Yasamalın yol polisi rəisi Məmməd Əliyev sürücüdən 500 manat rüşvət alıb - İddia


Bakıda yol polisi rəisi əlavə siqnal quraşdıran sürücüdən 500 manat rüşvət alandan sonra sərbəst buraxıb.

Vətəndaş Nicat Məhərrəmli Mubahise.az-a müraciətində bu iddianı irəli sürüb.


O bildirib ki, iyulun 29-u axşam saatlarında Yasamal rayonu ərazisində yaşadığı binanın həyətindən çıxarkən idarə etdiyi 10 YY 199 nömrəli “Lexus” markalı avtomobili Bakı DYP-nin Yasamal rayon Polis Şöbəsinin inspektoru Mahmudlu Eldar Elqam oğlu xidmətdə olduğu 90 YP 222 nömrəli avtomobillə qarşısını kəsərək saxlayıb.

E.Mahmudlu daha sonra vətəndaş N.Məhərrəmliyə Yasamal rayon yol polisinin rəisi Əliyev Məmməd Mehrac oğlunun tapşırığı ilə saxlanıldığını bildirib: “Eldar mənə dedi ki, burada kamera var, gedək başqa yerdə danışaq. İçkili də deyildim, özümü də idarə edə bilirdim. Məni saxlamaq səbəbi də əlavə siqnal quraşdırılması idi. Amma Eldar Mahmudlu özü maşınımda sükan arxasına keçdi və Yasamal “ştrafnoy”una kimi maşınımı sürdü. Həmin polis yol boyu dayanmadan, bir neçə dəfə siqnal verərək mənim maşını sürdü. Bunu əks etdirən videogörüntülər də var”.

N.Məhərrəmli qeyd edib ki, cərimə meydançasında əlavə siqnal avadanlığının yerini yol polisinə göstərib: “Eldar Mahmudlu mənə dedi ki, səni 50 manat alıb yola salardım, amma rəis Məmməd Əliyev özü sənin saxlanılmağın üçün tapşırıq verib. Rəisin göstərişi ilə məndən 1000 manat tələb etdi. Mən də tələbə olduğum üçün o qədər pulum olmadığını dedim. Sonra dostlarıma zəng etdim, “ştrafnoy”a mənim üçün 500 manat borc pul tapıb gətirdilər. Orada Eldar Mahmudlu ilə 500 manata razılaşdıq və dostlarımın yanında pulu ona verdim. Sonra siqnalı sökmədən maşını özümə təhvil verdilər. Eldar Mahmudlu dedi ki, “siqnal verə-verə get, daha sənə heç kim heç nə deyə bilməz”. Mən də elə cərimə meydançasından çıxanda siqnal verib çıxdım. Bunun da videogörüntüsü var”.

Nicat Məhərrəmli əlavə edib ki, Yasamal polisinin rəisi Məmməd Əliyev onun başqa bir neçə dostunu da beləcə salxatdırıb rüşvət aldıqdan sonra heç bir tədbir görmədən sərbəst buraxıb: “Cərimə meydançasına giriş və maşınımın orada saxlanılmasını əks etdirən videogörüntülər var. Amma mənim barəmdə heç bir protokol tərtib edilməyib”.

N.Məhərrəmli Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalova müraciət edərək  Yasamal rayon Yol Polisi Şöbəsindəki kütləvi rüşvət hallarının araşdırılmasını tələb edib.

Deyilənlərə görə Yasamal Rayonunun Dövlət Yol Polis şöbəsinin qısa müddətlə milyonçuya çevrilib.Bu milyonların mənbəyi çox maraqlıdır.
(İstiqamet.org)
Tarix: 7-12-2021, 23:01
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}