Buzovnada deputat Ziyad Səmədzadənin qonşularının su dərdi “GECƏ İLƏ ONUN EVİNƏ ÇƏKDİLƏR, BİZ QALDIQ...


Bakının Buzovna qəsəbəsinin sakinləri susuzluqdan şikayətlənir. Əhali istifadə etmək üçün maşınla su alır, aylarla iylənmiş quyu suyunu içmək məcburiyyətində qalır. Qəsəbədə sakinlərinin bir hissəsi həyətində su quyusu qazdırsa da, o da texniki sudur, heç avtomobil yumağa da yaramır.

Bu şikayətlə virtualaz.org-a Buzovna sakini Gülarə Məmmədova müraciət edib. Şikayətçi deyir ki, digər qonşu qəsəbələrə çoxdan su çəkilib, amma Buzovnanın bir çox küçələri hələ də susuzdur.


“Buzovnanın əsas küçələrindən birində yaşayırıq, amma hələ də küçəmizin adı yoxdur, 333/1 adlanır. Yeni il ərəfəsində bizim bu küçəni qazmağa başladılar və iri, magistral su boruları basdırdılar. Sevindik ki, nəhayət, Buzovnaya da su veriləcək. Amma sevincimiz gözümüzdə qaldı, su xətti küçənin yarısına qədər çəkildi...”, - şikayətçi deyir.

G.Məmmədova bildirir ki, sakinlər arasında dolaşan şaiyələrə görə həmin su kəmərini hansısa nüfuzlu məmurun qohumuna görə çəkiblər.

G. Məmmədovanın sözlərinə görə, onun da digər qonşular kimi yaşadığı evin 150 metrliyindən keçən su borusuna həsrətlə baxmaqdan başqa əlindən bir iş gəlmir. Amma onlardan fərqli olaraq, məhəllədə yaşayan deputat Ziyad Səmədzadə borudan gecə ikən "xəlvətcə" həyətinə su çəkdirib.

“Millət vəkili Ziyad Səmədzadə ilə eyni məhəllədə yaşayırıq. Deputat 1-2 həftə əvvəl gecə ikən xəlvətcə həmin borudan həyətinə su çəkdirdi. “Azərsu”nun maşınları, fəhlələri gəlib yeri qazdılar, səhər də çıxıb getdilər. İşin gecə görülməsinə görə xəlvət olduğunu fikirləşirəm”, - G. Məmmədova qeyd edir.

Şikayətçi deyir ki, hələ sovet dövründən bu qəsəbədə su problem olub. Yaxınlıqda xəstəxana, internat məktəbi yerləşsə də, onlar da texniki sudan istifadə ediblər. Amma buna baxmayaraq, qonşu qəsəbələrə, Şağana, Zuğulbaya su çəkilib. Su olmadığına görə, əhali həm də kanalizasiyasız qalıb. Hamı həyətində şambo qazdırır, hər ay kanalizasiya sularını daşımaq üçün əlavə pul xərcləyir. Su və kanalizasiya xəttinin çəkilməsi üçün dəfələrlə müraciət olunsa da, tədbir görülmür.

“Azərsu” ASC-yə dəfələrlə müraciət eləmişəm. Qaynar xəttə zəng edən kimi səsimdən tanıyırlar. Deyirlər, sərəncam verilib, su xətti çəkiləcək. Hələlik isə pul yoxdur”, - G. Məmmədova deyir.

Problemlə bağlı “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı virtualaz.org-a bildirdi ki, Buzovna qəsəbəsində su çəkilişi plana uyğun olaraq mərhələli şəkildə həyata keçirilir. Layihə harada bitirsə, su həmin ünvana qədər çəkilir: “Məsələn, layihədə 5 km su xəttinin çəkilişi nəzərdə tutulub. Həmin su xəttinin çəkilişi layihədə göstərilən yerdə bitir. O demək deyil ki, orada kimsə yaşayır, ona görə su çəkilir. Layihədə kimin yaşaması, kimin qohumunun yaşaması nəzərə alınmır. Buzovna qəsəbəsinin bəzi küçələrində, o cümlədən, Seryogin, Dənizkənarı küçələrində layihələrimiz artıq həyata keçirilib”.

“Azərsu” rəsmisi qeyd etdi ki, investisiya ayrıldıqca Buzovnanın digər küçələrinə də su çəkiləcək.

“Mən indi Mirmöhsün Ağa pirinin yaxınlığından gəlirəm. Oradan Şüvəlan qəsəbəsinə 10 km uzunluğunda su xətti çəkilib. Həmin xəttin keçəcəyi ərazidə kim varsa, onlar su alacaq, olmayanlar almayacaq. Bu sakinin də evi su verilən əraziyə düşməyib deyə başlayıb şikayət eləməyə. Sizcə, magistral kəməri kiminsə qohumuna görə çəkərlər?”, - deyə A. Cəbrayıllı bildirib.

Tarix: 12-03-2019, 21:19
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}