhz qanunsuz və əsassız olaraq professor diplomu əldə edəndən əvvəl Prezident cənab İlham Əliyevin sərəncamı ilə ADİU-ya rektor təyin olunmuşdur. Bu da prezidenti aldatmaqdır... Hansı cəsarətlə??? Halbuki bu zaman Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 21 fevral tarixli 857 nömrəli Fərmanı ilə təsdiq olunmuş «Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası haqqında Əsasnamə»nin və eyni tarixli Fərmanla təsdiq olunmuş «Elmi dərəcələrin və elmi adların verilməsi qaydaları haqqında Əsasnamə»nin (VII. Nostrifikasiya və təkrar attestasiya) 49, 50, 51, 52 və 53-cü maddələrinin tələbləri kobud surətdə pozulmuşdur. Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası haqqında «Əsasnamə»nin və «Elmi dərəcələrin və elmi adların verilməsi qaydaları haqqında» «Əsasnamə»nin tələblərinə görə isə, Ədalət Muradov əvvəlcə Ukraynada 1998-ci ildə müdafiə etdiyi doktorluq işi əsasında aldığı elmi dərəcə diplomunu AAK-da tanıtmalı idi, sonra isə ona professor diplomu verilə bilərdi.
Bundan başqa, Ədalət Muradov 2014-cü ilin noyabrın 21-də qanunsuz yolla professor diplomu alsa da, o, hələ 1999-cu ildən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında professor vəzifəsində çalışmışdır, “Makroiqtisadiyyat”, “İqtisadiyyatın dövlət tənzimlənməsi”, “Azərbaycanın iqtisadi siyasəti” fənlərini tədris etməklə yüksək məbləğdə maaş almışdır. 15 il ərzində Azərbaycanın AAK-ı tərəfindən professor diplomu tanınmamış bir şəxs dövlət büdcəsindən külli miqdarda maaşı necə almışdır? Bu qeyd edilən məlumatlar AAK-ın və ADİU-nun rəsmi saytlarında öz əksini tapmışdır. Belə ki, ADİU-nun rəsmi saytının məlumatlarına görə, Ə.Muradov 2011-2014-cü illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında İqtisadiyyat (İqtisadiyyat və Hüquq) üzrə Ekspert Şurasının Sədr müavini olmuşdur. AAK-ın Rəyasət Heyətinin 21 noyabr 2014-cü il tarixli qərarı və 14RH saylı protokolu ilə 8 nəfərə, bu sırada Ədalət Muradova professor adı verilmişdirsə, o, bundan 3 il əvvəl AAK-da necə İqtisadiyyat (İqtisadiyyat və Hüquq) üzrə Ekspert Şurasının Sədr müavini işləmişdir? Axı, qaydalara və AAK-ın “Əsasnaməsi»nə görə, Ekspert Şurasının Sədri və sədrin müavini vəzifəsinə (eləcə də EŞ-in digər üzvləri) yalnız və yalnız elmlər doktoru-professor olanlar təyin edilə bilərlər. Ədalət Muradov isə 1998-ci ildə Ukraynada müdafiə etdiyi doktorluq diplomunu yalnız 2014-cü ilin dekabr ayında AAK-da tanıtmışdır və bundan bir ay əvvəl qanunsuz olaraq professor diplomunu almışdır.
Yuxarıda qeyd edilənləri nəzərə alaraq, ADİU rektoru Ədalət Muradovun qanunsuz yolla əldə etdiyi professor diplomu ilə bağlı araşdırma aparılması üçün redaksiyadan Baş Prokurorluğa göndərilmiş sənədlərin və iş üzrə vacib xüsusatların Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırılmasına göstəriş verməyinizi xahiş edirik».

İctimainezaret.com olaraq bu məsələni fərqli istiqamətdən araşdırmaq qərarına gəldik. Əlavə məlumat veriləcək.
Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.
İNK-nin mətbuat xidməti
Tarix: 6-03-2019, 09:30
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}