Quru yol açılmır, vətəndaşların ümidləri QURUYUR - AXI NİYƏ?!


“Sərhədləri açın, rahat gedib gələk. Ata-anamıza həsrət qalmışıq”. Belə çağırışlar artıq çoxalır. 2020-ci ildən – koronavirus pandemiyası elan olunandan, məlumdur ki, sərhədlər qapandı. Uzun müddətdən sonra hava nəqliyyatı ilə gediş-gəliş şərtləri yüngüləşsə də, quru sərhərdlər hələ də bağlıdır. Bu isə sərhədyanı bölgələrdə yaşayan əhali, həmçinin qonşu ölkələrə səfər edənlər üçün böyük problemə çevrilib. Ticarət əlaqələrini, qazanc mənbələrini, yeri gəlsə, lap turizm potensialının zəifləməsini də bir kənara qoymaq olar (hərçənd, bunların hər biri ilk növbədə sərhədyanı dövlətlərə, ardınca da bütün vətəndaşlara xeyirdir - M.R.), amma qonşu dövlətlərin ərazisində yaşayan valideynlərini, təhsil alan, çalışan övladlarını ziyarət edə bilməyənlərin qəlb ağrılarına soyuq yanaşmaq olmur.

Pandemiya başlanandan qohum-əqrəbasını, doğma el-obasını ziyarət edə bilməyənlər var və onlar üçün quru sərhədlərin hələ də qapalı qalması əsl əziyyətdir. Azərbaycan faktiki Rusiya, Türkiyə (Naxçıvan ərazisiylə), Gürcüstan və İranla quru sərhədlərinə malikdir. Və hər 4 dövlətlə də az və ya çox dərəcədə qohumluq bağları mövcuddur, iqtisadi, ticari əlaqələr də üst səviyyədədir. Quru sərhədlərin qapalı qalması isə insanların həyat şərtlərini ağırlaşdırır, maddi sıxıntılar bir yana, üstəlik insanlar mənəvi travma da yaşayır. Pandemiya demək olar ki, başa çatıb artıq. Karantin qaydalarında xeyli yumşalmalar edilib. Peyvəndləmədə də yüksək göstəricilərə nail olunub. Elə isə sərhədlərin hələ də açılmamasının səbəbi nədir?

Qeyd edək ki, quru sərhədlərin açılmasının zəruriliyi ilə bağlı son günlərdə geniş müzakirələr aparılır. Millət vəkilləri də bu problemi qaldırır, quru sərhədlərin bağlı qalmasının həm ölkə iqtisadiyyatına, həm də vətəndaşlara zərərindən danışır, məsələnin tezliklə həll edilməli olduğunu bildirirlər. Millət vəkili, iqtisadçı Vüqar Bayramov konkret faktlar ortaya qoyub. Millət vəkili bildirib ki, Azərbaycana gələn turistlər arasında adətən Türkiyə, Rusiya, Gürcüstan və İran üstünlük təşkil edirdi. Lakin pandemiya səbəbindən quru yolların bağlanması bu ölkələrdən gələnlərin sayında kəskin azalma ilə müşayiət olunur. “2019-cu ilə ölkəyə 3.2 milyon turist gəlmişdisə, 2021-ci ildə pandemiya səbəbindən bu rəqəm 791,8 minədək azalıb. Bu ilin ilk aylarından etibarən ölkəmizə gələnlərin sayında artımın olmasına baxmayaraq, hələ də rəqəmlər pandemiyadan əvvəlki səviyyədən aşağıdır. Turizm neftdən sonra Azərbaycana ən çox valyuta gətirən sektordur. Pandemiyadan öncə illik turizm gəlirləri 2.7 milyard dollara yaxın idi. Bu sektor həmçinin məşğulluğa da xüsusi töhfə verir”.

Millət vəkili vurğulayıb ki, artıq əksər ölkələrdə karantin qaydaları kəskin yumşaldılıb. Azərbaycanda da karantin qadağalarının əksəriyyəti aradan qaldırılıb. Bununla yanaşı, bu sektorun inkişafı baxımından quru sərhədlərinin mərhələli açılışı ölkəyə gələn turistlərin sayının kəskin artmasına səbəb ola bilər:

“Statistika da göstərir ki, Azərbaycana səfər edənlərin əksəriyyəti qonşu ölkələrdən gəlirlər. Onlar eyni zamanda quru sərhədlərdən istifadəyə üstünlük verirdilər. Bu ilin 5 ayında da Azərbaycana gələn turistlərin 68.9 faizi quru sərhədlərimizin olduğu ölkələrin payına düşüb. Yəni Azərbaycana gələn hər 10 turistin 7-sinin vətəndaşlığı olduğu ölkə ilə quru sərhədlərimiz var. Bu baxımdan, quru sərhədlərin açılması ölkəyə daha çox turistin gəlməsinə səbəb olmaqla real sektora dəstək ola bilər". Dia.az-ın məlumatına görə, iqtisadçı-ekspert Fuad İbrahimov da “Şərq”ə açıqlamasında bildirib ki, münbit şəraitin yaranmasına baxmayaraq quru sərhədlərin qapalı qalmasının tutarlı bir səbəbi varsa, bu, mütləq açıqlanmalıdır:

