Eldar Mahmudov “onunla işiniz olmasın” dedi, 1 milyonunu aldılar


Zərərçəkmiş: “Mövlam Şıxəliyevin qohumu olan Ali Məhkəmə hakimi Fərhad Əliyev Vüsal Ələkbərovun barəsindəki hökmü 12 ildən 5 ilə endirdi”

Bakı Hərbi Məhkəməsində Milli Təhlükəsizlik Nazirliyinin (MTN 2015-ci ildə ləğv olunub) İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlam Şıxəliyev, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam edir.
Məhkəmə prosesində zərərçəkmiş şəxs qismində Akif Qurbanov sərbəst ifadə verib. Deyib ki, Bakıda tikinti işləri ilə məşğul olan şirkətin rəhbəridir. Həbsinin səbəbi isə toy məclislərindən birində Mövlam Şıxəliyevdən tanışı, “Texnikabank” rəhbəri Etibar Əliyevlə maraqlanması olub:
- "Buta Palace"də toy məclisində idim. Foyedə kofe içməyə çıxdım. Gördüm ki, Mövlam Şıxəliyev də oradadır. Yaxınlaşıb salam verdim. Mövlam Şıxəliyevi şəxsən tanıyırdım. Hətta qızının toyunda da olmuşam. Onunla kofe içdik, söhbət elədim. Etibar Əliyevi MTN həbs etmişdi. Mən də Etibar Əliyevlə dost, yerli idim, birgə bina tikirdim. Mənə neçə dəfə 1 milyon olmaqla kredit vermişdi, hər dəfə də krediti vaxtında qaytarmışdım. Mövlamdan Etibar Əliyevin işinin nə yerdə olduğunu soruşdum. Çünki Etibar Əliyevlə Mövlam Şıxəliyevin münasibətini bilirdim. Etibar Əliyev Mövlam Şıxəliyevə hər ay 10 min manat pul verirdi.  Mən Etibarı soruşdum, Mövlam Şıxəliyev çox pis söyüşlər söyməyə başladı. Mən də dedim ki, niyə söyürsən, boy-buxunundan utan. Etibar sənə hər ay pul verib. Onu niyə söyürsən? Onu da dedim ki, nə bilirsən, bəlkə sabah o buraxılacaq, sən tutulacaqsan? Mövlam elə orada telefonumu istədi. Mən də verdim. Dedim ki, elə həmin adamam, Akif Qurbanovam, sən məni tanıyırsan.
Zərərçəkən deyib ki, toydan sonra onu MTN-ə dəvət ediblər:
- Toy bazar günü idi. Məni 3-cü gün zəng edib MTN-ə çağırdılar. Rövşən adlı müstəntiq zəng elədi. Dedim ki, nömrəmi sənə Mövlam verib? Dedi ki, yox, nömrəni Vüsal Ələkbərov verib. Həmin gün  MTN-ə getdim. Qapıda telefonumu aldılar, qaldırdılar yuxarı mərtəbəyə. Rövşən məni bir otağa apardı, dedi ki, gözlə, indi Vüsal Ələkbərov gələcək. Vüsal Ələkbərov otağa girib mənə tərs-tərs baxdı. Mən də dedim ki, nə olub, niyə belə tərs-tərs baxırsan? Söyüş söydü, dedi ki, indi səni aparıb göstərəcəyəm ki, mən kiməm! Məni Rövşənin otağından öz otağına apardı, başladı təhqir etməyə. Mən də cavabını verdim. Dedim ki, məni niyə təhqir edirsən? Mən YAP-ın Nərimanov təşkilatının büro üzvüyəm, uzun illər dövlətə qulluq etmişəm. Dedi ki, səni təhqir edirəm ki, cavab verəsən, səni basım Etibar Əliyevin yanına. Bildim ki, bu Mövlamın sifarişidir. Yalandan deyirdi ki, guya mitinq eləmişəm, dövlətə qarşı çıxmışam.  Məni 8 saat orada saxladılar. Vüsal Ələkbərov Rövşənə tapşırdı ki, buna su belə vermirsən. Axşam saat 10-da mənə “povestka” verdi ki, sabah saat 3-də olursan burada. Növbəti gün mən ora gedəndə Vüsal qarşıladı, apardı Mövlam Şıxəliyevin yanına. Yasin Məmmədov da orada idi. Bildim ki, Vüsal Ələkbərovu mənim üstümə qısqırdan Mövlam Şıxəliyevdir. Çünki Vüsal Ələkbərov məni tanımırdı. Otağa girəndən sonra Mövlam Şıxəliyevə salam vermədim.
