ASİYANIN İKİ NƏHƏNGİ ÜZ-ÜZƏ:Çin və Hindistanın bölüşə bilmədiyi kiçik ərazi böyük savaş doğura bilər - TƏHLİL


Bruno Masaeş

“Politico” (ABŞ)



Dünyanın iqtisadi ağırlıq mərkəzini xəritəyə çəkmək istəsəniz, o, dübbədüz Avropa və Asiya arasındakı sərhədlə üst-üstə düşəcək. Ancaq yaxın 40 ildə bu xətt Atlantik okeanından Himalay dağlarına qədər uzun bir qövs cızacaq. İki tamamilə modernləşmiş nəhəng – Hindistan və Çinin sərhədinə.


Bu yaxınlarda Hindistanda baş nazir Narendra Modinin yeni xarici siyasəti üzrə “beyin mərkəzləri”ndən biri olan Vicay Çautaivale ilə söhbət edirdim. O, hakim “Bharatiya Canata” Partiyasının xarici işlər idarəsinə rəhbərlik edir. Çautaivale ilə söhbətdən Çinlə Hindistan arasındakı potensial qarşıdurmanın nə ilə bitəcəyini bilmək istəyirdim.

Genişlənən Çin və geriləyən ABŞ arasında böyük bir sövdələşmə olduğu güman edilir. Asiya nəhəngi yavaş-yavaş Birləşmiş Ştatların tərk etdiyi əraziləri ələ keçirir və hər ikisi arasında tarazlıq yaranır. Ancaq Çin və Hindistan qaçaraq hərəkətlərlə, eyni məkanlara göz dikərkən, nə baş verir?

Çautaivale Hindistana xarici siyasətdə daima yol göstərmiş ənənəvi Nehruçu elitaya çağırış edən "internet hinduları"nın səslərini sakitləşdirməyə çalışır. O deyir ki, səbr – ağıllı siyasətdir, çünki Hindistanın mövqeyi daha da güclənəcək. Ancaq Çin də hind xarici siyasətində ən böyük sual halına gəlir. İki ölkə, Maldiv adaları və Himalayalarda mübahisəli bir mövqe ilə bağlı davamlı qarşıdurmanı ehtiva edən yeni soyuq müharibəyə başlayıb.

Bu həftə Çinin dövlət nəşri – “Global Times” qəzeti Maldivlərə müdaxilə etdiyi halda, Hindistanı hərbi cavabla təhdid edib. Doklamdakı ötən qarşıdurma da buna dair ipucları verir.

Keçən yay Çin qoşunları Çin-Butan sərhədində mübahisəli ərazidə yol çəkməklə gözə dəyiblər. Bu ərazilər Hindistanın şimal-şərq əyalətləri boyu uzanan torpaq zolağıdır və Doklam platosu adlanır. Əgər Çin Siriquru dəhlizinin qarşısını alarsa, dağıdıcı müharibə ssenarisində bu, şimal-şərq bölgəsini təcrid edəcək.



Hindistan Çinin hərəkətini status-kvo üçün qəbuledilməz bir dəyişiklik sayıb, öz sərhədini keçib və işlərin dayandırılmasına nail olub.

Çautaivale sərhədi keçmə və tikintinin qarşısını alma qərarının diqqətlə ölçülüb-biçildiyini və qəsdən edildiyini təsdiqləyir.

Hindistanlı strateqlər bilirlər ki, Çin yerlərdə faktları dəyişərək, bəzən yavaş addımlarla, lakin həmişə böyük hədəfləri nəzərə alaraq irəliləyir. Bu strategiyaya qarşı durmaq üçün yalnız bir yol var və bu, hər hansı bir cəhdin qarşısını almaqdır.

"Çinin gözü qorxdu", – deyə Çautaivale iki ölkənin öz qoşunlarını geri çəkməsi ilə bitən razılığa istinad edir. Çinin sonradan bölgəyə dönməsi xəbərlərinə Çautaivale gülümsəməklə cavab verir. O, Hindistanın da buna hazır olduğunu söyləyir.

Bu, təhlükəli oyundur. Hindistan hərbi kəşfiyyatının zabiti polkovnik Vinayak Bhat tərəfindən araşdırılan peyk görüntüləri Çinin mübahisəli sərhəd bölgəsi daxilində daimi mövqelərdə olduğunu göstərir. Yeni görüntülərdə konkret postlar, yeddi helikopter, bir neçə zirehli nəqliyyat vasitəsi və ən modern hind müşahidə qülləsi və xəndəklər görünür. Şimal yaylasında demək olar ki, hər təpə üzərində qurulan döyüş qüllələri böyük, ikiqat kommunikasiyalı xəndəkləri var.

Polkovnik Bhat Hindistan ordusunda 30 ildən çox xidmət edib. Yüksək sahələrində yerləşən ərazilərin peyk təsviri təhlilçisi olmaqla yanaşı, o, sərhəd heyətlərinin görüşlərində Çin dilindən tərcüməçi olaraq da iştirak edib.

Mən Pekinin Doklam platosunun üzərində nəzarəti təmin etmək üçün niyə bu qədər qərarlı olduğunu soruşdum. Axı əvvəl-axır bu sərhəd zonaları hər hansı yaşayış mərkəzindən çox-çox uzaqdır və bir çox hallarda faktiki sərhədin müəyyənləşdirilməsi çətindir – demarkasiya xətti Sin imperiyası ilə Britaniya Racı arasında köhnə müqavilələrə və köhnəlmiş, əllə tərtib edilmiş xəritələrə əsaslanır. Burada kimin üstünlük qazanması məgər belə vacibdir?

Bhat deyir: "Bu çox, vacibdir. Çinlilər Doklama, xüsusilə Cənubi Doklama nəzarət etsələr, Siliquri dəhlizini təhdid edə biləcəklər. Doklam platosundan bütün ərazi ovuc kimi görünəcək. Bu yüksək dağlıq ərazilərdə 9-16 müdafiə batalyonuna ehtiyacınız olacaq. Bu halda hesablamalar dəyişir”.

Hindistan düşünür ki, Doklamda yay qarşıdurmasını qalib gəlib, amma Çin strategiyası cavab vermədən yorğunluq yaratmağa əsaslanır. Digər tərəf qalib gəldiyini düşünürsə, Pekin problemi yenidən qaldırmaq və ya yenidən təxribat törətmə ehtimalını fikirləşir.

Polkovnik Bhat deyir ki, Çin artıq platoda təsirli nəzarətə malikdir, lakin əgər o, strateji üstünlükdən istifadə edərsə və yaydakı çəkinmə nöqtəsini keçərsə, "bu, müharibə deməkdir".

Geniş təxəyyülü olanlar üçün bu sözlər – bəsirətdir. Gələcəyin tarixi Asiyada yazılacaq və bəlkə də, keçmişdə baş verənləri mükəmməl bir şəkildə geri qaytarmaq üçün Qərb bu tarixə sürüklənə bilər – başqaları tərəfindən yazılan uzun və qanlı hekayətə.



Tərcümə: Strateq.az
Tarix: 14-02-2018, 23:50
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}