Jirinovski Kremlin kartlarını açdı: Söz deputatın, fikir prezidentin

Jirinovski Kremlin kartlarını açdı: Söz deputatın, fikir prezidentin
Rusiya Liberal - Demokrat Partiyasının (RLDP) lideri, deputat Vladimir Jirinovski növbəti dəfə Ermənistan – Azərbaycan münaqişəsi barədə danışıb.

Cebhe.info xəbər verir ki, Rusiya - Ermənistan münasibətlərinə həsr edilmiş tədbirdə çıxış edən Jirinovski ölkəsində heç vaxt anti-erməni əhval-ruhiyyəsinin olmadığını deyib.


“Qarabağ konfliktinin həlli onun Rusiyanın tərkibinə daxil olmasıyla ola bilər. Lakin Qarabağ Rusiyadan çox uzaqda yerləşir. Ermənistan ölkədə Rusiya hərbçilərinin sayını artırmalıdır və hər zaman şimala – Moskva və Kremlə baxmalıdır. Moskva erməniləri istənilən zaman qoruyur. Cənub istiqaməti Rusiya üçün prioritetdir. Ermənistan bizim üçün vacib geostrateji nöqtədir. Ermənistan öz düşmənləri ilə hər zaman bacarıb, amma məhz Rusiya erməni dövlətini gücləndirməyə və inkişaf etməyə yardım edib. Bizə qədər Ermənistan hissələrə parçalanmışdı. Ona görə də Ermənistan dövlətinin siyasi xəritədə mövcudluğu Rusiyanın xidmətidir. Ermənistan hər zaman dəstəyə görə Rusiyaya minnətdar olacaq”, – deyə o bildirib.



Rusiyaya birləşmək təklifi

Xatırladaq ki, tez-tez Qarabağ münaqişəsi ilə bağlı sərsəm iddialarla gündəmə gələn Vladimir Jirinovski bir neçə gün əvvəl Qarabağ probleminin həlli üçün Azərbaycan və Ermənistanın Rusiyanın tərkibinə daxil edilməsi təklifini səsləndirmişdi: “Qarabağ problemi – qaynar nöqtə artıq 30 ildir tüstülənir. Təəssüf ki, bu, postsovet məkanında millətlərarası münaqişənin müharibəyə səbəb olduğu yeganə region deyil. Ukrayna, Gürcüstan, Orta Asiya ölkələri - hər yerdə oxşar problemlər var. Yalnız bir həll yolu var - milli sərhədlərin saxlanılması şərtilə Rusiya ilə federasiya şəklində birləşmə. Mən bütün keçmiş SSRİ ölkələri haqda danışıram. Əlbəttə, yalnız könüllü əsasda, referendumlar vasitəsilə. Biz belə fikir ayrılıqlarını yalnız vahid dövlət çərçivəsində aradan qaldıra biləcəyik, orada incikliklər üçün əsaslar olmayacaq ki, kimsə başqasının torpağını tutdu – o, tam bizim olacaq”.

Jirinovskinin sərsəm dili, yoxsa Putinin beyni?

Azərbaycanda, elə Rusiyada da Jirinovskinin qeyri-adi açıqlamaları sərsəmləmə kimi qəbul edilsə də siyasi çevrələr onun fikirlərinə kifayət qədər ciddi yanaşırlar. “Putin beynindəki fikrini Jirinovskinin dili ilə çatdırır” – ən ciddi siyasət adamlarının Vladimir Jirinovskiyə verdikləri qiymət budur. Yəni, RLDP liderinin Qarabağla bağlı verdiyi hər açıqlama bizim üçün həssasdır. Bunların birbaşa Kremlin siyasi iradəsindən çıxan fikirlər olduğuna şübhə yoxdur. Jirinovskini qeyri-ciddi göstərən xüsusiyyəti isə Putinin siyasi planlarını özünəməxsus ritorika ilə çatdırmasıdır.