MTN generalı bu şəxslərdən hədə-qorxu ilə 20 milyon manata yaxın pul alıb –  ADLAR - AzToday
Mövlam Şıxəliyev
Dedi ki, niyə salam vermirsən? Cavab verdim ki, 1 dəfə salam verdim, əlim getdi, indi də sənə salam versəm, özüm də gedəcəyəm. Sən salam veriləsi adam deyilsən. Mövlam Şıxəliyev dedi ki, çox danışma, gəl otur. Gedək sənin evlərini yoxlayaq, 10 milyon pulun çıxacaq. Mən də dedim ki, gedək mənim də, sənin də evlərimizi yoxlayaq. Səndə məndən artıq pul çıxacaq. Kimdən çox pul çıxsa, bölüşdürək. Mövlam Şıxəliyev dedi ki, sən mənimlə məzələnirsən? Mən də dedim ki, məzələnmirəm, dediyinə cavab verirəm. Dedi ki, səndən 3 milyon alacaqdım, tapşırıldığına görə 1 milyon verəcəksən! Mən də dedim ki, nə etmişəm ki, 1 milyon verim? Dedi ki, verməlisən.
“Dedi ki, Eldar Mahmudovun övladının toyudur, 1 milyon ver, məsələ bitsin”
Sonrakı günlərdə məni Yasin Məmmədov qəbul elədi. Dedi ki, Eldar Mahmudovun övladının toyudur, 1 limon ver, məsələ bitsin. Mən də dedim ki, 1 limon sizə çatmaz, Lənkərandan sifariş verim, sizə 5-6 kilo limon gətirsinlər, gedin çayla için. Yasin dedi ki, səndən limon istəyən yoxdur, 1 milyon gətir. Mən də dedim ki, hərənizə 10 min manat pul gətirmişəm, toya gedirsiz. Artıq pulum yoxdur. Dedi ki, mən sənə nəsə deməmişəm. Ancaq sənin sabaha Dubaya biletin var, getmə, sənə “stop” qoyulub. Səhər getdim  Dubaya. Çatandan sonra oğlum Vüqar zəng elədi. Dedi ki, sənə həbsli “stop” qoyulub. 1 ay Dubayda, 1 ay Moskvada, 1 ay Çeboksarıda və 1 ay Türkiyədə qaldım. Bu müddətdə Vüsal Ələkbərov hər gün mənə zəng eləyib deyirdi ki, gəl məsələni həll elə. Ya da uşaqlarına de, gəlib məsələni həll eləsinlər. Mən ölkədə olmadığım müddətdə, oğlanlarım Teymuru, Vüqarı incidiblər.
Dedi, 1-in arxasına beş sıfır qoy, cənab nazirin göstərişidir…”
Yasin Məmmədov
Vüsal Ələkbərov Vüqarla qızımın göz klinikasına gedib müayinə olunub, özünə eynək yazdırıb, götürüb. Oğlanlarıma deyib ki, 1 milyonu hazırlayın, verin, yoxsa sizi də, atanızı da həbs etdirəcəyəm. O zaman oğlum Eldar Mahmudova çıxıb “stop”un götürülməsini xahiş eləmişdi. O da “stop”u götüzdürdü, bunlara da tapşırdı ki, bu adamla işiniz olmasın. Bundan sonra Bakıya gəldim. Vüsal Ələkbərov zəng elədi, dedi ki, pulu düzəlt, gətir. Mənə 3 gün vaxt verdilər. Dedilər ki, pulu verməsən, səni də, oğlanlarını da həbsə göndərəcəyik, hər şey hazırdır. Məcbur olub pulu qızımın “Briz L” göz klinikasının qarşısında Vüsal Ələkbərova verdik.
Zərərçəkmiş deyib ki, 2015-ci ildə MTN-də məlum əməliyyatdan sonra Mövlam Şıxəliyev, Vüsal Ələkbərov, Yasin Məmmədovla bağlı şikayətlər edib.
Şikayətlərindən sonra Vüsal Ələkbərov istintaqa cəlb edilərək məhkum olunub:
- Məndən başqa şikayətçilər də vardı. Vüsal Ələkbərovu həbs edib məhkəmə qarşısına çıxardılar. Məhkəmədə mənə qarşı cinayət törətdikləri təsdiqləndi. Vüsal Ələkbərovun barəsində 12 il müddətinə azadlıqdan məhrum edilməsi haqda hökm çıxarıldı. Mənə vurulmuş 1 milyon manat ziyanın müqabilində Vüsal Ələkbərovun evi mənə verildi. Evi 1 milyon 250 min dəyərləndirmişdilər. Evi satıb 250 min manatı dövlətin nəfinə keçirməli idim. Bunlar gedib Ali Məhkəmədə adam tapdılar. Mövlam Şıxəliyevin qohumu olan Ali Məhkəmə hakimi Fərhad Əliyev Vüsal Ələkbərovun barəsindəki hökmü 12 ildən 5 ilə endirdi, şərti hesab edib azad etdi. Mənə vurulmuş ziyanın əvəzi olaraq verilmiş evi də geri alıb Vüsal Ələkbərova qaytardılar. Bizə qarşı Ali Məhkəmədə daha bir cinayət törətdilər.