- Mən bu məsələdə məmur hərəkətsizliyini əsas səbəb kimi görürəm. Susqunluq, hərəkətsizlik, süstlük var, bir nəfər də çıxıb açıqlama vermir ki, quru sərhədlər niyə, hansı səbəbdən açılmır. 2 il əvvəl pandemiya səbəbindən quru sərhədlərin bağlanmasına qərar verilib, 2 il keçir artıq, vəziyyət müsbətə doğru dəyişib, amma bizim bəzi məmurlar sanki yuxuya gediblər, gözləyirlər ki, kimsə bunları oyatsın, kimsə onların əvəzinə təkliflə çıxış etsin, problemi qaldırsın. Hazırkı şəraitdə quru sərhədlərin bağlı qalmasının əsaslı bir səbəbi görünmür; yoluxma statistikası müsbətdir. Peyvəndləmə faizi yüksəkdir. Təkcə bizdə deyil, eyni zamanda quru sərhədlərimiz olan qonşu dövlətlərin də statistikası var, koronavirusla bağlı. Hesab edirəm ki, qonşu ölkələrlə quru sərhədlər ikitərəfli qaydada açılmalıdır. Məncə, bunun üçün təkcə Azərbaycanın deyil, qonşu dövlətlərin də siyasi iradəsi vacibdir. Yəni bu məsələ birtərəfli qaydada həll edilə bilməz. Amma biz bilmirik ki, qonşu dövlətlərin mövqeyi necədir? Məsələni uzadan, yubadan hansı dövlətdir? Ola bilməz ki, 4 ölkənin 4-ü də, quru sərhədlərin açılmasına qarşı çıxsın. Çünki bu vəziyyət heç bir dövlətə, əslində sərfəli deyil. Əksinə, bütün qonşu dövlətlərə xeyirdir. Həm dövlət miqyasında iqtisadi mənfəət baxımından, həm də vətəndaşların mənfəəti baxımından. Tutalım, hazırda Rusiyanın məlum problemləri var, müharibə şəraitidir və sair. Hərçənd bu məsələnin Azərbaycanla əlaqələri baxımından həlli mümkün görünür. Amma Gürcüstan, İran, Türkiyədə hazırda stabil vəziyyətdir. Məncə, quru sərhədlərin açılmasına əsaslı bir maneə yoxdur. Sadəcə, bu barədə dəqiq məlumat verən, açıqlama ilə çıxış edən yoxdur. Bu da vətəndaşları bir tərəfdən qıcıqlandırır.

F.İbrahimov bildirdi ki, hava nəqliyyatı ilə səfərlər quru yolla gediş-gəlişi heç vaxt kompensasiya edə bilməz:

- Birincisi, təyyarələrin sayı azdır, tələbat ödəniləcək sayda təyyarə reysləri təşkil etmək mümkün deyil. İkinci, təyyarə biletləri çox bahadır. Bir təyyarə biletinin qiymətinə 10 nəfər avtobusla, şəxsi avtomobillə qonşu ölkələrə gedib-gələ bilər. Qiymət, xərclər arasındakı fərq o qədər böyükdür ki, təyyarə reyslərinə üstünlük verilməsini düşünmək belə absurddur. Quru sərhədlər açılsa, sərhədyanı bölgələrdə də hərəkətlilik yaranacaq, iqtisadi vəziyyət normallaşacaq. Turizmə dəstək öz yerində, quru sərhədlərin açılmasıyla yaranmış borclanmaları da aradan qaldırmaq mümkündür. Baxın, hava nəqliyyatı ilə gediş-gəlişə COVİD pasportu, buster doza, filan tələb olunur. Eyni tələbləri quru sərhədlərlə gediş-gəlişə tətbiq etmək olar da!.. Burda nə böyük problem var axı?!. Hesab edirəm ki, quru sərhədlər açılsa, bu, peyvəndləmədə yenidən canlanma yaradacaq. Qonşu ölkələrə səfər etmək istəyən, lakin peyvənd olunmamış vətəndaşlar məcburiyyət qarşısında peyvənd vurduracaqlar. Peyvəndləmə faizi daha da artacaq. Problemi sərhəd-keçid məntəqələrində yarana biləcək sıxlıqla əlaqələndirirlərsə, bunun həlli yolları var. Sərhəd-keçid məntəqələri fasiləsiz işləsin, uzun növbələr yaranmasın. Elektron portallar vasitəsilə vətəndaşlar qeydiyyata düşsün, peyvənd sertifikatları qeydə alınsın. Bir də ki, quru sərhədlərlə yükdaşımalar onsuz da həyata keçirilir.

Yükdaşımalar zamanı yaranan sıxlıq heç əhalinin gediş-gəlişi zamanı yaranmır. Hansı tərəfdən baxsan quru sərhədlərin açılması əlverişlidir, lazımdır. Sərhədlərin bağlı qalmasına da əsaslı bir səbəb görünmür. Bu, əsassız məhdudiyyətdir.
Tarix: 23-06-2022, 09:08
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}