“Baş həkim sizi geri qaytaracaq, susun...” - İşdən çıxarılan tibb bacısı


Ötən gün sosial şəbəkədə müğənni Afət Fərmanqızının ifa etdiyi “Pencü şeş” mahnısına məzəli video-çarx hazırlayan Şəki Mərkəzi Rayon Xəstəxanasının 5 əməkdaşının işdən qovulduğu barədə məlumat yayılıb.

İşdən çıxarılan tibb bacısı İlahə İsrafilova ifaçıya yazaraq iddia edib ki, xəstəxananın baş həkimi Elçin Əmirov belə bir addım atdıqları üçün onlara məcburi şəkildə işdən çıxma haqqında ərizə yazdırıb.

Musavat.com məsələyə aydınlıq gətirmək üçün İ.İsrafilova ilə əlaqə saxlayıb.

O, bildirib ki, xəstəxananın baş həkimi zəng etdirərək onları işə geri qaytaracağını bildirib: “Bu hadisə bizə zərbə oldu. Videoda axırda dayanan xanımın halı pisdir, ölüm həddinə çatıb, güclə danışır. Digər xanımlar da çox acınacaqlı haldadır. Mən videoda öndə duran xanımam, gəncəm, başqa özəl xəstəxanalarda işləyə bilərəm. Amma digərləri özlərinə çətin iş tapalar. Bu məsələ ictimailəşəndən sonra xeyli adam bizə zəng edib. Bayaq “Xəzər” telekanalına da açıqlama verdik. Keçmiş iş yoldaşımız zəng edərək bildirdi ki, Elçin həkim deyir, onları işə qaytaracağam, bu məsələni bağlasınlar. Amma hələ də işə çağırmırlar. Elçin bəy, deyəsən, inad edir. Səhiyyə Nazirliyindən açıqlama veriblər ki, məcburi şəkildə ərizə yazdırılıbsa, məhkəməyə müraciət edək. Biz də baş həkimdən cavab gözləyirik, işə geri çağırsalar, məhkəməyə müraciət etməyəcəyik. Çağırmasalar, məhkəməyə müraciət edib, haqqımızı sonuna qədər tələb edəcəyik”.

Məsələyə münasibət bildirən Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Əbubəkirov ona.az-a  bildirib ki, tibb bacıları məcburi işdən uzaqlaşdırılıbsa, məhkəməyə müraciət edə bilərlər: “Şəki Mərkəzi Rayon Xəstəxanasında 1400 işçi çalışır. O 1400 işçinin müəssisə rəhbəri ilə hər hansı bir mübahisəli məsələsinə nazirlik qarışmalı deyil. Hüquqi dövlətdə yaşayırıq, Şəki Rayon Məhkəməsinə gedib deməlidirlər ki, bizi haqsız işdən çıxarıblar. Məhkəmə qərar versə ki, o qadın etik davranış qaydalarını pozmayıb, onun ərizəsi məcburi alınıb, o qərarla da gəlib, işə bərpa oluna bilər. Amma o xanım məhkəməyə müraciət etmək yerinə, televiziyalara üz tutub. Ona görə də əgər işə qayıtmaq istəyirsə, birinci məhkəməyə getməlidir. Yox, əgər məşhur olmaq istəyirdisə, artıq məşhur oldu”.


Tarix: 15-03-2019, 15:21
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}