Zərərçəkən deyib ki, 2021-ci ilin martında, həbsindən az əvvəl Mövlam Şıxəliyev onunla görüşüb:
- Azadlıq prospektində yerləşən “Qaymaq” restoranında görüşdük. Mövlam Şixəliyev həbs ediləcəyini bilirdi. Qardaşım Münasib Qurbanov da həmin görüşdə iştirak edib. Görüş zamanı Mövlam Şixəliyev şikayət etməməyim müqabilində 300 min dollar pul təklif etdi. Mövlam Şixəliyev təklif etdi ki, bunu notarial qaydada rəsmiləşdirək. Ertəsi gün 42 saylı notarial kontoruna getdim. Notariusda olan zaman Mövlam Şixəliyevin vəkili mənimlə telefonla danışdı. Vəkil danışıq zamanı dedi ki, notarial qaydada mənim və oğlumun səhvən Mövlam Şixəliyevi ifşa etməmiz məzmunda ərizə yazaq. Onun bu təklifinə əsəbiləşdim, heç nə yazmayaraq oradan çıxdım. Mövlam Şixəliyevlə aramızda olan razılığa əsasən ərizə yazdıqdan sonra o, mənə 300 min dollar pul verməli idi.
akif.jpg (1.39 MB)
Zərərçəkənin bu sözləri Mövlam Şıxəliyevi əsəbiləşdirib. O, Akif Qurbanovu yalan danışmaqda ittiham edib. Akif Qurbanov isə deyib ki, Mövlam Şıxəliyevin ondan pul tələb edib alması faktlarla sübuta yetirilir. Heç bir cinayət əməli olmaya-olmaya onun barəsində “stop” qoyulmasına diqqət çəkərək Mövlam Şıxəliyevə “Vüsal Ələkbərova barəmdə ”stop"u niyə qoydurmuşdun" sualını verib. Mövlam Şıxəliyev bunun da yalan olduğunu deyib. Dövlət ittihamçısı Akif Qurbanovun barəsində hər hansı bir cinayət işi olmadığı halda “stop” qoyulmasını təsdiqləyən, iş materillarına əlavə edilmiş arayışı elan edib. Bundan sonra təqsirləndirilən Vüsal Ələkbərova bu barədə dəqiqləşdirici suallar verib. Ələkbərov suallara cavab verməkdə çətinlik çəkib, Akif Qurbanovun şahid qismində Rövşən adlı müstəntiq tərəfindən dindirildiyini deməklə sualdan yayınmağa çalışıb. Nəticə etibarilə məhkəmədə təsdiqlənib ki, Akif Qurbanov barəsində heç bir cinayət işi olmadığı halda onun ölkədən çıxışına “stop” qoyulub.
A.Qurbanov M.Şıxəliyevə deyib ki, ona qarşı törətdikləri cinayətə görə mütləq şəkildə cəza çəkməli olacaq. Mövlam Şıxəliyev isə zərərçəkəni hədələməkdən çəkinməyib, həbsdən çıxandan sonra onunla görüşəcəyini deyib.
Bundan sonra şahid qismində Akif Qurbanovun oğlu Teymur Qurbanov sərbəst ifadə verib. O, atasının ifadəsini tam olaraq təsdiq edib.
