“Müstəqil Kürdüstan”ı hədələyən problemlər –Qaçaqmalçılıq, su müharibələri və bazara çıxa bilməyən neft... - TƏHLİL

“Müstəqil Kürdüstan”ı hədələyən problemlər –Qaçaqmalçılıq, su müharibələri və bazara çıxa bilməyən neft... - TƏHLİL "Kürdlər müstəqilliyə layiqdirlər, amma buna hələ hazır deyillər"

"The Daily Mail" yazır ki, prezident Rəcəb Tayyip Ərdoğan Türkiyənin tezliklə İraq Kürdüstanı ilə sərhədini bağlaya biləcəyini bəyan edib.

"Hava məkanı bağlanacaq… Quru yolu da tezliklə bağlanacaq. Onda siz ixrac-idxalınızı necə edəcəksiniz?"- Ərdoğan televizya ilə İraq kürdlərinə müraciətində deyib.


Məqalədə deyilir ki, Türkiyə təyyarələri artıq İraq Kürdüstanına uçuşları dayandırıb. Lakin bu, Ankaranın kürdləri cəzalandırmaq niyyətindən daha çox, Bağdadın göstərişinə görə baş verib.

Ərdoğan bildirib ki, onun ölkəsi İraq Kürdüstanına qarşı sanksiyalar məsələsində İraq və İranla birgə hərəkət edəcək.

Bu arada "Bloomberg" saytının redaksiya məqaləsində deyilir ki, Yaxın Şərqdə əsrlər boyunca başqalarının idarəsi altında olan 30 milyonluq kürd əhalisinin müstəqilliyə layiq olduğu şübhə doğurmur. Lakin hələlik nə kürdlər, nə də onların qonşuları bu müstəqilliyə hazır deyillər.

Məqalədə qeyd olunur ki, İraqın kürd regionunda keçən həftə keçirilmiş referendumdan sonra ona reaksiyalara ötəri nəzər salmaq belə nəticəyə gəlmək imkanı yaradır: “İran, İraq və Türkiyə kürdlər yaşayan ərazilərə bütün uçuşları dayandırıblar, ticarət əlaqələrini kəsiblər, üstəlik də kürd liderlərin müstəqillik elan edəcəkləri təqdirdə hərbi hərəkətlə hədələyiblər. Hər tərəfdən dağlarla əhatələnmiş doğulmaqda olan ölkə qonşuları ilə faktiki müharibə vəziyyətindədir və beşiyindəcə boğula bilər. Kürdlər neftin üstündə oturublar, lakin onu ixrac etməyin yolları yoxdursa, bu “qara qızıl” heç nə deməkdir. Türkiyə və İraq hökumətləri bəyan ediblər ki, suveren Kürdüstandan çıxan bütün kəmərləri bağlayacaqlar”.

"Bloomberg" yazır ki, beynəlxalq birlik kürdləri qeyri-müəyyən müddətə hamiliyə götürməsə, onlar çox tezliklə terrorçu qruplar tərəfindən idarə olunan qara bazar və qaçaqmalçılığa üz tutacaqlar.

Məqalədə deyilir ki, Kürdüstanın dərhal müstəqil olması qarşısında başqa praktik əngəllər də var. Kürdlərin yaşadığı ərazilərin elə həmin qonşularla su ehtiyatlarını paylaşma sazişləri olmalıdır. Yoxsa bölgə susuz qala bilər: “Kürdüstanda çox sayda qeyri-kürd xalqlar yaşayır və buna görə də yeni dövlətin sərhədləri uzun mübahisələrə gətirib çıxaracaq. Yerli Kürdüstan hökuməti borc içində batır, üstəlik onun hökuməti və hərbiyyəsi, referendumda səs verənlərin təsəvvüründəkindən qat-qat az yekdildir. 1990-cı illərdə kürdlərin öz aralarındakı vətəndaş müharibələri hələ yaddan çıxmayıb”.

Yazıda vurğulanır ki, regional mənada kürd müstəqilliyi dərhal qonşu İran və Türkiyədə müstəqillik hərəkatlarını alovlandıra bilər. Türkiyədə müstəqillik arzusunda olan kürd qruplaşmaları Ankaranın bu istəklərə necə sərt reaksiya verdiyini bilirlər. Üstəlik əgər qonşu Suriyadakı kürdlər də yeni Kürdüstan dövlətinə birləşmək istəsələr, onda siyasi razılaşmanın əldə olunması daha da müşkülə düşə bilər. Hələ gözləmək lazımdır ki, İŞİD-lə müharibəni bitirəndən sonra İraq özünün etnik azlıqları ilə necə davranacaq.

Məqalədə deyilir ki, bütün bunlar kürdlərin ABŞ-ın dəstəyinə layiq olmadıqları anlamına gəlmir. Körfəz müharibəsindən bəri İraq kürdləri Yaxın Şərqdə Amerikanın ən möhkəm müttəfiqi olublar. Kürdlər ABŞ-ın tətbiq etdiyi uçuşlarsız zonada funksional, avtonom qaydada idarə edilən ərazi yaradıblar. Elə Suriyada da kürdlər İŞİD-ə qarşı mübarizədə ABŞ-ın ən səmərəli təmsilçi qüvvələri sayılıblar: "Amma dövlətçilik nümunəvi davranışa görə hədiyyə edilmir. Nə də özlüyündə ədalət və insafa çağırışlar böhranlara son qoymur. Bu məsələlər praqmatik həll edilməlidir".

"Bloomberg" yazır ki, əgər ABŞ doğrudan da İraq kürdlərini dəstəkləmək istəyirsə, onlara yumşaq federativliyə malik İraqda ədalətli pay düşməsinə kömək etməlidir: “Bu, kürdlərə region daxilində real siyasi muxtariyyət verərdi. Belə muxtariyyət neft gəlirlərinin daha yaxşı bölüşdürülməsi prinsiplərini bərqərar edərdi. Kürdlər İraqın xarici və müdafiə siyasətlərində daha yaxşı təmsil olunardılar”.

"Bloomberg"in qənaətinə görə, eləcə də Suriyada kürdlərə müəyyən muxtariyyət və qoruma təmin olunmalıdır. Bundan başqa Vaşinqton kürd əhali üzərinə hücumlarını dayandırması üçün Türkiyəyə təzyiq də göstərə bilərdi.

Məqalənin sonluğunda deyilir: "Hələlik kürd dövlətçiliyi barədə arzular elə arzu olaraq qalmalıdır. Buna baxmayaraq, ABŞ kürd xalqı üçün hələ çox işlər görə bilər".

BBC
Tarix: 6-10-2017, 22:55
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}