GENERAL DUSTUMUN QANLI QAYIDIŞI…- Türkiyə və Əfqanıstan Əbdül Rəşid Dustumdan necə yararlanmaq istəyir?



Bir ildən artıqdır Türkiyədə olan Əfqanıstanın birinci vitse-prezidenti, general Əbdül Rəşid Dustumun ölkəsinə qayıdışı səs-küylü oldu. İyulun 22-də Əfqanıstana gələn Dustumu Hamid Karzai adına beynəlxalq aeroportda qarşılamağa yüzlərlə insan, o cümlədən yüksək vəzifəli məmurlar gəlmişdi. General Kabil aeroportunu tərk edərkən yaxınlıqda güclü partlayış baş verdi. Zirehli maşında olan Dustumun özü xəsarət almasa da, ərazidə toplaşan insanlardan 16-sı həyatını itirdi, 60 nəfər yaralandı. Həlak olanların əksəriyyətinin təhlükəsizlik qüvvələrinin əməkdaşları olduğu bildirilir. Terakta görə məsuliyyəti İŞİD öz üzərinə götürdü.

Bu, Əbdül Rəşid Dostumun 14 ay əvvəl Türkiyəyə getdikdən sonra vətənə ilk qayıdışı idi. Əfqanıstandakı etnik özbəklərin lideri olan general Dustum 2014-cü ildəki prezident seçkilərindən sonra vitse-prezident postunu tutub.

Hərbi-siyasi lider olan Dustumu öz komandasına daxil etməklə hazırkı prezident Əşrəf Qəni bir növ, seçkilərdəki qələbəsini təmin etmişdi.

Dustum Əfqanıstandan Türkiyəyə 2017-ci ilin mayında getmişdi. Özü bu gedişi səhhətindəki problemlər və Türkiyədə müalicə olunmaq istəyi ilə əlaqələndirsə də, müşahidəçilərin fikrincə, əslində general ona ünvanlanan ittihamlardan qaçmışdı. Dustumun adamları generalın siyasi rəqibini oğurlamaqda ittiham olunurdu.

2016-cı noyabrında Dustum insanların qarşısında Cauzcan əyalətinin qubernatoru Əhməd Eşçini təhqir etmişdi. Eşçinin dediyinə görə, sonradan vitse-prezidentin cangüdənləri onu oğurlayaraq döymüşdülər.

Bu iddialar ortaya çıxandan sonra yerli və beynəlxalq qurumlar araşdırma aparılması və Dustumun mühakimə olunmasını tələbi ilə çıxış etmişdilər.

Eşçinin şikayətini araşdırmaq üçün Əfqanıstan Baş Prokurorluğu general və cangüdənlərini ifadə verməyə çağırmışdı. Qarşı tərəf bu çağırışlara məhəl qoymadığı üçün Baş prokuror Dustumun 9 cangüdəninin həbsinə dair order vermişdi. Və generalın özünün də həbsini istisna etməmişdi.

Hazırda Dustumun vitse-prezident kimi səlahiyyətlərinin icrasına qayıdacağı gözlənilir. Əfqanıstan hökumətinin, ölkəyə qayıtması üçün Dustumla danışıqlar apardığı bu ilin iyulun əvvəlində ortaya çıxmışdı. Mətbuat yazırdı ki, generalın qayıdışı onun yaxın ətrafında olan bir nəfərin – Fəryab vilayətindəki polis bölməsinin rəisi Nizamuddin Kaysarinin həbsi ətrafında yaranmış durumu nizama sala bilər.

Polis rəisinin həbsinə Türkiyədən reaksiya verən Dustum Əfqanıstan hökumətini uzaqgörən olmamaqda ittiham etmişdi. Bildirmişdi ki, Nizamuddin Kaysarinin həbsi Əfqanıstandakı seçki (oktyabrda keçiriləcək parlament seçkiləri) kampaniyasını alt-üst edə bilər.

Həqiqətən də Kaysarinin həbsinə qarşı Fəryabda kütləvi etiraz kampaniyası başladıldı. Cauzcanda seçki komissiyasının ofisinə aparan yollar qapadıldı və oradakı seçici blankları məhv edildi.

Etirazları yatırmaq üçün Dustumla danışıqlarda Kaysarinin azad edilməsi təklif olundu. Bir şərtlə ki, Kaysari Kabildə qalacaq. General isə təkid etdi ki, təhlükəsizliyin təminatı üçün adamının ölkənin şimalında olması zəruridir.

