"45 min şirinlik verdik"- dələduzluq edib ölkədən qaçan şəxs


Dələduzluqda ittiham edilən şəxslər hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluq və rüşvət verməyə təhrik etmədə təqsirləndirilən Əli Nəcəfov və Vüsal Əliyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Əli Qurbanov ifadə verib.

O deyib ki, polis işləyən oğlunu akademiyaya işə düzəltmək üçün 45 min pul istəyiblər. O, təqsirləndirilən Əli Nəcəfova 38 min verdiyini deyib.

Qeyd edib ki, iş alınmasından sonra aldadıldığını bilib. Əli Qurbanov pulunun 20 min manatının geri qaytarıldığını deyib.

Məhkəmə iclasında şahid qismində Əyyam Abdullayev də ifadə verib. O söyləyib ki, qohumunu polis akademiyasına düzəltmək üçün 45 min şirinlik verib və həmin pul geri qaytarılmayıb.

Növbəti məhkəmə iclası aprelin 5-nə təyin edilib.

İttiham aktına əsasən, Ə.Nəcəfov Nərimanov Rayon Polis İdarəsində işləyən zaman bir neçə vətəndaşdan pul alaraq onları Daxili İşlər Nazirliyində işə düzəldəcəyi vədini verib.

Sabunçu Rayon Polis İdarəsinin əməkdaşı olmuş V.Əliyev isə öz qohumunu işə düzəltmək adı ilə ondan 9 min manat pul alıb Ə.Nəcəfova verib. Daha sonra hər iki şəxs verdikləri vədlərə əməl etməyiblər.

Vətəndaşların şikayətindən sonra Əli Nəcəfov ölkə xaricinə qaçıb. "İnterpol" xətti ilə axtarışda olmuş Əli Nəcəfov Ukraynada saxlanılıb və Azərbaycana ekstradisiya edilib.

Qeyd edək ki, Ə.Nəcəfovla V.Əliyevin barəsində Cinayət Məcəlləsinin 34, 312-ci (rüşvət verməyə təhrik etmə), 178-ci(dələduzluq) maddələri ilə ittiham irəli sürülüb. V.Əliyevin barəsində həbs qətimkan tədbiri seçilməyib. O, ev dustaqlığındadır.

İş üzrə digər zərərçəkmişlər də yaxınlarını işə düzəltmək üçün təqsirləndirilən şəxslərə pul veriblər.

Tarix: 3-04-2019, 13:49
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}