Ermənilər yeni ağa axtarışında: Kremldə, yoxsa Vaşinqtonda?

  


Qarabağ münaqişəsində “açar ölkə” məhz Rusiyadır.

Rusiya siyasətçiləri, poltiloloqları da dəfələrlə buna işarə vurublar. İşğalçı Ermənistanı bütün zamanlarda istər hərbi, istər siyasi, istərsə də iqtisadi baxımdan məhz Rusiya təmin edib. Bu təminat bu gün də davam edir. Əks halda, Ermənistan adlı bir ölkənin bu gün var olması sual altında olardı. Bugünlərdə Rusiya Liberal-Demokrat Partiyasının sədri, deputat Vladimir Jirinovski illərdir Azərbaycanda yazıla, deyilən bu fikirləri təsdiqləyib. Jirinovski deyib ki, Rusiya olmasaydı, Qarabağda ermənilər artıq yox idi. 

Vladimir Jirinovski dəfələrlə istər Qarabağ, istərsə də ümumiyyətlə, region ölkələri ilə bağlı sərsəm iddialarla çıxış edib. Məsələn, 2018-ci ilin əvvəlində Jirinovski Qarabağ probleminə “həll yolu” təklif etmiş, Azərbaycan və Ermənistanın Rusiyaya birləşdirilməsini vacib hesab etmişdi. Bundan əlavə o, bu ilin may ayında da eyni mövqedən çıxış edərək bir qədər fərqli bəyanat səsləndirmişdi. Jirinovskinin o zamankı mövqeyinə görə, Rusiyanın tərkibində yenidən Tiflis, Bakı, İrəvan, Kiyev və Odessa quberniyaları yaradılmalıdır.

Doğrudur, Jirinovski Rusiyada hakimiyyətin təmsilçisi deyil. Amma unutmaq lazım deyil ki, onun rəhbərlik etdiyi Liberal-Demokrat Partiyası Dövlət Dumasında say hesabına görə üçüncüdür. Jirinovskini sıradan bir siyasətçi, adi deputat kimi də qəbul etmək doğru deyil. Rusiya Dövlət Dumasında böyük deputat fraksiyasının rəhbəri və siyasi arenada özünəməxsus yeri olan partiyanın lideridir. Ümumiyyətlə, Jirinovskinin bəyanatlarını  siyasi şərhçilər heç bir halda öz fikri hesab etmirlər. Hesab olunur ki, Vladimir Volfoviç Kremlin sözünü danışır. 

Jirnovskinin səsləndirdiyi, “Rusiya olmasaydı, Qarabağda bir nəfər də erməni olmazdı”  sözləri Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiyada olduğu vaxta təsadüf etdiyindən bunu həm də rəsmi Moskvanın Paşinyana ismarışı kimi qəbul etmək olar.

Jirnovskinin səsləndirdiyi fikirlərə münasibət bildirən politoloq Nəzakət Məmmədova “Cümhuriyət” qəzetinə açıqlamasında maraqlı məqamlara toxunub: “Jirinovski öz sözlərini belə desə, daha doğru olardı ki, Rusiya olmasaydı, ermənilər nə Qarabağa gələrdilər, nə də indi orada olardılar. Ermənilərin  Qarabağa köçürülmə tarixini və bunun Rusiya tərəfindən edildiyini yaxşı  bilirik. Bizim xalq bu tarixin canlı şahididir, onun ağır nəticələrini 1813-1828-ci ildən bəri öz üzərində hiss edir. Ermənilər özləri isə gəlmə xalq olduqlarını hamıdan yaxşı bilirlər. 1878-ci ildə Qarabağda bölgəyə köçürülmələrinin 150 illiyi münasibətilə abidə qoymuşdular. Jirinovski də bütün şovinist siyasətçilər kimi öz imperiyasının tarixini bilməmiş deyil. 1905-ci ildə Qarabağ xanlığı Rusiya imperiyasının tərkibinə daxil olanda knyaz Sisiyanovla Kürəkçay müqaviləsini erməni məlikləri yox, Qarabağ xanı İbrahimxəlil xan imzalamışdı”.

N.Məmmədovın sözlərinə görə, Jirinovskinin dedikləri o baxımdan həqiqətdir ki, Rusiya və onun 300 illik Qafqaz siyasəti olmasaydı, Ermənistan da olmazdı: “Ermənistan forpost dövlət, ermənilər isə satellit xalq olmaqdan uzağa gedə bilməyiblər. İndi onlar vassal statusunda qalmaqla yeni bir senyor axtarırlar. Buna görə də Rusiya siyasətçiləri ermənilərə göstərdikləri dəstəyi xatırladır və Rusiyanın orbitindən çıxmamağı məsləhət görürlər. Jirinovskinin bəyan elədiyi fikirlər də bunun bir təzahürüdür. Necə ki, Duqin, Şevçenko, Savelyev və başqaları bir müddət öncə Lələtəpədə bunabənzər fikirlər səsləndirdilər”.

Vilayət Muxtar

Cebhe.info

Tarix: 29-07-2018, 16:25
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}