Prokuror Vüqar Səfərlidən bank hesabındakı 4 milyon manat haqda soruşdu



Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərli, müvafiq vəzifələrdə çalışmış Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov, Bəxtiyar Fətullayev, Təmkin Xəlilov, Telman Tahirov, Valeh Orucov, Təhminə Yaqubova, Şahin İbrahimov və Namiq Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Prosesdə Vüqar Səfərli dövlət ittihamçısının suallarını cavablandırıb.
Virtualaz.org-un xəbərinə görə, Vüqar Səfərli bildirib ki, bayramlarda, əlamətdar günlərdə KİVDF-nin yazı müsabiqələri keçirilib. Həmin müsabiqələrdə tutduğu yerlərə görə  jurnalistlərə pul mükafatları verilib. Qaliblərin elan olunması müsabiqəsində birinci yer üzrə 1000 manat, ikinci yer üzrə 800 manat, üçüncü yer üzrə isə 500 manat pul mükafatları verilib: "Həmin müsabiqələrdə millət vəkilləri, nazirlik və komitə rəhbərləri, digər rəsmi şəxslər də olurdu. Dəvət olunanların bir qismi gəlmirdi. Tədbirdə iştirak edənlərin siyahısını bizim işçilər tərtib edirdi. Bir qisminə isə dəvətnamə göndərilirdi". 

V.Səfərli deyib ki, tədbirlərə çəkiliş üçün televiziya əməkdaşalrı da dəvət olunub: "Təkcə AZTV- dən 15 nəfər olurdu. Bunlar tender şərtlərində göstərilib. Bu tədbirlər hamısı tenderlərlə keçirilirdi. Tenderlərdə  bütün qiymətlər yazılırdı. Stulların qiymətinin 60 manatdan yuxarı olmaması barədə məlumatımız olmayıb. "Xəmsə" restoranında keçirilən tədbirdə ayrılan vəsaitdən 6100 manat artıq qaldı. O məbləği  büdcəyə qaytardıq".

Dövlət ittihamçısı bildirib ki, V.Səfərli 2016-cı ildən etibarən bank hesabına müxtəlif vaxtlarda ümumilikdə 4 milyon 75 min manat pul qoyub. Prokuror bu vəsaitin haradan gəldəyini soruşub. V.Səfərli göstərilən məbləğin reallığı əks etdirmədiyini deyib: “Mən mütəmadi olaraq hesabıma pul çıxarıb qoymuşam. Amma istintaq çıxardığım məbləği yox, yalnız daxil etdiyim məbləği üst-üstə gələrək hesablayıb. Dollar bahalaşanda dəyişdim, dollar hesabında hesabıma vurdum. Bu prosesdə qazandım. Bir müddət dollar kimi pulu bankda saxlayandan sonra faiz az olduğu üçün çıxardım. Manat sabitləşəndən sonra isə həmin məbləği manatla yenidən banka qoydum. Müstəntiq isə bunu yeyinti kimi qeyd edib".
V. Səfərli vəkillərin suallarını cavablandırarkən tenderlərin keçirilməsi ilə bağlı danışıb. Deyib ki, tenderlər qanunvericiliyə uyğun şəkildə aparılıb.  Vəsaitlərə Müşahidə Şurası nəzarət edirdi. Vəsaitlərin ödənilməsini Maliyyə Nazirliyi həyata keçirib. Deyib ki, KİVDF-yə vəsaitlər xərclər smetasına əsasən ayrılıb: "Qəzetlərə ayrılan vəsaitlərlə yanaşı icarə müqaviləsi də daxil idi. Həmin vəsaitdən başqa bizə bir qəpik də pul ayrılmırdı. İl başa çatandan sonra Müşahidə Şurası qarşısında hesabat verirdim. Müşahidə Şurası hesabatı təstiqləyəndən sonra Maliyyə və İqtisadiyyat Nazirliyinə göndərilirdi. Müşahidə Şurası hesabatı dinləyib qeydlər aparıb müzakirəyə çıxarırdı, sonra səsə qoyub qiymət verirdilər".
V.Səfərli sualları cavablandırarkən deyib ki, Beynəlxalq Mətbuat Mərkəzinin binasında onlardan başqa digər dövlət qurumları da yerləşib. Həmin qurumlar nə qədər icarə haqqı verməsindən xəbəri olmayıb: "Biz ora köçməmişdən əvvəl başqa bir yerdə yerləşirdik. Biz Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə müraciət etdik, onlar bizə 8-ci kilometr yaxınlığında zirzəmi təklif etdilər. Amma orda bizim fəaliyyətimiz mümkünsüz idi. Sonra dedilər ki, başqa yerdə ofis tapın. Bizə Beynəlxalq Mətbuat Mərkəzində yer təklif etdilər, xoşumuza gəldi".