Zərərçəkmiş şəxs, dünyasını dəyişmiş Natiq Teymurovun qardaşı, iş üzrə hüquqi varisi Rəfael Teymurlu isə sərbəst ifadəsində deyib ki, 2013-cü ilin sentyabrında qardaşı Natiq Teymurov MTN əməkdaşları tərəfindən tutulub:
- Deyirdilər ki, guya qardaşım qaçaqmalçılıq edib. Qardaşımın həbsindən sonra Cahangir adlı vəkil vermişdilər. Vəkilin vasitəsilə istintaqı aparan müstəntiq Fuad Məmmədov və Sahib Ələkbərovla MTN-in inzibati binasında görüşdüm. Cahangirlə birlikdə Sahib Ələkbərovun otağına getdik. Cahangir otağa girmədi, mənə də dedi ki, “nə desə, denən yarısı”. Sahib Ələkbərova “Natiqin işi necə olacaq? Uşaqları, ailəsi hər gün qardaşımı soruşur, mən onlara nə cavab verim axı? Natiqi necə azad eləmək olar?” deyə soruşdum. O da  “pul, pul verməklə qardaşını azad edə bilərsən” dedi. Məbləği soruşduqda Sahib “qoy gedim rəisdən maraqlanım, görüm nə deyir” deyib otaqdan çıxdı. Bir qədər sonra Sahib geri qayıdıb əlinin 3 barmağını göstərdi, “üç” dedi. Sahib Ələkbərovdan “30 min” deyə soruşdum. O da “300 min” deyəndə şoka düşdüm. “Nəslimiz varını-yoxunu satsa, bu qədər eləməz, mən haradan tapım o qədər pulu? Maksimum 50 min manata gücüm çatar” dedim. Sahib də alverə başladı. Dedi “qoy gedim rəislə bir də məsləhətləşim”. Qayıdanda “heç 100 min manata əmələ gəlməz, nəinki 50 min manat” dedi. Qardaşımla görüşmək istədim. Sahib yenə də “qoy görüm rəis nə deyir” deyib otaqdan çıxdı, qayıdanda son nöqtənin 150 min manat olduğunu dedi. Qardaşım Natiqi öz otağına gətizdirib bizi görüşdürdü. Natiqə həbsdən buraxılması üçün Sahib Ələkbərovun 150 min manat pul tələb etdiyini deyəndə əsəbiləşdi, “sən bilmirsən mənim o qədər pulum yoxdur” dedi. Qardaşıma dedim ki, pulu verməsək, səni azad etməyəcəklər, şərləyib həbsə göndərəcəklər. Bundan sonra Natiq razılaşdı, Sahib Ələkbərova “siz o puldan xeyir görməyəcəksiz!” dedi. Sahib Ələkbərov heç nə deməyib mobil nömrəmi aldı, öz nömrəsini mənə verdi. Evə gəlib Natiqin yoldaşı, yoldaşının qardaşları Murad və Bəxtiyara, öz  qardaşları Əbülfət, Maarif, Sabiqə bu barədə dedim, kömək istədim. Təxminən 2-3 gün sonra Natiqin yoldaşı zəng elədi, pulun hazır olduğunu bildirdi. Pulu götürüb Sahib Ələkbərovun 050 211 89 46 mobil nömrəsinə zəng elədim. Pulun hazır olduğunu dedim. Mənə MTN-in arxa qapısına, sovqat verilən yerin olduğu küçəyə gəlməyimi tapşırdı. Orada Sahib Ələkbərov zəng elədim, arxa qapıya gəldi. Pulları özü ilə gətirdiyi qara rəngli idman çantasına qoymağı tələb etdi. Pulu alandan sonra Sahib Ələkbərov çıxıb getdi. Təxminən 3-5 gün keçdikdən sonra qardaşım Natiqi azadlığa buraxdılar. Bildim ki, qardaşımı saxta ekspert rəyi əsasında xəstəlik adı ilə azad ediblər...
İş üzrə zərərçəkmiş Məhəmməd Hüseynov da 2020-ci ildə dünyasını dəyişib. Bundan sonra oğlu Fariz Hüseynov zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınıb. Məhkəmə prosesində Fariz Hüseynov sərbəst ifadə verdi. O, atası Məhəmməd Hüseynovun ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək bildirib ki, atası rəhmətə gedənə qədər Moskva Univermağında qızıl-zinət əşyalarının satışı ilə məşğul olub:
- 2014-cü ilin noyabrında MTN əməkdaşları atamı iş yerində saxlamışdılar. Satış rəfində olan qızıl-zinət əşyalarını, kassada olan 20 min dolları və 7 min manat pulu götürmüşdülər. Növbəti gün atam MTN-ə getmişdi. Axşam evə gələndə fikirli və həyəcanlı idi. Atamdan nə baş verdiyini soruşduq. Dedi ki, MTN-in Yasin Məmmədov adlı müstəntiqi onun hansısa qaçaqmalçılıq işi ilə bağlı Ramiz Əliyev adlı şəxslə əlbir olduğunu deyib. Ondan 200 min manat pul tələb edir. Yasin Məmmədov atama demişdi ki, tələb etdiyi pulu verməyəcəyi halda onu həbs edəcək. Sonrakı gün atam yenidən MTN-ə getdi. Oradan qayıtdıqdan sonra özü ilə sellofan torba gətirmişdi. Həmin torbada MTN-in əməkdaşları tərəfindən satış rəfindən götürülmüş qızıl-zinət əşyaları vardı. Atam dedi ki, Yasin Məmmədov kassadan götürülmüş 20 min dollar pulu və 2 min 830 dolları dəyərində olan 4 ədəd qol saatını götürüb və onu azad edib.
Proses mayın 24-nə qədər təxirə salınıb.
Elşən MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”
Tarix: 19-05-2022, 11:07
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}