“Siz defisit görmədiniz, ay bala”


Biz yaşda olan adamlar söhbətə “indiki gənclər bilməz” deyə başlayanda gənclər sözümüzü qəribçiliyə salırlar. Necə ki, biz də gənc olanda bizdən yaşlılar müharibə dövrünün çətinliklərindən, müharibədən sonrakı dövrün aclığından danışanda onların sözünü o qədər də ciddiyə almırdıq.

Təxəyyülümüz, erudisiyamız, informasiya bazamız onların dediklərinin tam mənzərəsini olduğu kimi qavramağa imkan vermirdi, düşünürdük ki, nə aclıq, nə kasıblıq, hamısı, maşallah, turp kimidir, amma bizə təbliğat gəlirlər.

Amma dünən əyani şəkildə sübut olundu ki, nəsillərarası anlaşılmazlıq obyektiv və zəruri hadisədir. Qaçılmazdır.

Deməli, oturmuşuq redaksiyada, işləyirik. Qəfildən 23 yaşlı gənc həmkarımız dönüb soruşdu: “Defisit nə deməkdir? Burada Zahid bəyin yazısında keçir”.

Əvvəlcə elə bildim ki, gənc həmkarım “defisit”i yox, başqa bir iqtisadi termini soruşur. Sonra mat qaldım ki, o, bu qədər populyar, kütləvi şəkildə işlədilən sözün mənasını necə bilməz. Daha sonra məsələnin məğzi özümə əyan oldu. Axı bu “defisit” kəlməsi bizim dövrlərin populyar kəlməsiydi, indi o söz leksikondan çıxmaq üzrədir:

Bəli, o zamanlar biz hər gün hər yerdə eşidirdik: “Bu defisit maldır, xaricdən gətiriblər”; “İndi yağ defisitdir, gərək gedib Qafandan alasan”; “Bizim bir tanış var, onda yaxşı defisit mallar olur”; “Çox da baha deyil axı, defisit şeyi ikiqat qiymətə verərlər dəə”; “Kibrit nədir ki, a kişi, o da defisit olub” və sair və ilaxır. Yüzlərlə bu kimi cümlə. Xabaravoskdan ta xaraba Eçmiədzinə qədər, hər yerdə.

Bunu əvvəllər çox yazmışam, təfərrüatı ilə təkrar etmək istəmirəm, amma biz nə defisitlər görə-görə gəldik. Babat kostyum, ayaqqabı, palto, köynək almaqdan ötrü moskvalara, leninqradlara gedən dost-tanışa bir ətək pul verib xahişlər etdiyimiz oldu... Buradakı alverçilərdən 15 manatlıq köynəyi 70 manata aldığımız oldu. İndi 25-30 manata hər yerdə tapılan adi ayaqqabıları 90 manata götürdüyümüz oldu - bir ölçü kiçik olsa da...

Nəysə... İndiki gənclər defisit nədir, qıtlıq nədir, adi şeylərin qəhətə çıxması nədir, bilməzlər. Allah eləsin, bilməsinlər də (o vaxtkı ağsaqqalar da bizə “siz müharibə görmədiniz, ay bala” deyərdilər, bir də gözümüzü açdıq ki, müharibənin düz ortasındayıq).

İndiki gənclərin geyim, qida sarıdan problemləri yoxdur, dükan-bazar hər şeylə 1001 cür libasla, ərzaq malları ilə doludur.

Ancaq indiki gənclərin də başqa problemləri var. Məsələn, işsizlik. İndi onları işə götürəndə bir neçə xarici dil bilmələrini, kompüterdən baş çıxarmalarını, 25-30 yaşlarında, üstəlik, yaraşıqlı və gözəl olmalarını tələb edirlər. Bu komponentlərin bir adamda cəmləşməsi (təkcə 3 dili mükəmməl bilmək) isə mümkünsüzdür.

İndiki gənclər “defisit”in nə olduğunu bilmirlər, amma “kredit”in nə olduğunu əla bilirlər. Çünki hamısının krediti var. Kredit götürüb toy edirlər, kredit götürüb cehiz alırlar. Bəzi həvəskar gənclər avtomobili kreditlə alır, borcu verib qurtarmamış, xurd-xəşil edib cərimə ödəyirilər - onu da başqa bankdan götürürlər.

İndi bank da, pul da, mol da, mal da defisit deyil, boldur, sadəcə, indi inflyasiya, devalvasiya deyilən terminlər var və gənclər onların nə olduğunu, hansı məna daşıdığını anlayırlar.

Məsələn, 4 il öncə jurnalistlər də o sözü gah “devalivasiya”, gah “devolivasiya” yazırdılar, təzə söz idi, düzgün yazılışını bilmirdilər, amma indi hamısı dəqiq bilir ki, sözün düzgün yazılışı “devalvasiya”dır.

Yaşlı adamların çoxu bilməz, indi dəbdə olan terminlər başqadır: “İnboks”, “mesencer”, “skrinşot”, “link atmaq” “mahnı endirmək”, “video yükləmək”, “selfi”, “instaqram”, “votsap” və sair və ilaxır. Bu kimi yüzlərlə kəlmə var ki, sovet dövrünün defisiti zamanı yaşayan adamlar onları o vaxt eşitsəydilər, elə bilərdilər, uşaqlar başqa dildə danışır.

O vaxtlar içində “defisit” kəlməsi keçən bir ifadə də vardı  - SPİD (Sindrom Priobretennoqo İmmunoqo Defisita - Qazanılmış İmmun Çatışmazlığı Sindromu - QİÇS). Bax, ən qorxulu defisit o idi.

Samir SARI
Tarix: 8-03-2019, 08:45
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}