Rusiya geopolitik tənhalıqdan necə çıxmalıdır? –"O, XƏYANƏT VƏ HÜCUM GÖZLƏYƏN QALANI XATIRLADIR" - TƏHLİL

Rusiya geopolitik tənhalıqdan necə çıxmalıdır? –"O, XƏYANƏT VƏ HÜCUM GÖZLƏYƏN QALANI XATIRLADIR" - TƏHLİL Ruslan QRİNBERQ,

Rusiya Elmlər Akademiyasının müxbir üzvü, İqtisadiyyat institutunun elmi rəhbəri


“Nezavisimaya Qazeta”, Rusiya



Əminəm ki, bu gün bizim ölkəmiz ən inkişaf etmiş və demokratik ölkələr arasında praktiki olaraq tənha qalıb. Mənə etiraz edəcəklər: bəs, bəşəriyyətin, az qala, üçdəbirinin olduğu BRİKS? Məgər Rusiya kimi, özü də nüvə dövləti olan bir ölkə, dünyada yalnız hesab edilə bilərmi? Məgər Rusiyanın tərəfdaşları arasında Çin, Braziliya, Hindistan kimi nəhənglər yoxdur? Məgər Yaponiya və Vyetnam, Cənubi Koreya və Venesuela, bir sıra Afrika ölkələri Ruiya ilə əməkdaşlıq etmir? Məgər hətta ABŞ-la birlikdə üç ilə yaxındır ki, Rusiyaya qarşı sanksiya siyasəti aparan AB ölkələri, buna baxmayaraq, onunla enerji sferasında, iqtisadiyyatın bir sıra digər sahələrində, mədəni mübadilə sahəsində əməkdaşlığa davam etmir? Nəhayət, hələ Rusiyanın faktiki olaraq liderlik etdiyi Avrasiya İttifaqı da var. Beynəlxalq aləmdəki bir sıra kəskin münaqişələrin tənzimlənməsinin Rusiyanın iştirakı olmadan, ümumiyyətlə qeyri-mümkün hesab edilməsini hələ demirik.



Burada hansı tənhalıqdan söhbət gedə bilər?



Nədənsə, bu dəlillər mənə inandırıcı gəlmir. Yəqin, o səbəbdəndir ki, mən “tənhalıq” anlayışını, deyək ki, ən yüksək səviyyəli, uğurlu və ya o qədər də uğurlu olmayan görüşlərdən, danışıqlardan, razılaşmalardan, müqavilələrdən və indiki "beynəlxalq yataqxana"nın digər atributlarından daha dərin hiss edirəm.

İngilis yazıçı, filosof və rəssamı Edvard Habbard təsdiq edirdi ki, “həqiqi tənhalıq – səni başa düşmək istəməyən və ya başa düşə bilməyən çoxlarının varlığıdır”. Bu sətirlər isə onun rus müasiri, şair və nasiri Dmitri Merejkovskiyə aiddir: “Heç kim heç nədə günahkar deyil: kim ki qürurunu boğa bilmir, o, əbədi tənha olacaqdır”.

Budur, həqiqətdə günah comərdlik deyil, qürurdur.

Təbii ki, bir adamın və bir ölkənin tənhalığını müqayisə etmək açıq-açığına düzgün deyil. Lakin razılaşın ki, sitat gətirilən şeir sətirləriylə bugünkü Rusiyanın düşdüyü vəziyyət arasında nə isə bir ümumi cəhət vardır. O, sanki, özünə düşmənlərlə əhatə olunan, xəyanət və hücum gözləyən qala missiyası müəyyən edib. Hələ ki, bu qala ilə bağlı hər hansı bir qorxulu hadisə baş vermədiyi halda, qala gözətçiləri isə bu cür davrandığından, onun əhatəsindəki düşmən anlaşılmazlığa və qorxuya düşür, öz hərbi büdcələrini artıraraq (məsələn, Tramp dönəmində ABŞ-ın 50 mlrd. dollar artırması kimi) daha düşməncə davranır, sanksiyaların sayını artırır və s.

Bəli, mən razılaşmağa hazıram ki, Rusiyanın hazırkı tənhalığı tamamilə mütləq deyil. Həqiqətən, bizim ölkəmizin dəyişməz olaraq aparıcı rollardan birini oynadığı BRİKS, ŞƏT, Avrasiya İttifaqı tamamilə işlək layihələrdir və bizim qəzəbli XİN sözçüsünün dili ilə ifadə etsək, ölkəmiz dünya siyasi pokerində xallar yığır.

Doğrudur, aralarında heç də az olmayan ciddi ziddiyyətlər, mübahisəli məsələlər və qarşılıqlı incikliklər olan dövlətlərlə “strateji tərəfdaşlıq”dan məftun olmaq lazım deyil. Əlbəttə, adları keçən ittifaqların üzvü olan çox sayda ölkəni bizim açıq amerikan əleyhdarı olmamız cəlb edir. Heç kim güclü və zəngin olanları, xüsusən də onların dünya işlərində özlərini təkəbbürlü aparmalarına görə, sevmir. Ancaq onlar Rusiyanın nə Krımdakı, nə də Cənubi-Şərqi Ukraynadakı hərəkətlərini rəsmi olaraq müdafiə etmirlər və çox ehtimal ki, müdafiə etməyəcəklər də.