RLDP liderinin “Rusiyada heç vaxt antierməni əhval-ruhiyyəsi olmayıb”, “Qarabağ problemini yalnız Rusiyaya birləşməklə həll etmək mümkündür” iddialarına gəlincə, hələ 1980-ci illərin sonlarında Ermənistandan Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə ilk hücumlar başlayanda insanlar o qravürə inanırdılar ki, təşkilatçısı Rusiyadır. Əlbəttə, həmin dönəmdə SSRİ son günlərini yaşayırdı – Rusiya imperiya kimi sonuncu nəfəsini verirdi. Moskvada başa düşürdülər ki, Sovet İttifaqı dağılandan sonra imperiyaya daxil olan 14 respublikanı nəzarətdə saxlamaq mümkün olmayacaq. Bu, həmin coğrafiyada yaranan müstəqil dövlətlərə qarşı yeni təzyiq rıçaqları əldə etmək zərurətini ortaya çıxardı. Rusiyanın bunun üçün üz tuta biləcəyi yeganə siyasət isə işğalçılıq idi. Dağlıq Qarabağı işğal etməklə Azərbaycan, Cənubi Osetiya və Abxaziyanı işğal etməklə Gürcüstan, Dnestryanı bölgəni işğalıyla Moldova, Krım və Donbası tutmaqla Ukraynanı təsir dairəsində saxlamağa cəhd etdi. Düzdür, bu işğallar həmin ölkələri birbaşa Rusiyanın siyasi orbitinə itələməsə də, Moskva bununla istədiyi vaxt bu keçmiş sovet respublikalarına təsir edə biləcək imkanlar əldə etdi.



Yenidən imperiya olmağın zəmanəti

Beləliklə, keçmiş Sovet coğrafiyası SSRİ kimi nəhəng imperiyanın dağılmasıyla yuvarlandıqları təlatümdən çıxmamış regional münaqişələr içində qaynamağa başladılar. Bu münaqişələrin hər birinin ayrı-ayrılıqda həll “açar”nın Moskvada olduğuna isə şübhə yoxdur. Rusiya Dağlıq Qarabağ da daxil olmaqla, bütün regional münaqişələrə keçmiş SSRİ coğrafiyasında öz imperiya gücünü yenidən bərpa etməyin zəmanəti kimi baxır. Moskvada hesab edirlər ki, nə vaxtsa həllsiz münaqişələrdən yorulan bu respublikalar yenidən Rusiyanın siyasi orbitinə qayıtmaq məcburiyyətində qalacaqlar. Kremlin Dağlıq Qarabağ münaqişəsinə yanaşması da bundan kənarda deyil. Təsadüfi deyil ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov dəfələrlə Dağlıq Qarabağ münaqişəsindən danışanda Azərbaycanın nə vaxtsa Avrasiya İttifaqı, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) və Gömrük İttifaqına üzv olacağı gözləntilərinə də diqqət çəkib. İstər Lavrov, istər Mariya Zaxarova, istərsə də digər diplomatlar səviyyəsində bu iki ayrı-ayrı məsələnin bir açıqlamada təqdim edilməsi ictimai-siyasi rəydə o fikri qüvvətləndirdi ki, Moskva Dağlıq Qarabağ münaqişəsini yalnız Azərbaycanın bu ittifaqlara üzv olması müqabilində həll edə bilər. Kreml üçün isə Azərbaycanla yanaşı, Gürcüstan, Moldova və Ukraynanın da bu ittifaqlara üzv olması Rusiyanın imperiya dövrünə qayıdışı üçün atılacaq ilk addım olacaq.

Başqa sözlə, Jirinovskinin son və bundan əvvəlki açıqlamaları siyasi çevrələr tərəfindən kifayət qədər ciddi qəbul edilir. Bu, Putinin təkliflərinin regional münaqişələrlə üzləşmiş respublikalara xatırlatmasıdır. Hesab etmək olar ki, Kreml hər dəfə Jirinovski vasitəsilə bu xatırlatmanı edir və gözləmə mövqeyində dayanır.
Tarix: 16-02-2018, 20:48
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}