"Məsxərəyə qoyulan elm deyil, elmi dərəcə alan vəzifəlilər və qohumlarıdır" - İnstitut direktoru

İslam Musatafayev: "Akademiya hazırda ağır vaxtlarını yaşayır... Bu gün professorun əməkhaqqı mövcud orta aylıq əməkhaqqından xeyli aşağıdır"
"...4 tələbəm ölkə daxilində ya dissertasiyanı müdafiə edib, ya da etmədən istehsalatda işləyərək, məndən qat-qat artıq maaş alır"
Ötən ayın sonu keçirilmiş AMEA-nın ümumi yığıncağında Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin 2021-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında akademik Rasim Əliquliyevin hesabatında  qeyd edilib ki, AMEA-nın 7 elmi müəssisəsinin gəliri cəmi 341 min manat olub. Bu məbləği xarici təcrübələrlə müqayisə edənlərin fikrincə, AMEA-nın nəhəng qurumlarının elmi-innovativ fəaliyyətindən əldə etdikləri gəlir olduqca azdır. Çünki xarici təcrübələrdə elmi-tədqiqat müəssisələrinin gəlirləri milyonlarla ölçülür. 
Bəs niyə Azərbaycanda tamamilə başqa mənzərə müşahidə edilir? Azərbaycanda elmi işçilər fəaliyyətlərindən maddi qazanc əldə edə bilirmi, əldə edə bilmirsə, buna mane olan səbəblər nələrdir? Hətta demək olar ki, bəzi hallarda vəziyyət o həddə çatır ki, Azərbaycanda elmi nəaliyyətlərdən söz düşəndə ümidsiz yanaşma, elm işçilərinin fəaliyyətinin məsxərəyə qoyulduğu müşahidə edilir. Buna səbəb nədir? 

