Millət vəkili millətindən firavan yaşayan ölkə: “fevral inqilabı”na sözardı...

 Ötən ilin mayından Milli Məclisin spikeri 2475 manat, sədrin I müavini 2227 manat, komitə sədri 1980 manat, sıravi deputat isə 1732 manat maaş alır. Əhsən, lakin bir dəqiqə!!!
Milli Məclisin deputatları deputatlıq səlahiyyətlərinin yerinə yetirilməsi ilə əlaqədar xərclərin ödənilməsi üçün vəzifə maaşlarının 50 faizi məbləğində vergilərdən azad olunan aylıq pul təminatı alırlar.
Bu məbləğ də nəzərə alınarsa, parlamentin sədri 3 min 712 manat 50 qəpik, sədrin I müavini 3 min 340 manat 50 qəpik, sədrinin müavini 3 min 154 manat 50 qəpik, komitə sədri 2 min 970 manat, komitə sədrinin müavini 2 min 784 manat, sıravi deputat isə 2 min 598 manat maaş alacaq. Eşq olsun!
Anaxeber.info Azərbaycanda “fevral inqilabı” adlanan son sosialyönümlü islahatları nəzərə alaraq diqqət çəkir ki, sıravi deputatın aldığı məvacib belə artımla birlikdə dövlət qulluqçularının maaşından qat-qat yüksəkdir.
Hazırda hansı həkim, müəllim, hansı sıravi bank əməkdaşı, polis işçisi, hansı hərbçi, hansı və hansı neftçi, mühəndis ayda sıravi deputatın 2 min 598 manatını alır? Məşhur filmdə mərhum Siyavuş Aslanın dediyi kimi - “Sən allah, məni güc gülmük tutur...”
İl 1905. Şendrikov qardaşlarının liderliyi ilə başlanmış fəhlə hərəkatı, tətillər günlərlə davam edən dirənişin nəticəsində zəfər çalır.
Müasir, müstəqil Azərbaycanda bu gün olmayan hüquqları fəhlələr çar Rusiyasından qoparmağa nail olurlar: 8 saatlıq iş rejimi, əmək müqaviləsi, maaş artımı və s.
Di gəl, parlamentdə mürtəce, absurd təklifləri ilə yadda qalan, hər ay sosial şəbəkələrdə söyülməsə sakitləşməyən deputat Hadı Rəcəbli hesab edir ki, nə uşaq pulu lazımdır, nə maaş artımı. Ona görə vətəndaş əziyyət çəkməli, iki yerdə işləməlidir.
Hərgah, iki yerdə işləsə belə sıravi azərbaycanlı nə Şendrikov qardaşlarının “Mazut konstitutsiyası”ndakı haqlara sahiblənə biləcək, nə də H.Rəcəbli kimi ayda 2 min 598 manat maaş alacaq.
Neft ölkəsinin pozuq düşüncələri ilə çıxış edən deputatı H.Rəcəbli isə fikirləşir ki, bir ailənin iki üzvü iki yerdə işləsə, aylıq 180 manat qazancla dolanmaq olar.
Amma özünə hazırkı deputat maaşının yetmədiyini söyləyir. Halbuki, Lənkəranda “Palıdlı sahil”, “Mayak” kimi restoranları var. Əslində, H.Rəcəbli özü də yalan danışdığını yaxşı bilir.
Sadəcə, son islahatlara, minimum əmək haqqının 50 manat artımına baxmayaraq, yenə də parlament üzvləri ilə adi adamların gəlirləri tərs mütənasibdir.
Axı bir ailənin iki üzvü 2 yerdə işləmir. İşləsə belə, o qədər maaş almır. Alsa belə, üst-üstə 720 manat edir. Bu pulla günümüzün reallığı uyğun gəlmir.
İstehlak səbəti, gündəlik qida bazası, tələbatlar, xərclər və ən əsası artımdan sonra qaçılmaz olan inflyasiyanın gələcəyini nəzərə alsaq, hökumətin sosial-iqtisadi siyasətində status-kvo dəyişməyib.
