Putin komandasını “təmizləyir”: Etibarlı kadr qələbə deməkdir

Putin komandasını “təmizləyir”: Etibarlı kadr qələbə deməkdir Rusiya prezidenti Vladimir Putin Oryol vilayətinin qubernatoru Vadim Potomskini vəzifəsindən kənarlaşdırıb. Bundan əvvəl isə Primorye vilayətinin qubernatoru Mikluşevski də vəzifəsindən kənarlaşdırılıb. Qeyd edək ki, bir neçə gün əvvəl Nenetsk Muxtar Respublikası, Krasnoyarsk, Dağıstan, Nijni Novqorod və Samara vilayətlərinin başçıları da Putinin sərəncamı ilə postlarından uzaqlaşdırılıb. Onu da qeyd edək ki, bir müddət öncə Rusiya KİV-lərində 10 vilayətinin başçısının dəyişdiriləcəyi ilə bağlı məlumatlar yayılmışdı.

Putinin seçki hazırlığı

Kremlin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov baş verən dəyişikliləri “islahat” adlandırsa da Fransada nəşr olunan “La Figero” qəzeti bunu Putinin gələn il federasiyada keçiriləcək prezident seçkilərinə hazırlığı adlandırıb. Qəzet qeyd edir ki, yeni favoritləri təyin edərkən Putinin əsas meyarı onun növbəti müddətə seçilməsini təmin etmək bacarığıdır. “Vıbor Rosiya” (“Rusiyanın Seçimi”) hərəkatının lideri Vladimir Rıjkov da hesab edir ki, Putinin qubernator korpusunu kütləvi dəyişməsi gələn ilin martında keçiriləcək prezident seçkiləri ilə bağlıdır:
Putin komandasını “təmizləyir”: Etibarlı kadr qələbə deməkdir
“Kreml ayrı-ayrılıqda hər region üzrə sosioloji sorğuların nəticələrini çox diqqətlə izləyir və bir çox yerlərdə əhalinin qubernatorlara etimadının aşağı olmasından son dərəcə narahatdır. Çox pis sosial-iqtisadi durum fonunda etiraz əhval-ruhiyyəsi yaranır, əhalinin narazılığı artır. Buna görə də insanlar tərəfindən rəğbətlə qarşılaynmayan qubernatorları postlarından uzaqlaşdırır”.

Politoloq Konstantin Kalaçev bildirib ki, dəyişikliklər hakimiyyətdaxili münaqişələrlə bağlıdır. Politoloq hesab edir ki, qubernatorlar yerlərdə vəziyyəti tam idarə edə bilmirlər:


“Prezident seçkilərindən öncə rotasiya isə regionlarda sosial rifahın yaxşılaşmasına kömək edir və prezidentin əhalinin hələ ümid bəslədiyi adamlarla seçkiyə getməsinə imkan verməlidir. Buna görə də qubernatorların nüfuzuna, onların yerli elitalarla, təsir qrupları ilə münasibətlərinə, onların federal səviyyədə dəstəklənib-dəstəklənməməsinə, son seçki kampaniyalarının necə keçirilməsinə, region rəhbərinin öz ərazisində duruma necə nəzarət etməsinə baxmaq lazım idi”.

Stalinsayağı qərarlar

Putinin gözlənilməz dəyişikliklərində diqqət çəkən əsas məqam bundan ibarətdir ki, o, etniklərin yaşadığı bölgələrə milliyətcə rus olan şəxsləri rəhbər posta təyin etməyə başlayıb. Məsələn, Çar Rusiyasından bu yana Dağıstan tarixində ilk dəfədir ki, separatizmin güclü olduğu bu bölgəyə rus rəhbərlik edəcək.

Rusiya KİV-ləri Putinin hədəfində seçki ərəfəsində ona baş ağrısı yaradacaq və separatizmin güclü olduğu muxtar subyektlərin olacağını iddia edirlər. Mediada bu dəyişikliklərin müzakirə olunduğu vaxt, bir müddət əvvəl hakimiyyətin etniklərin dilləri ilə bağlı verdiyi qərarlara etiraz aksiyalarının keçirildiyi Tatarıstan, Buryatiya, Şərqi Sibir və Çuvaşetiyadakı hadisələr xatırladılıb. Ehtimal olunur ki, Kreml başçısı özünə qarşı təhlükə kimi gördüyü bu regional rəhbərliklərə də “əl gəzdirə” bilər.

Putin Çinlə təhdid edildi

Qeyd edək ki, bir müddət əvvəl Putin Rusiya Baş Prokurorluğuna etnik respublikalarda rusların zorla yerli dilləri öyrənməyə məcbur edildiklərinə dair faktların araşdırılmasını tapşırıb. İyul ayında Putin Mari El respublikasına səfəri zamanı bildirmişdi ki, kiminsə öz ana dili olmayan dili öyrənməyə məcbur edilməsi, habelə, Rusiyanın etnik regionlarında rus dili dərslərinin saatlarının ixtisarı yolverilməzdir. Putinin bəyanatı və iddiası Tatarıstan və Çuvaşetiya ilə yanaşı Buryatiya, Çeçenistan və etniklərin üstünlük təşkil etdiyi muxtar subyektlərdə narazılığa səbəb olub. Hakimiyyətə qarşı etiraz aksiyaları keçirən insanların Kremlin bu ittihamlarını “faşizm” adlandırdılar. Artıq bu baxımdan bir müddətdir ki, Rusiyadan ayrılmağa meyilli olan bölgələrdə Rusiya hakimiyyətinə qarşı fəallaşma müşahidə olunur. Kremlin qaydalarına ən kəskin etiraz isə Buryatiyadan gəlməyə başlayıb. Hakimiyətin qərarları ilə razılaşmayan buryatlar Putini Çinə birləşəcəkləri ilə hədələyiblər.

Rusiya “etnik bomba” üzərində

Politoloq Konstantin Sivakov kimi nüfuzlu politoloqlar hesab edirlər ki, regionları cənginə alan etiraz aksiyaları Rusiya daxilində çaxnaşma yaratmaq istəyən Qərbin əlində Putin əleyhinə istifadə olunan “kart”a çevrilə bilər. Ekspertlərə görə, Kreml başçısının etniklərin öz ana dillərində təhsil almaq hüququndan məhrum etmək səyləri bu narazılıqların başlamasına rəvac verib. Həmin bölgələrə milliyətcə rus olan şəxslərin təyin edilməsi isə gərginlikdə olan prosesləri məcrasından daşıra bilər. Hesab olunur ki, Putinin seçkilərə hazırlıq məqsədi daşıyan bu dəyişikliklər nəinki gərginliyi azaldacaq, seçkilər ərəfəsində kənar müdaxilələrlə böyük bir partlayışa səbəb ola bilər.

Mənsur Rəğbətoğlu

Cebhe.info
Tarix: 11-10-2017, 22:48
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}