AYNA-nın həmsöhbəti Radiasiya Problemləri İnstitunun baş direktoru, AMEA-nın müxbir üzvü, professor İslam Musatafayev bu gün Azərbaycanda elmin vəziyyəti və elm adamlarının problemlərinə dair suallarımızı cavablandırıb. 
Professor Azərbaycan elminin qədim tarixinə və bu gün həmin məktəbin yetirmələrinin olduğuna diqqət çəkib: “Bu gün müasir cihazları tətbiq etməklə astronimik ölçülərdə alınan elə parametrlər, rəqəmlər var ki, Azərbaycan alimləri bunu 12-ci əsrdə əldə ediblər. Həsən Abdullayev, Xudu Məmmədov, Azad Mirzəcanzadə, Yusif Məmmədəliyev kimi alimlərimiz olub. Dünyanı heyrətə gətirən, təəccübləndirən, bəlkə də kimlər üçünsə gözlənilməz olan nəticələr əldə edən alimlərimizin, elmi nailiyyətlərimizin olduğu danılmaz faktdır. Hazırda da bu məktəbin yetirmələri var. Onu qeyd edim ki, son illərdə dünyanın ən nüfuzlu bazalarına düşən məqalələrin sayında artım, bu istiqamətdə dinamika müşahidə olunur. Lakin təəssüf ki, bu da bir həqiqətdir, Akademiya hazırda ağır vaxtlarını yaşayır. Bunun da bir neçə səbəbi var. Bu gün professorun əməkhaqqı mövcud orta aylıq əməkhaqqından xeyli aşağıdır. Əməkhaqqının aşağı olması elmə talantlı gənclərin gəlməsinə mane olur”. 
- İslam müəllim, elmi tədqiqatların maliyyə təminatı ilə bağlı vəziyyət necədir? 
- Büdcədən elmə ayrılan pul qabaqcıl ölkələrlə müqayisədə xeyli aşağıdır. Bu da elmin texniki institusional potensialının yaradılmasına imkan vermir. Söhbət daha dəqiq cihazların alınmasından gedir. Bu gün biz ölkədə istehsal prosesində aparıcı rol oynayan sahələrdə fəaliyyət göstərən təşkilatlara yüksək səviyyəli layihələr təqdim edə bilmirik. Çünki onlar özlərində artıq laboratoriyalar, institutlar açıblar, çox yüksək dəqiqlikdə cihazlarla təmin olunublar. Biz indi istehsalatı təəccübləndirə bilmirik. Yəni onlara deyə bilmirik ki, biz sizə sizin apardığınız proseslərdə çatışmayan tərəfləri aradan qaldıran metodlar verə bilərik. 
- Qrantların verilməsi ilə bağlı durumu necə qiymətləndirirsiniz?
- Elmin İnkişafı Fondu, Dövlət Neft Şirkətində Elm Fondu var. Lakin təəssüf ki, qrantların idarə olunmasında da müəyyən çətinliklər olduğunu deməliyəm. Bu çətinlikləri bir tərəfdən alimlər özləri, digər tərəfdən də prosesləri idarə edənlər özləri yaradıblar.  
- Belə görünür ki, bizdə elmlə məşğul olub qazana bilən yoxdur, belədirmi? 
- 4 tələbəm ölkə daxilində ya dissertasiyanı müdafiə edib, ya da etmədən istehsalatda işləyərək, məndən qat-qat artıq maaş alır. Elmi laboratoriyalarda ekoloji menecment sistemində, keyfiyyətin idarə olunması, qida təhlükəsizliyi sahəsində çalışırlar. Yəni qazananlar da var.
- Gənc elm adamlarına maddi təminatdan başqa mane olan hansı məqamlar var? 
- Bir sıra həmkarlarım deyirlər ki, Avropa, Amerika alimlərinin cihazları çox yaxşıdır, dəqiq ölçür. Mən də deyirəm ki, həmin cihazlar da onların bir məhsuludur. Təəssüf ki, biz bu günlə ayaqlaşan cihazlar da düzəldə bilmirik. Rusiya elmi o qədər qabaqcıl olmasa da, kosmosa uçmaqda, atom elektrik stansiyalarının tikilməsində və s. qabaqcıl mövqelərdə hesab etmək olardı. Biz bu elmdən də uzaqlaşdıq, ayrıldıq. Bu gün elmə gələn gənclər rus dilini bilmir, ingilis dilini hələ təzə öyrənirlər. Aspirantura üçün elan verilir, ingilis dili imtahanını verə bilmədiyi üçün daxil ola bilməyən gənclər olur. 
- Bəzi hallarda Azərbaycan alimləri haqqında söz düşəndə çox ümidsiz yanaşma olduğunu görür, hətta məsxərə ilə yanaşıldığını müşahidə edirik. Sanki Azərbaycan alimi nəsə etmək potensialında deyil. 
- Azərbaycanda elmin ənənəsi, tarixi, böyüklüyü var. Bir müddət əvvəl jüri kimi türk liseylərinin yarışmasına qatılmışdım. Amerikada, Koreyada türk liseylərində dərs demiş müəllimlərlə həmsöhbət oldum. Onlardan Azərbaycandakı uşaqlarla xarici ölkələrdəki uşaqların istedadını müqayisə etmələrini istədim və onlar bizim uşaqların daha istedadlı olduğunu birmənalı olaraq bildirdilər. 
Bu gün məsxərəyə qoyulan Azərbaycan elmi deyil, bəzi adamlardır. Bu yaxınlarda Akademiyanın ümumi yığıncağında qeyd olundu ki, nazirliklərin müxtəlif aparatlarında, Milli Məclisdə, başqa yerlərdə yüksək vəzifələrdə işləyən yüzlərlə adamın qohumları, ya özləri Akademiyada elmi dərəcə alır, yarımştat işlərdə işləyirlər. Onlar özləri işləmirlər deyə elə bilirlər, hamı işləmir. Belə deyil. Akademik Arif Həşimov (AMEA prezidenti - red) hər gün müxtəlif səviyyəli toplantılar keçirir, problemlərin həlli istiqamətində yollar axtarılır. 
- Azərbaycanda elm işçilərinin özlərinin təşəbbüskarlığı varmı, yoxsa sadaladığınız bəzi problemlər onların əl-qolunu bağlayır, heç təşəbbüs göstərməklərinə də imkan vermir? 
- Maddi vəziyyət məsələsi çox fundamental məsələdir. Alimlər ailələrini dolandırmaq üçün müxtəlif işlərdən yapışmalı olur, öz səviyyələrindən aşağı olan layihələrlə məşğul olmalı olurlar. Bu da nəticədə alimin müəyyən bir problem üzrə fokslanmağına, dərindən öyrənməyinə imkan vermir. 
Biz deyirik bahalı cihaz alaq. Cihazı alırıq, amma o cihazın bir neçə il işləməsi üçün qiymətinin 5-10 faizi dəyərində hər il ona pul xərcləməliyik. Əgər o cihaz pul qazana bilmirsə, bir ildən sonra işləməyəcək. Yəni bir-birinə bağlı səbəblər çoxdur. Görünür ki, kökündən dəyişiklik etmək lazımdır.
- Azərbaycan elmi, elm işçisi dedikdə hazırkı xoşagəlməz təəssüratın yaxşılaşdırılması üçün hansı islahatlar aparılmalıdır? 
- Müəyyən qanunvericilik və siyasət sənədləri (startegiya, konsepsiya, milli fəaliyyət planları) dəyişməlidir. Elmi cihazların alınması, ölkəyə gətirilməsi vergi və rüsumlardan azad olunmalı, imtiyazlar olmalıdır. Alimlərin özlərinin müəyyən bir statusu müəyyənləşməlidir, alimlər həvəsləndirilməlidir. İnzibati quruluş bir qədər çevik olmalı, zamanla ayaqlaşmalıdır. Dövlətin prioritetləri müəyyən olunubsa, ona uyğunlaşmada çeviklik lazımdır. İnzibati, maliyyə, insan resursları fərqli metodologiya ilə işləməlidir. Universitetlərdə, Akademiyada kadrların hazırlanması bir qədər başqa səviyyədə təşkil olunmalıdır. İkili diplomlar, xarici universitetlərlə əlaqələr yenidən nəzərədən keçirilməlidir. Yəni qanunvericilikdə, institusional strukturda dəyişiklik etmək, insan resurslarını təkmilləşdirmək lazımdır. Biz yalnız bu halda gələcəkdə insanlardakı potensialdan istifadə edə biləcəyik.
Tarix: 20-05-2022, 21:56




Xəbər lenti

{sape_links}{sape_article}