“Bir hətfədir iş dəftəri axtarırıq” - FOTOLAR



“Axı niyə məktəbli ləvazimatı poçtda satılmalıdır, niyə camaata zülm edirlər?”

Məktəblər açılar-açılmaz problemləri də özündən əvvəl başlayıb. Bir neçə gündür ki, valideynlərin  iş dəftəri ala bilməməsi ilə bağlı narazılıqlar səngimək bilmir. Belə ki, aşağı siniflərdə iş dəftərlərinin satışı bu dəfə kitab mağazalarında deyil, poçt məntəqələrində həyata keçirilir. Valideynlər bildirirlər ki, müəllimlər onlara Azərbaycan bölməsi üzrə 1 və 2-ci sinif üçün ana dili, riyaziyyat, ingilis dili və rus bölməsi üzrə Azərbaycan dili, matematika-1, matematika-2-dən iş dəftərlərini almağı tapşırıblar. Müəllimlər deyiblər ki, bu iş dəftərlərini yalnız poçt məntəqələrindən almaq olar. Əksər poçt məntəqələrində isə iş dəftərləri tapılmır.
Vəziyyəti öyrənmək üçün paytaxtda bir neçə poçt məntəqəsinə üz tutduq. İlk olaraq Bakıxanov qəsəbəsində fəaliyyət göstərən  40 saylı poçt məntəqəsinə yaxınlaşdıq. Burada valideynlərin narazı üzlərini görüb vəziyyəti soruşduq. Bildirdilər ki, iş dəftərləri üçün gəliblər, amma bu məntəqədən də əliboş çıxıblar: “İki gündür şəhərdə poçtları axtarırıq, gedirik, soruşuruq, amma deyirlər ki, qalmayıb. Deyirlər ki, Qara Qarayevdəki poçtda var, indi ora gedirik”.
Biz də valideynlərə qoşulub, Nizami rayonu 2 saylı poçt məntəqəsinə yollanırıq. Əraziyə yaxınlaşar-yaxınlaşmaz insan izdihamı ilə üzləşirik. Səhər saat 08:05 olmasına baxmayaraq insanlar iş dəftəri üçün növbəyə dayanmışdı.
Bizimlə söhbətdə Nargül adlı paytaxt sakini bildirdi ki, şəhərdə bir neçə poçt məntəqəsinə getsə də, iş dəftərlərini ala bilməyib: “Səhər uşağımı məktəbə qoyub gəlmişəm ki, növbə tutum. İnanın, neçə gündür ki, Bakıxanovda, ”Neftçilər"də, Xətai rayonunda axtarmadığım yer qalmayıb. Hamısında dedilər qurtarıb".  
“Biz də ”Neftçilər"də yaşayırıq. Orada da poçtda olduq, yox idi. Axı nəyə görə mağazalarda satmırlar, camaatı  küçələrə salıblar", - deyə, Sevda adlı sakin də söhbətimizə qoşulur: “İşdən icazə alıb gəlmişəm, bu gün də ala bilməsəm, məni işdən qovacaqlar”.
Qabil adlı sakin isə deyir ki, bəzi məktəb ləvazimatı satılan mağazalarda iş dəftərləri satılıb: “Bizim qohum  145 saylı məktəbin yanında dükan var, oradan  həmin iş dəftərindən alıb. Düzdür, onlar baha verirlər. Poçtda 9 manata satılan (1 paketdə üç iş dəftəri) iş dəftərini 12 manata alıblar. Amma mən o qiymətə də almağa razıydım, getdim, dedilər yoxdur”.
Bir sözlə, saatlarla növbədə dayanan insanlara axır ki, saat 09:00-da poçt məntəqəsinə daxil olmağa icazə verirlər və bildirirlər ki, iş dəftərləri gətirilib. Əlbəttə, bu xəbərə hər kəs sevinsə də, bu da çox keçmədi. İnsanlar indi də satıcının işə gəlməyini gözləməyə başladılar. Amma valideynlərin artıq səbri  tükənmişdi, ona görə məntəqədə hay-küy salmağa başladılar. Sakinlərdən biri,  “Səhər tezdən qapıda durmuşuq. Saat ona on beş dəqiqə işləyib, amma satıcı xanımı gözləyirik. Niyə insanları gözlədirsiniz. Sata  bilmirsizsə, verin məktəblərə, mağazalara, oradan alaq da”, - deyə etiraz etdi. Digər sakin də söhbətə qoşularaq, “Allah haqqı, bir həfdədir düşmüşəm küçələrə, iş dəftəri axtarıram. Niyə bizə bu qədər zülm edirsiz. Axı niyə poçtda satılmalıdır. Belə şey olar?!”, -  deyə işçilərə səsləndi.


Etirazlardan, narazılıqlardan sonra nəhayət, poçt məntəqəsinin nümayəndəsi yaxınlaşaraq kitabları çıxarmağa başladı. O bildirdi ki, satışın burada aparılması ilə bağlı suala cavab verə bilməyəcək, çünki buna səlahiyyəti çatmır. Qeyd edək ki, yaranan bu porblemlə bağlı Təhsil Nazirliyinə də sorğu ilə müraciət etmişik.

“Yeni Müsavat”











Tarix: 24-09-2021, 08:44
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}