Xüsusən məyusedicidir ki, müasir dünyanın avanqardına mənsub olan cəmiyyətlər, yəni, Şimali Amerika və Avropa ölkələrinin cəmiyyətləri, xoşumuza gəlsə də, gəlməsə də, bizdən uzaqlaşırlar. Axı məhz onlar, coğrafi, tarixi, mədəni və mənəvi dəyərlər, ümumiyyətlə mentalitet baxımından bizə hamıdan yaxındırlar.

Rusiya və Qərbin yadlaşması bu gün böyük ölçülərə çatıb və hər şeydən göründüyü kimi, hələlik ötən əsrin 80-ci illərinin sonu – 90-cı illərinin əvvəlindəki, soyuq müharibənin bitdiyi və “əbədi sülh” dövrünün başlandığının düşünüldüyü, uğurlu zamanlara dönüşə xüsusi ümidlər yoxdur. Alınmadı.

Qərbin, xüsusən də ABŞ-ın ziyanlı triumfalizmi (“Biz soyuq müharibədə qalib gəldik və dünyanı digərlərinin maraqları ilə hesablaşmadan idarə edə bilərik”) və Rusiyanın, suveren Ukraynaya münasibətdə, aradan qaldırılmamış “böyük qardaş” sindromu Donbasda, hələ beş il bundan öncə qorxulu yuxuda belə təsəvvür edilməsi mümkün olmayan, dəhşətli qan axıdılmasına gətirib çıxardı.

Bu faciənin nəticələri dəhşətlidir və bizim Qərblə, xüsusən də Ukrayna ilə münasibətlərimizin övqatını hələ uzun müddət təlx edəcəkdir. Qısamüddətli planda burada, nə qədər bayağı səslənsə də, münaqişənin dondurulmasının alternativi yoxdur. İnanmaq istərdik ki, Putinin bu yaxınlardakı yalnız düşmən tərəflərin təmas xəttində deyil, özü-özünü müstəqil elan edən Donbas respublikasının bütün ərazisində də BMT sülhməramlı qüvvələrinin yerləşdirilməsi haqqındakı bəyanatı, nəhayət, burada atışmanın tam kəsilməsinə gətirib çıxaracaqdır.

Bizim geopolitik tənhalığımızın başa çatması isə qarşılıqlı barışıq üçün obyektiv şəraitin bu gün soyuq müharibə dövrünə nisbətən əlverişli olmasına baxmayaraq, daha mürəkkəbdir. Qarşılıqlı inamsızlıq çox böyükdür. Ancaq onu dəf etmək bu gün hər halda soyuq müharibə dövrünə, Qərblə SSRİ-ni (mahiyyətcə, böyük Rusiyanı) əks ideologiyaların ayırdığı zamana nisbətən daha asandır. Xoşbəxtlikdən, bu gün o (əks ideologiyalar – tərc.), yoxdur. Mixail Qorbaçovun kommunist ideologiyasını faktiki olaraq ləğv etməsindən, “şəhərə və dünyaya” “ümumbəşəri dəyərlər”in öncəliyini təklif etməsindən sonra qarşılıqlı məhvetmə təhdidinin aradan qaldırılması yalnız arzuedilən deyil, həm də mümkün oldu.

Hazırkı münaqişənin mahiyyəti nədir? Biz, mənə elə gəlir ki, sadəcə hər şeydə bərabərhüquqluluq istəyirik. Onlarsa istəyir ki, biz həmişə kiçik tərəfdaş olaq. Əminəm ki, xoş məram olarsa, tərəflər, sıfır hesablı oyuna qaçmadan, kompromis həll tapmaq iqtidarındadırlar. Əlbəttə, Qərb öz qürurunu sakitləşdirməli olacaq, heç olmasa ona görə ki, onun alışmış olduğu hegemoniya ciddi şəkildə laxlayıb.

Rusiya isə, məncə, dünya işlərində müdrik xalq əxlaq qaydalarını daha tez-tez rəhbər tutmalıdı.

“Geri qalanları döyürlər”. Ona görə də hər şeydən öncə, milli iqtisadi, təhsil, mədəni və elmi potensialımız sistemli olaraq artırılmalı və beləliklə, ölkəmiz müasir insanın tamkeyfiyyətli həyatı üçün cəlbedici əraziyə çevrilməlidi.

“İnciklərlə su daşıyırlar”. İnciməməli və emosiyalara təslim olmamalı, bizim günahkar – ikili və üçlü standartlı dünyamızla barışmalı və öz ləyaqətimizi itirmədən, onda yaşamağı öyrənməliyik.

“Zənginlə (məhkəmədə) çəkişmə, güclü ilə dalaşma”. Hər şeydə, hər şeydən öncə də müdafiə sahəsində rasional yetərlilik prinsipinə əməl edilməli, “topların və yağın” ağıllı nisbəti təmin edilməlidi.

Tənhalıqda çıxış resepti də elə budur…



Tərcümə Strateq.az-ındır
Tarix: 7-10-2017, 21:43
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}