“Hakim deyib ki, onu təhqir etmisən, o da səni vurub da” - ŞİKAYƏT

“Hakim deyib ki, onu təhqir etmisən, o da səni vurub da” - ŞİKAYƏT

Keçmiş kürəkəni tərəfindən oğlu bıçaqlanan, özü isə döyülən Balaxanı sakini Nadir Əmirov hakim Siyavuş Hacıyevin işə qərəzli yanaşdığını deyir
“Ayaz yaxın qohumlarına deyib ki, Şəfiqəyə 20 min manat vermişəm...”
Siyəzəndə anadan olan, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində yaşayan Əmirov Nadir Hacağa oğlu “Hürriyyət” qəzetinin redaksiyasına müraciət edib. N.Əmirov deyir ki, 2022-ci ilin sentyabr ayında övladı Əmirov Xəyal Nadir oğlu keçmiş kürəkəni Mustafayev Ayaz Oktay oğlu tərəfindən kəsici-deşici alətlə çoxsaylı zərbələrə məruz qaldığı, özü isə döyüldüyü halda, onun şikayəti müvafiq qurumlar tərəfindən obyektiv araşdırılmır:
“Məlumat üçün bildirim ki, 2022-ci il, sentyabrın 2-də qızımın ad günü idi, qonaqlarım gəlmişdi. Həmin vaxt nəvələrim də bizdə idi. Onları maşına yığıb, Balaxanının yenicə təmirdən çıxmış parkına apardım ki, 1-2 saat gəzsinlər, oynasınlar. Özüm də yaxınlıqdakı kafeyə keçdim. Bildirim ki, mən uzun illər avtobus sürücüsü olmuşam. Köhnə iş yoldaşlarım kafedə olduğundan onların yanına getdim ki, biraz vaxt keçsin, uşaqlar 1-2 saat gəzsin, sonra evə aparım”.
Şikayətçi deyir ki, təxminən 1-2 saat sonra kafeni tərk edərək maşınına əyləşir. Artıq hava qaralmağa başladığından nəvələrini evə aparmağı düşünür. Bu zaman məlum olur ki, keçmiş kürəkəni Ayaz Mustafayev kənardan onu güdürmüş. O, kafedən ayrılaraq maşına tərəfə gələndə A.Mustafayev və onunla birgə olan tanışı Nadir Əmirova yaxınlaşırlar: “Maşına oturub, xoda salmaq istəyəndə pəncərə döyüldü. Gördüm ki, keçmiş kürəkənimdir. Həmin vaxt artıq 4 il idi ki, o, qızımla rəsmi şəkildə boşanmışdılar. Hazırda 25, 23 yaşlarında oğulları, 17 yaşında qızları var. Boşanma zamanı uşaqlar atalarından imtina etmişdilər, içki düşkünü olduğu üçün...
Maşının qapısını açıb, nə istədiyini soruşdum. Bu zaman o, məni təhqir etməyə, söyməyə başladı. Yalnız onu başa düşdüm ki, “uşaqlar mənim soyadımdan niyə çıxmırlar?” deyə qışqırır. Doğrusu, mən həmin vaxt bu haqda məlumatsız idim. Çünki balaca uşaq deyillər ki, onların həyatına qarışım.
Daha sonra keçmiş kürəkən və yanındakı adını xatırlamadığım şəxs məni döyməyə başladılar. Həmin vaxt Ayazın əlində kəsici alət vardı. Lakin kafedəki sürücülər tökülüşüb gəldilər, məni onların əlindən aldılar. Onu da deyim ki, hadisə kameranın qarşısında baş vermişdi.
Sürücülər bizi ayırandan sonra onlar da çıxıb getdilər. Bu zaman oğlum gəldi, məni görüb dedi ki, nə olub? Dedim ki, heç nə, qurtardı getdi. Lakin kənardan kimsə dedi ki, keçmiş kürəkən və yanındakı şəxs atanı döyüb getdilər. Oğlum bunu eşidən kimi, onunla gələn bacımın kürəkəni ilə birgə maşına oturub getdilər. Mən onları saxlaya bilmədim. Sonra mən də maşına oturub, arxalarınca getdim.
Gedib gördüm ki, altda keçmiş kürəkəndir, üstündə oğlum, onu da arxadan digər şəxs tutub, Ayaz da altdan bıçaqla oğlumu vurur. Yerdə də yalan olmasın, yarım vedrəyə yaxın qan vardı. Bacımın kürəkəni ilə birgə üstdəki adamı kənara atdıq. İstədim bıçağı Ayazın əlindən alım, ayağımı biləyinin üstünə qoydum, bıçağı almağa çalışdım. Amma onun 100 kq çəkisi var, mənim 50-60 kq, gücüm çatmadı. Bu zaman oğlum artıq huşunu itirdi. Onu birtəhər maşına qoyub, Sabunçu Xəstəxanasına gətirdik. Daha sonra DİN-in 102 xidmətinə zəng vurdum.
Xəstəxanada oğlumu əməliyyat etdilər, 10 gün orada yatdı.
Keçmiş kürəkən Balaxanıda kirayədə qalırdı. Amma mən dəqiq hansı ünvanda qaldığını bilmirdim. O da siyəzənlidir, evlənəndən sonra mən gətirmişəm Balaxanıya.
DİN-ə müraciət etdikdən sonra polislər gəldi, onun evini soruşdular. Oğlunun biri dedi ki, mən harda qaldığını bilirəm. Onunla birgə gedib qapını döyürlər, açmır. Sonra oğlu pəncərədən girib, qapını açır, polislər götürüb aparırlar”.
