Qarabağ qazisi Rövşən Babayev aclıq aksiyasına başlayıb


Qarabağ qazisi, ikinci qrup əlil, epilepsiya xəstəsi, ehtiyatda olan polkovnik, keçmiş hərbi komissar Babayev Rövşən Əlixan oğlu ona qarşı irəli sürülən əsassız, qərəzli, heç bir sübuta söykənməyən ittihama etiraz əlaməti olaraq saxlanıldığı Bakı İstintaq Təcridxanasında aclıq aksiyası keçirir. 
Belə ki, Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsində istintaq olunan cinayət işi üzrə Babayev Rövşən Əlixan oğlu 14.08.2021-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ittiham elan edilmişdir. Rövşən Babayev ona qarşı yönəlmiş ittihamın əsassız olduğunu hesab edir. O, işlədiyi müddətdə layiqincə xidmət etmiş və heç kəsdən rüşvət almamışdır. Maraqlıdır ki, Rövşən Babayevlə ittiham olunan digər şəxs Yaşar Hüseynov hazırda azadlıqda olsa da, yalnız onun barəsində həbs qətimkan tədbiri seçilmişdir. Halbuki Babayev Rövşən Əlixan oğlu Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etmiş və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə - I Qarabağ Müharibəsində mərdliklə iştirak etmişdir. Birinci Qarabağ Müharibəsinin başlandığı ilk günlərdən öz Vətəninə xidmət etmək, Azərbaycan Respublikasının ərazi bütovlüyü və suverenliyi uğrunda gedən döyüşlərdə iştirak etmək, Vətən qarşısında borcunu yerinə yetirmək məqsədilə Rusiya Federasiyasındakı vəzifəsindən, oradakı imtiyazlarından imtina edərək Vətənə qayıtmış, Azərbaycan Milli Ordusunun tərkibində birinci Qarabağ Müharibəsinin sonunadək qəhrəmanlıqla döyüşmüşdür. Tərtər uğrunda gedən döyüşlərdə o, başından ağır qəlpə yarası almışdır. Aparılan cərrahiyə əməliyyatı zamanı onun beyin qapağının böyük bir hissəsi kəsilərək götürülmüş, plastik lövhə ilə əvəz olunmuş və ona ikinci qrup əlillik dərəcəsi verilmişdir. Əlil olmasına, səhhətində yaranmış daimi nasazlığa baxmayaraq, Rövşən Babayev xidmətini arxa cəbhədə - Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Sabunçu rayon idarəsinin rəisi kimi davam etdirmişdir. 2019-cu ildə onun rəhbərlik etdiyi Sabunçu rayon idarəsində xidməti yoxlama aparılmış və həmin vaxtdan etibarən tutduğu vəzifədən müvəqqəti kənarlaşdırılmışdır. 2 ilə yaxın müddət ərzində ibtidai istintaq aparılmasına baxmayaraq, bir dəfə də olsun dindirilməmişdir. 2021-ci il avqust ayının 13-də səhhəti ilə əlaqədar Gədəbəy rayonunda müalicə aldığı zaman hüquq mühafizə orqanları tərəfindən saxlanılaraq Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə gətirilmiş, gecə səhərə qədər orada saxlanılmış, 14.08.2021-ci il tarixdə Bakı Hərbi Məhkəməsinin qərarı ilə barəsində 3 ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Hal-hazırda Qarabağ qazisi, ikinci qrup əlil, epilepsiya xəstəsi, ehtiyatda olan polkovnik Babayev Rövşən Əlixan oğlu Bakı İstintaq Təcridxanasında saxlanılır. Onun daim həkim nəzarətində olması, səhhətinin son dövrlərdə daha da ağırlaşması, vaxtaşırı epileptik tutmalarının olması həyatı üçün ciddi təhlükə yaradır. İstintaqın gedişinə etiraz, keçirdiyi aclıq aksiyası onun səhhətinə daha da pis təsir edə bilər.



Tarix: 21-10-2021, 08:14
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}