Rusiya-Azərbaycan münasibətlərində soyuqluq var, yoxsa...


Politoloq: “Rusiya heç zaman müstəqil siyasət yürüdən postsovet respublikalarını sevməyib”

Azərbaycan-Rusiya münasibətlərində son zamanlar soyuqluq müşahidə olunmaqdadır. Məlumatlara görə, üzdə o qədər də görünməsə də alt qatda heç də isti olmayan mənzərə hökm sürür. Bu vəziyyətin nədən qaynaqlandığına gəlincə, politoloqlar hesab edir ki, səbəblər müxtəlifdir.

Politoloq Qabil Hüseynli “Yeni Müsavat”a bildirdi ki, Rusiya ilə Azərbaycan arasında münasibətlərdə son zamanlar müəyyən soyuqluq olduğu barədə deyilənlərdə həqiqət payı var. Bu soyuqluq müxtəlif sahələrdə özünü büruzə verir. Rusiya mətbuatında bu soyuqluğu hiss elətdirən, yaxud da əks elətdirən yazılara rast gəlmək mümkündür: “Rusiyanın Xarici İşlər Nazirliyi, xüsusilə nazirliyin sözçüsü Mariya Zaxarova bu məsələlərdə xüsusi rol oynamağa çalışır. Orada yaşayan azərbaycanlı əmək miqrantlarına qarşı da münasibətlərdə soyuqluğa və bəzən qeyri-qanuni hərəkətlərə rast gəlinir. Onların sıxışdırılması da nəzərə çarpır. Bütün bunların hamısını üst-üstə götürəndə görürsən ki, Azərbaycanın Rusiyaya xoş münasibət bəsləməsinə və ikitərəfli münasibətləri inkişaf etdirmək üçün maksimum səy göstərməsinə baxmayaraq, əks tərəfdən adekvat cavabın gəlmədiyinin şahidi oluruq. Əlbəttə, burada Rusiyadakı erməni diasporunun fəaliyyətini də ön plana çəkmək olar, sözsüz ki, Azərbaycanın yürütdüyü müstəqil siyasəti də müəyyən mənada səbəb kimi göstərmək olar. Rusiya heç zaman müstəqil siyasət yürüdən postsovet respublikalarını sevməyib.

Azərbaycan indi Avropa İttifaqı ilə münasibətləri inkişaf etdirmək, tərəfdaşlıq sazişi imzalamaq istəyir. Hələ bu sazişin ideyası meydana çıxanda Moskva mənfi münasibət ortaya qoyurdu. İndi saziş sənədi hazırlanıb yekunlaşmaq üzrədir və ilin sonuna qədər imzalanması gözlənilir. Odur ki, Rusiya, şübhəsiz, bundan heç də məmnun deyil. Azərbaycan öz geosiyasi əhəmiyyətinə görə çox mühüm ölkələrdən biridir. Həm də Azərbaycan Avropa İttifaqının enerji təminatçılarındandır, nəqliyyat dəhlizidir. Bu nöqteyi-nəzərdən onun Avropaya meyllənməsi Avropa üçün əlavə üstünlüklər yarada bilər. Rusiya məhz bundan qısqanır və Azərbaycanı gecikmiş də olsa bu addımlardan çəkindirməyə çalışır. Lakin artıq məncə, qatar gedib və Azərbaycan müəyyən məsafəni qət edib. Azərbaycan bu siyasət vasitəsilə özünün bir sıra iqtisadi məsələlərini reallaşdırmaq istəyir. Üstəlik də biz Rusiyaya güvənərək Dağlıq Qarabağ məsələsində ondan ədalətli münsif olacağını gözləyirdik. Lakin bizim gözləntilərimiz doğrulmadı. Rusiya Qarabağ məsələsində Ermənistanın yanında olduğunu hər addımda ortaya qoyur. Azərbaycanla Rusiya arasında soyuqluğun müşahidə olunmağa başlamasının əsas səbəblərindən biri budur”.

Politoloq Qabil Hüseynli ile ilgili görsel sonucu

Politoloq qeyd etdi ki, münasibətlərdə soyuqluq dərinləşməyəcək, soyuqluq keçicidir: “Rusiya Dağlıq Qarabağ məsələsinin beynəlxalq hüquq normaları çərçivəsində həllində ədalətli münsif rolunu oynaya bilsə, Azərbaycan-Rusiya münasibətləri tarixdə heç zaman olmadığı səviyyədə yüksək olar. Azərbaycanın Rusiyaya, Rusiyanın da Azərbaycana böyük ehtiyacı var. Hesab edirəm ki, qarşıdakı dövrdə münasibətlər istənilən səviyyəyə gəlib çatacaq”.

Q.Hüseynlinin fikrincə, Rusiya uzun müddət Azərbaycanın KTMT-yə qoşulacağını gözləsə də, bu gözlənti reallaşmadı:“Rusiya yaxşı olardı ki, Azərbaycanın KTMT-yə qoşulması üçün irəli sürdüyü şərtlərin yerinə yetirilməsinə nail olaydı. Azərbaycanın KTMT-yə qoşulması Dağlıq Qarabağ probleminin ədalətli həllindən keçirdi. Əgər bu məsələdə Azərbaycanın haqlı mövqeyi müdafiə olunmursa, Azərbaycan nəyə görə KTMT-yə, Avrasiya İttifaqına qoşulmalıdır? Biz şərtlər daxilində o qurumlara qoşula bilərdik”.

YAP-çı deputat Elman NÉsirov ile ilgili görsel sonucu

YAP-çı deputat Elman Nəsirov isə bu fikirdədir ki, Rusiyada müəyyən qüvvələr Azərbaycan-Rusiya münasibətlərindəki dostluğa zərbə vurmağa çalır: “Lakin Azərbaycanla Rusiya arasında yüksək səviyyədə inkişaf edən münasibətlərə Dövlət Dumasının deputatı Konstantin Zatulin kimi ermənipərəst qüvvələr təsir edə bilməz. Azərbaycanla Rusiya arasındakı münasibətlər ermənipərəst qüvvələri qıcıqlandırır. Azərbaycanla Rusiya arasında həm xalqlarımız, həm də dövlət rəhbərləri arasında çox böyük səmimi münasibət var. Bu reallığı görən ermənipərəst qüvvələr əl-ayağa düşüblər. Onlardan biri də Zatulindir. Zatulinin ermənipərəst qüvvələrin əlində bir alət olduğu bizə çoxdan məlumdur. O hər zaman Azərbaycanla Rusiya arasında strateji münasibətlərə xələl gətirməyə cəhd edir. Bu şəxs yenə öz ampluasındadır və Azərbaycana qarşı əsassız ittihamlar irəli sürməyə çalışır. Azərbaycanı sülh prosesini pozmaqda, hərbi ritorikada ittiham edir.

Zatulinin də mövqeyi Rusiyanın mövqeyi deyil. Bu, Zatulin kimi erməni maraqlarına xidmət edən şəxslərin fikirləridir. Buna baxmayaraq, Rusiya Dövlət Duması rəhbərliyi də belə məsuliyyətsiz deputatların davranışı ilə bağlı ölçü götürməlidir. Çünki bu cür ittihamlar Rusiya-Azərbaycan münasibətlərinə zidd məsələdir".


Tarix: 4-04-2019, 08:40
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}