POLİSİ TƏNQİDDƏN BİR NEÇƏ SAAT SONRAKI “AVTOŞLUQ ƏHVALATI” – “Mesajı aldıq...”



“AzPolitika.info”-nun bügünkü sayında böyük korrupsiya ittihamı ilə həbsdə olan “Azərxalça”nın sabiq baş direktoru Vidadi Muradovun oğlunun polis orqanlarında yüksək vəzifə tutması (Bax: ATA DÖVLƏTDƏN OĞURLAYIR, OĞUL “DÖVLƏTÇİLİYİ” QORUYUR?! – Azərbaycan reallığı...) barədə tənqidi yazı yayımlandıqdan bir neçə saat sonra saytımızın baş redaktoru Elnur Məhərrəmliyə məxsus avtomobil avtoşluq ittihamı ilə saxlanılaraq, cərimə meydançasına aparılıb. Sükan arxasında baş redaktorun özü olub. Hadisə Bakının Nizami rayonu ərazisində baş versə də, E.Məhərrəmlinin avtomobilini saxlayan Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, polis serjantı Şıxəliyev olub.
DYP əməkdaşı sənədlərə baxış keçirib, avtomobil lizinq şirkətinin balansında olduğuna görə yol vərəqi tələb edib. Həmin sənəd isə sənəd çantasında avtomobilin yük yerində olub. Lakin texniki nasazlıq ucbatından avtomobilin yük yeri açılmayıb. “Özümü təqdim etsəm də, DYP əməkdaşı avtomobili cərimə meydançasına aparmağı, ora usta çağırmağı təklif etdi. Mən də razılaşdım. Cərimə meydançasına çatandan 3-5 dəqiqə sonra kapot açıldı. Bu zaman Şıxəliyevin yanında olan polis serjantı mənə yaxınlaşdı. Lakin çantadan sənədi çıxarıb ona uzatmaq istəyəndə gördüm ki, maşına minib qaçdılar. Fikirləşdim ki, yəqin sənədləri yoxlayan başqa əməkdaşlar var. Ancaq məlum oldu ki, yalnız Şıxəliyevə göstərdikdən sonra məni buraxa bilərlər. Qapıda duran ağsaqqal təklif etdi ki, piyada gedib məni saxladıqları ərazidə həmin serjantı axtarım...”
E.Məhərrəmli təxminən yarım saat gözləyəndən sonra yoxa çıxmış DYP əməkdaşının tapılması üçün DİN-in ictimaiyyətlə əlaqələr üzrə məsul əməkdaşlarına müraciət edib. Lakin bunun da bir faydası olmayıb. “DYP-nin məsul əməkdaşlarından biri avtomobilimi saxlayan serjantın məni avtoşluqda ittiham etdiyini bildirdi. Bundan sonra isə həmin serjantın sifarişini gətirdilər ki, sənədlərini götürüb, sabah BDYP-dəki hansısa otağa yaxınlaşsın. Adi bir serjant polkovnikləri saymırdısa, məsələ aydın idi... Gözləməyin mənası qalmamışdı deyə, mən taksi ilə ordan uzaqlaşdım. Təxminən 1 saatdan sonra isə xəbər verdilər ki, gedib avtomobilini götürə bilər...
Mən tam əminliklə deyirəm ki, bu, saytımızın bugünkü sayında yayımlanmış tənqidi yazı ilə əlaqədar ola bilərdi. Yoxsa, adi bir polis serjantı vətəndaşa qarşı niyə belə tərbiyəsizlik edib, üstəlik, böhtan atsın ki? Mən avtoşluq edənəm? Belədirsə, kamera görüntülərini ortaya qoysunlar”.
“BDYP rəhbərliyindən özümlə bağlı heç bir araşdırma aparılmasını xahiş etmək niyyətində deyiləm. Mesajı aldıq... Amma cərimə meydançasında gözlədildiyim vaxt ərzində bir məzlumun “Qazel” markalı köhnə bir avtomobilini “stopun qırıqdır” bəhanəsi ilə cərimə meydançasına salıb, Nizami DYP-sində 100 manatının alınması hadisəsini isə araşdırmaq olar. Təklif edirəm ki, BDYP bizim əməkdaşlarla birlikdə konkret faktı araşdırıb, məsələyə qiymət versin”, - E.Məhərrəmli BDYP-yə çağırış edib.
Tarix: 23-09-2021, 08:19
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}