Tikinti məsələlərindəki israfçılıq məsələsinə gəlincə V.Səfərli bildirib ki, bu prosesə o nəzarət etməyib: "Mən yalnız iş başa çatandan sonra gedib baxırdım. Mən tikintiyə istəsəm də nəzarət edə bilməzdim. Çünki buna nəzarət edənlər var idi. Smeta sənədlərini Maliyyə Nazirliyi təstiqləyəndən sonra xəbərimiz olurdu. FHN-in Tikintiyə Nəzarət Xidməti binanı araşdırıb tikintiyə rəy verirdi. Bu mənim səlahiyyətimdə olan məsələ deyildi. Mən nə pul görürdüm, nə material. Yazı müsabiqəsində xərclər hamısı tenderdə göstərilirdi. Yazı müsabiqəsində yeməyin pulundan başqa diplomların xərci var idi, əklillər alınırdı. Həyat yoldaşımın adına olan Futbol+qol qəzetinə ayrılan vəsait isə digər qəzetlərə ayrılan vəsaitlərdən bir qəpik də artıq olmayıb".
Daha sonra prosesdə  KİVDF-nin mühasibi Təhminə Yaqubova dindirilib. O, 2011-ci ildən etibarən KİVDF-də işlədiyini deyib: "Yalnız xərclər smetası çərçivəsində işləmişəm. Maliyyə Nazirliyi smetanı təsdiqləyəndən sonra həmin smeta əsasında işləmişəm. Heç bir halda mənə irad tutulmayıb. Mən baş mühasib olmuşam, tədbirlərə hamıdan gec gəlmişəm. Sənədlərə uyğun şəkildə ödəniş etmişəm. Müşahidə Şurasının qərarları əsasında ödəniş edilib. Bəlkə də mənim xərclərə müdaxilə etmək ixtiyarım var idi. Amma müdaxilə etmirdim, çünki binanın yerinə görə icarə haqqının normal olduğunu hesab edirdim".

"İstintaq zamanı məndən Əli Həsənov barədə soruşurdular. Dedim ki, Əli müəllimi uzaqdan-uzağa görmüşəm. Mən tamahkar adam deyiləm, işimi icra edib, əmək haqqımı almışam. İstintaq mənim KİVDF-nin işçiləri ilə əlbir olduğumu göstərir, mən heç təqsirləndirilən şəxslərin əksəriyyətini tanımıram. 17 il kirayələrdə qalmışam, evim olmayıb. Mal-materiallara gəlincə isə mən o prosesdə də sənədlər üzrə xərclər köçürmüşəm".
Prosesdə prokuror T.Yaqubovanın əksər epizodlarla bağlı eyni məzmunlu ifadə verməsinə etiraz edib: "Siz baş mühasib işləmisiniz, hüquq və səlahiyyətləriniz nə olub bilmirsiz? Hər dəqiqə deyirsiz ki, mən öz işimi görmüşəm. Sizin işiniz nə olub?"
Təqsirləndirilən şəxs prokurorun etirazına da eyni cür cavab verib.
Məhkəmə prosesi oktyabrın 1-də davam edəcək.
Tarix: 21-09-2021, 21:40
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}