Bir ölkədə millət vəkili millətindən firavan, üstün yaşayırsa, özünə gün ağlayırsa, öz xalqına verilən maaşı da çox görürsə, iki yerdə işləməyi rəva bilirsə, belə parlament, belə deputat olmaz olsun!
Anaxeber.info yazır ki, Qərbi Avropa, Cənub-Şərqi Asiya, eləcə də qonşu ölkələrdə deputatlar biznesmenə, oliqarxa çevrilməyiblər. Onlar üçün xalqına xidmət anlayışı var.
Hökumət isə H.Rəcəbli kimi deputatları xalqın başına qaxınc edib, minnətçi çıxarıb, maaşlarını artırmaqla millətin yox, iqtidarın vəkillərinə çevirib. Lakin deputatın maaşı ilə sıravi seçicisinin aldığı məbləğ arasında bu qədər uçurum olmalı deyil. Ya vətəndaşın rifah səviyyəsi öz deputatına çatmalıdır, ya da parlament üzvü seçicidən fərqlənməməlidir.
İndiki halda deputat hansı sifətlə seçicinin qarşısına çıxıb, əgər çıxırsa, ölkədə islahatdan, inkişafdan danışa bilər?!
Hakimiyyət bu parlamentlə tezliklə vidalaşmaq istəyində görünür. Növbədənkənar parlament seçkilərinin gündəmə gəlməsi də məhz bu niyyətdən doğur. Payızda yeni seçkilər olacağı istisna deyil.
Bu haqda dəfələrlə yazmışıq, proqnozlarımız təsdiqlənir. Bir neçə ay əvvəl iqtidar içində Qərbpərəst qüvvələrin həm regiondakı prosesləri nəzərə alaraq bu addımın atılmasını, həm də müstəqilliyin ən etimadsız, bərbad heyəti olan parlamentdən qurtulmağı təklif etdiklərini yazmışdıq.
Gürcüstanda və Ermənistanda baş verən hadisələr, demokratik dəyişikliklər Azərbaycana təsirsiz ötüşmür. Odur ki, hakimiyyətin içində Qərbmeyilli məmurlar erkən seçkiyə gedərək parlamentin tərkibinin yenilənməsi, daha fərqli, Qərb dünyasının qəbul edəcəyi MM formalaşdırılmasının tərəfindədir.
Çünki Cənubi Qafqazın iki ölkəsindəki siyasi dəyişikliklərdən sonra Qərb baş verənlərin demokratiyanın inkişafı kimi qiymətləndirərək dəstəkləyir. Bu halda isə Azərbaycana tənqidlər tuşlanır.
İkincisi, Milli Məclisdə bir xeyli deputat oturub ki, onları parlament maraqlandırmır və spiker hər dəfə irad tutur, vaxtında gəlməyi, vaxtında getməyi tələb edir. Yəni, uşaq bağçasına çevrilməkdədir.
Yerdə qalan aktiv millət vəkillərinin bir çoxunun çıxışları isə ya gülüş, ya qıcıq doğurur, yaxud sosial şəbəkələrdə məsxərəyə qoyulur.
İslahatlardan əvvəl, sonuncu dəfə Hadı Rəcəblinin 143 manatla yaşamağın mümkün olduğunu söyləməsi və ardınca təkzib eləməsini götürək.
Onun həmkarı Əli Məsimli isə nəinki 143, yaşayış minimumu 180 manatın götürülməsini də doğru saymayıb.
Sitat: “Hökumət bu rəqəmi təqdim edərkən hansı meyarlara əsaslanıb? Hazırki zəruri ərzaq və gündəlik tələbat mallarının qiymətləri ilə ehtiyac meyarı arasında uyğunluq varmı?
Aztəminatlı təbəqənin maaşlarının və s. artırılması, güzəranın pisləşməsinin qarşısının alınması üçün digər şərtlərlə yanaşı, həm də minimum əmək haqqının yaşayış minimumundan yüksək olması təmin edilməlidir”.
İqtidar daha ciddi, xalqla hökumət arasında qarşıdurma yaradacaq açıqlamalar verməyən Milli Məclis formalaşdırmaq istəyir. Bunun üçün 2019-cu ildə erkən seçkilər olacağı haqda proqnozlar səslənməkdədir.
Tarix: 13-03-2019, 10:04
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}