Daha sonra Türkiyənin Əfqanıstdanakı səfiri Oqucan Ərtuğrul açıq şəkildə bəyan etdi ki, Dustumun qayıdışı üçün danışıqlar davam etdirilir. Sonradan bunun mümkünlüyü barədə prezident Əşrəf Qəni də açıqlama verdi.

Qəni üçün Dustumun qayıdışı həm generalın tərəfdarlarını sakitləşdirmək üçün lazım idi, həm də 2019-cu il prezident seçkiləri ərəfəsində dəstək almaq üçün.

Sovetyönümlü rejimin Əfqanıstanda mövcudluğu zamanı Cauzcan əyalətindən olan Əbdül Rəşid Dustum hökumət ordusunda diviziya komandiri idi. Və bu ordunun tərkibi əsasən etnik özbəklərdən ibarət idi.

Dustum ona general rütbəsini verən prezident Nəcibullaya tabe idi. 1992-ci ildə Nəcibulla rejimi devriləndən sonra Dustum faktiki olaraq ölkənin şimalında öz “dövlətini” qurdu. Dustumistan adlandırdığı bu “dövlətin” mərkəzi Məzari-Şərif idi. Dövlətin öz hökuməti, yaxşı silahlanmış 65 minlik ordusu və pulu var idi.

2001-ci ildə ABŞ və müttəfiqləri “Azadlıq” əməliyyatını başladanda general taliblərə qarşı mübarizə aparmaq üçün ölkəsinə qayıtdı. Əfqanıstanakı seçkilərdə Dustum əsas siyasi oyunçulardan birinə çevrildi. General Əfqanıstandakı etnik özbəklərdən ciddi dəstək görür. Əşrəf Qəni bir vaxtlar “məşhur qatil” adlandırdığı Dustumu köməkçisi etdi.

ABŞ Dövlət Departamentinin məlumatına görə, Dustum insan haqlarını pozmaqda və hərbi cinayətlərdə ittiham edilir. 2001-ci ildə generalın əsgərləri 1250 əsir talibi Qunduzdan Şiberqan türməsinə yük konteyneri ilə daşımış və nəticədə əsirlər havasızlıqdan boğulub ölmüşdülər.

Müasir Əfqanıstanı Öyrənmə Mərkəzinin rəhbəri Ömər Nəssarın sözlərinə görə, prezident Qəninin komandası Dustumdan özbəklərin dəstəyini qazanmaq üçün istifadə edirdi. Lakin strateji plan olaraq onu öz tərəfdaşı kimi görmürdü. Ona görə də imkan yaranan kimi ondan qurtulmağa çalışdılar: “Dustum Türkiyəyə gedən kimi Prezident Administrasiyası generalın nüfuz dairəsini daraltmağa cəhd etdi. Lakin bu cəhdlər nəticəsiz qaldı. İyulun əvvəlində Dustumun yaxın adamı Nizamuddin Kaysarinin həbsindən sonra generalın tərəfdarları asayişi pozmağa və regionlarda hökumətin fəaliyyətini iflic etməyə başladılar. Hökumət Dustumla danışıqlara getməyə məcbur oldu. Dustumun qayıdışının Əfqanıstan siyasətinə necə təsir edəcəyi hələ ki bəlli deyil. General prezident Qəni ilə yaxınlaşacaqmı, yoxsa ona müxalif qalacaq? 
Dustumun yoxluğu regionun təhlükəsizliyinə mənfi təsir göstərdi. Generalın gedişi onun ölkənin şimalında İŞİD-ə qarşı mübarizəni gücləndirdiyi vaxta təsadüf etmişdi. Dustumun olmadığı dövrdə terrorçular bəzi əyalətlərdə mövqelərini gücləndirdilər. Onun qayıdışı birmənalı olaraq regionda güc balansına mütləq təsir edəcək. 
Bundan başqa, oktyabrda keçiriləcək parlament seçkiləri ərəfəsində Qəni etnik özbəklərə böyük təsir imkanları olan Dustumun dəstəyindən istifadə etməyə çalışacaq”.

Ekspert heç nəyə baxmayaraq, özbəklərin Dustumu sevdiyini deyir:“Əfqanıstandakı seçkilərdə etnik kart böyük rol oynayır. Bu biri tərəfdən də hökumətin çoxluq olan puştinlərlə problemi yaranacaq. Puştinlər Dustumun qayıdışını özbəklərə münasibətdə güzəşt kimi qəbul edirlər. Şübhəsiz ki, Türkiyə də Dustumun əli ilə Əfqanıstanda öz maraqlarını təmin etməyə çalışacaq. Lakin Ankara hələ ki bu maraqlarını açıq şəkildə ortaya qoymayıb”.

Strateq.az

Tarix: 25-07-2018, 11:37
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}