Nadir Əmirov deyir ki, həmin hadisədən sonra Sabunçu Rayon Məhkəməsinin hakimi Nigar İmanovanın qərarı ilə Ayaz Mustafayevə cəmi 4 ay iş verilir: “Ona 4 ay iş verib, Kürdəxanıya göndərdilər. İkinci adamın ümumiyyətlə adı yox idi. 4 ay sonra, 31 dekabrda buraxdılar. Elə həmin gün də bizim üstümüzə gəldi. Qızım baxçada müəllimə işləyir, işə gedəndə qabağını kəsib, söyüb, təhqir edib. Polis nəzarəti altında idi, 2 dəfə 102-yə müraciət etdik, gəlib apardılar, dərhal da azad etdilər. 3-cü dəfə içkili vəziyyətdə həyətimizə girdi. Mən yenə DİN-in 102 xidmətinə müraciət etdim. Amma bu dəfə heç kim gəlmədi. Axırada, onu birtəhər bayıra çıxardım, itələdim ki, get evinə. İçkili olduğundan 10 metr aralıda gül əkilən yerə düşdü, qaldı orda.
Mən içəri girəndən sonra təcili yardım çağırıb. Ardınca da gedib polisə şikayət edib ki, guya, mən onu maşınla vurmuşam, ayağının üstündən keçmişəm və s. Özü də gəlib deyib ki, guya, həmin yerdə maşınla vurmuşam. Ərazidə şəkil də çəkiblər və mənim evim də düşüb. Müstəntiqə deyirəm ki, birincisi, mən onu vurmamışam, ikincisi, bunun burda nə işi vardı axı?! Axırda gedib Sabunçu prokururonun müavini ilə görüşdüm. Dedim, vuran burda, vurulan burda, məni nə üçün aparıb-gətirirsiniz?
Sonra işi başqa müstəntiqə verdilər. 6 ay da yeni müstəntiq işi uzatdı, nəhayət, sənədləri Ağır Cinayətlər Məhkəməsinə təqdim etdilər. Amma məhkəmə məni zərərçəkən kimi deyil, şahid kimi tanıdı. Proses oldu, hakim dedi ki, 1 həftəyə sizi yenidən çağıracağıq. Həmin vaxt dedim ki, bu adamı bayıra buraxmayın, üstümüzə gəlir. Görünür, ona nə isə deyilmişdi, 6 ay üzünü görmədik.
Vəkili Şəfiqə Nağıyeva bir neçə dəfə mənə dedi ki, ağsaqqal, bağışlamaq lazımdır. Şəkilləri göstərib dedim ki, sənin oğlunu bu günə salsalar, sən bağışlayarsan? Deyir ki, onsuz da sən bağışlasan da 3 il, əks halda 5 il iş verəcəklər”.
Şikayətçi deyir ki, 6 aylıq fasilədən sonra aprelin 17-də hakim Siyavuş Hacıyevin sədrliyi ilə Ağır Cinayətlər Məhkəməsində növbəti proses baş tutub: “Ayın 17-də, saat 5-də getdik. Bizdən əvvəl başqa 2 iş vardı. Onlar bitdi, təxminən yarım saat sonra bizim iş başladı. Məni hakim yenə zərərçəkən kimi tanımadı, bayıra çıxardı. Etiraz etdim ki, mən şahid deyiləm, zərərçəkənəm, məni niyə çıxarırsınız, baxan olmadı...
Heç 10 dəqiqə çəkmədi, iclas bitdi. Məlum oldu ki, növbəti məhkəmə prosesi mayın 17-nə təxirə düşüb”.
Nadir Əmirov iddia edir ki, hakim Siyavuş Hacıyev hadisəyə qeyri-obyektiv yanaşır: “Məhkəmədə oğlum yenidən ifadə verib. Hakim deyib ki, sən onu təhqir etmisən, o da səni vurub da.
İndi bilmirəm ki, kimə müraciət edim?! Hesab edirəm ki, hakim qərəzli mövqe tutur. İkinci adamı ümumiyyətlə çağırmadı. Daha doğrusu, guya çağırdı, o da dedi ki, Biləcəridəyəm, tıxacdır, gələ bilmirəm.
Qarşı tərəf vurduğunu danmır, deyir ki, vurmuşam. Sadəcə ikinci adamı aradan çıxarmaq istəyir. Halbuki, onlar məni də döyüblər, çox sayda şahid var, hadisə də kameranın altında olub. Məhkəmə imkan vermir ki, biz danışaq.
Mən müstəntiqə bu haqda ifadə verdim. Amma ifadəmin çapla yazılmış variantında fərqlər çoxdur, mənim sözlərim dəyişdirilib. Mən də oxumadan imza atmışam”.
Şikayətçi iddia edir ki, vəkil Şəfiqə Nağıyeva keçmiş kürəkənini pul gücünə azadlıqda saxlamağa çalışır: “Ayaz yaxın qohumlarına deyib ki, Şəfiqəyə 20 min manat vermişəm. Mən bunu müstəntiqə də dedim. Müstəntiq soruşdu ki, hansı Şəfiqə? Dedim tez-tez televiziyaya çıxır... Lakin müstəntiq onun haqqında heç də yaxşı söz demədi...”.
N.Əmirov deyir ki, Ayaz Mustafayevin yanındakı adamı ortadan çıxarmaqda məqsəd onun pulunu almaq olub: “İkinci adamın obyektləri var, maddi imkanı çoxdur. Mən elə bilirəm ki, Ayaza o da kömək edib. Onun deputatlardan biri ilə yaxın olduğu da deyilir”.
Hazırladı: İ.SABİRQIZI
Redaksiyadan: Qarşı tərədin mövqeyini dərc etməyə hazırıq.

facebook sharing button
Tarix: 30-04-2024, 08:41
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}