TÜRKİYƏ-İRAN İTTİFAQI:İslam dünyasının iki nəhəngi tarixi etibarsızlığı aradan qaldırmağı bacaracaqmı? - TƏHLİL

TÜRKİYƏ-İRAN İTTİFAQI:İslam dünyasının iki nəhəngi tarixi etibarsızlığı aradan qaldırmağı bacaracaqmı? - TƏHLİL Əhməd Məcidyar

"Middle East İnstitute" (Yaxın Şərq İnstitutu – ABŞ)



Tehranda İran prezidenti Həsən Ruhani və ali dini lider Əli Xamnei ilə "strateji danışıqlar" aparan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın gündəmində üç məsələ vardı: İraq, Suriya və ticarət.

Hər iki tərəf müstəqilliyini elan etməməsi üçün İraq Kürdüstanının qarşısını almaqda Bağdad hökumətinə yardım göstərməyə, Suriyada şiddəti azaltmaq və terrorizmlə mübarizədə yaxından əməkdaşlıq etməyə və yaxın gələcəkdə iki ölkə arasında ticarət dövriyyəsinin həcmini üç dəfə artırmağa razılaşıb.

İran və Türkiyə hökumətlərinin ikitərəfli münasibətlərin gücləndirilməsinə istiqamətli konkret addımlarına baxmayaraq, fərqli maraqlar və tarixi etibarsızlıq Yaxın şərqli iki rəqibin əməliyyat ortaqlığını strateji ittifaqa çevirmək cəhdlərinə mane olacaq.




Kürd müstəqilliyinə qarşı



Ərdoğanla görüşdə İranın bütün dövlət məsələlərində son söz sahibi olan Xamnei, 25 sentyabr müstəqillik referendumunu "xəyanət" hərəkəti kimi təsvir edib və vurğulayıb ki, İran və Türkiyə kürd liderlərin müstəqillik axtarışına qarşı çıxmaq üçün mümkün olan hər şeyi etməlidirlər. Ali lider İraqda müstəqil kürd dövlətinin yaradılmasının bütün bölgəyə mənfi təsir göstərəcəyini xəbərdar edib. "İraq hökuməti də bu məsələ ilə ciddi və qərarlı bir şəkildə məşğul olmalıdır", – deyə o əlavə edib.

İran mətbuatının xəbərlərinə görə, Ərdoğan, Xamnei və Ruhani, ABŞ və İsrailin iraqlı kürd liderlərinin havadarı olduğunu iddia ediblər. "Amerika və xarici güclərə etibar edilməməlidir, onlar bölgədə yeni İsrail meydana gətirməyə çalışırlar", – İranın rəsmi mənbələrinə əsasən, Xamnei Ərdoğana bildirib. Ərdoğansa: "Amerika və İsrail Kürdüstan məsələsində ortaq fikrə gəlib və Bərzani referendumu keçirərək bağışlanmaz səhv edib", – deyib. O əlavə edib ki, ABŞ, Fransa və İsrail Yaxın Şərq ölkələrini öz siyasi məqsədləri üçün bölmək istəyirlər: "Suriyaya dair də onların eyni dizaynı var idi".

Hər iki tərəf bölgədəki xarici müdaxiləyə qarşı çıxmaq üçün səylərini birləşdirməyə razılaşıb.

Ruhani və Ərdoğan ikitərəfli və regional məsələləri müzakirə edərək, hər iki tərəfin əməkdaşlığı genişləndirmək üzrə öhdəliyini təsdiqləyən ortaq bəyanat verib.

İran prezidenti İraq Kürdüstanındakı referendumdan danışarkən, Ərdoğan və Xamneiyə nisbətən daha yumşaq ifadələrdən istifadə etsə də, görüşdən sonra jurnalistlərə açıqlamasında İran və Türkiyə, İraq və Suriyanın ərazi bütövlüyünün təhlükəyə atılmamasını vurğulayıb və iki ölkənin "heç bir halda bölgədə separatçılıq məsələsini qəbul etmədiyini" deyib.

İran və Türkiyəni müstəqil kürd dövlətinin yaradılması ilə kürd icmalarında separatizmin güclənməsi narahat edir. Kürdlərin əksəriyyəti şiddətdən qaçıb öz ölkələrinə sadiq qaldıqlarına baxmayaraq, kiçik milliyyətçi qruplar neçə illərdir İran və Türkiyə hökumətlərinə qarşı qiyam qaldırıb və terror aktları törədiblər. Bundan əlavə, iranlı liderlər Vaşinqton və Təl-Əvivin “müstəqil Kürd dövlətini” İranın İraqdakı təsirini azaltmaq üçün dəstəklədiyinə inanırlar.



Qarşılıqlı güvən



Tehran və Ankaranın son zamanlar regional məsələlərdə yaxından əməkdaşlıq etmək və ikitərəfli ticarətin inkişafı üçün konkret addımlar atmalarına baxmayaraq, fərqli maraqlar və tarixi etibarsızlıq iki ölkənin əməkdaşlığının strateji tərəfdaşlığa çevrilməsinə mane olmağa davam edəcək.

Hər iki ölkənin məmurları fərqləri etiraf edir, lakin onları idarə etməyə çalışacaqlarına inanırlar.

"Bütün sahələrdə dostluq, əməkdaşlıq və davamlı əməliyyatlara baxmayaraq, bəzi sahələrdə fikir ayrılığı var. Ancaq iki ölkə razılaşdırılmış səviyyədə fərqləri idarə etmək üçün zəkalı şəkildə çalışırlar ki, ikitərəfli əlaqələri pozmasın", – İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Bəhram Qasimi “İran” qəzetinə müsahibəsində bildirib. Onun sözlərinə görə, ötən il baş verən çevriliş cəhdindən sonra Tehranda Ankaraya birmənalı dəstək türk hökumətinin İslam Respublikası ilə əlaqələrinə münasibətini dəyişdirib.

“Faruru.com”dakı məqalədə isə Tehranın – ABŞ-a və Avropadan gələn həssas cavablarla müqayisədə – Ankaranı dəstəkləməsi Türkiyə-İran əlaqələrində "dönüş nöqtəsi" adlandırılıb.

Ancaq bəzi digər iranlı media quruluşlarının fikrincə, Tehran və Ankaranın bölgədə "geosiyasi rəqabəti" sona çatdırmayacağı təqdirdə, əməkdaşlıq strateji əlaqələr meydana gətirmədən iflasa uğrayacaq.

Hətta İraq Kürdüstanı məsələsində Tehran və Ankara bir-birinin mövqeyini açıq şəkildə dəstəkləyir, lakin bir-birinin niyyətinə şübhə ilə yanaşırlar. Türkiyə Ərbillə sıx iqtisadi və hərbi əlaqələrə malikdir və onun İraq Kürdüstanı rəhbərliyi ilə bütün əlaqələri kəsməsi çətindir. Belə bir hərəkət, Türkiyənin iqtisadi və təhlükəsizlik maraqlarına zərər verəcək, nəticədə, İranı doldurmağa çalışacağı vakuum yaradacaq.

Eyni şəkildə, Tehranda çoxları Ankaranın Ərbilə sərt mövqeyini davam etdirəcəyinə şübhə edir. İran-İraq Ticarət Palatasının rəhbəri Seyyid Həmid Hüseyni bu həftə Tehranın İraq Kürdüstanına ticarət qadağası tətbiq etmək üçün regional səy göstərmənin vacibliyini vurğulayıb və bildirib ki, İranın İraq ixracının dörddə bir hissəsindən çoxu kürd bölgələrinə gedir. O da Türkiyəyə güvəndə şübhəyə düşüb: "Türkiyə qürur və iqtisadiyyat arasındakı döyüşdə iqtisadi-ticari məsələlərinə üstünlük verdiyini göstərdi".

Bu məqamda Rusiya təyyarəsinin vurulmasından sonra Ankaranın Moskva ilə ticarət əlaqələrini normallaşdırması üçün üzr istəməsini xatırlamağa dəyər.



Tərcümə: Strateq.az
Tarix: 6-10-2017, 09:59
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}