İrəvandakı həbslər: Paşinyanın hədəfi nədir? - TƏHLİL

 İrəvanda misli görünməmiş həbs dalğası dünya mətbuatında da ciddi surətdə müzakirə edilir və Rusiya bundan məyus olub.

Bu sözləri Axar.az-a açıqlamasında sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. O bildirib ki, Köçəryanın həbsi tamamilə qanunauyğundur:

"1 mart 2008-ci ildə baş verən hadisələrin cinayət olduğunu o vaxt müxalifət irəli sürmüşdü və bununla bağlı məhkəməyə də müraciət etmişdi. Lakin hakimiyyət və güc həmin vaxt Robert Köçəryanın əlində idi. Ondan sonrakı prezident Serj Sərkisyan da Qarabağ klanın üzvü idi. Onlar eyni klanın nümayəndələri olduğuna görə də bu məsələlərin cinayət tərkibi olmadığını iddia edərək, əhalinin özünün iğtişaşlar yaratdığını söyləyərək, olayı ört-basdır etməyə çalışdılar. Amma əhali yaxşı bilirdi ki, həmin gecə güc tətbiq edilməsi tamamilə qanunazidd idi".

Politoloq qeyd edib ki, üstündən müəyyən müddət keçəndən sonra həmin məsələnin yenidən gündəmə gəlməsi təsadüf deyil:

"Ermənistanda uzun müddətdir ki, köhnə hakimiyyətə, Qarabağ klanının üzvlərinə qarşı cinayət işləri başladılıb. Bunlar içərisində ən yaddaqalanı və əhali tərəfindən bağışlanmayanı məhz 1 mart 2008-ci ildə baş verən qırğındır. Əhali ciddi surətdə tələb edirdi ki, bu hadisələr araşdırılsın. Bu hadisələrin araşdırılması Paşinyanın nüfuzuna da müsbət təsir göstərir.

Həmin hadisələrdə həmçinin KTMT-nin baş katibi olan Xaçaturov da yaxından iştirak edib. Ümumiyyətlə, bu hadisələrə görə bir çox adam artıq həbs edilib. Köçəryandan fərqli olaraq, Xaçaturovun həbs edilməsi üçün Rusiya ilə məsləhətləşmələr həyata keçiriləcək".

Politoloq vurğulayıb ki, hazırda Ermənistanda baş verənlər Rusiyanın sadiq adamlarına qarşı həyata keçirilən repressiya tədbirlərini xatrırladır:

"Amma bu adamların hər birinin indiyə qədər törətdikləri cinayətləri var.

Paşinyan indi bu addımı atmasaydı, əhali arasında onun prinsipsizliyi barədə rəy formalaşa bilərdi. O zaman Paşinyanın özü gələcəkdə bu cür loyal hərəkətlərə görə cavab verməli olacaqdı. Amma Paşinyan onu hakimiyyətə gətirən insanların təzyiqi altında bu hadisələrin araşdırılmasına dair göstəriş verdi. Araşdırma nəticəsində bütün faktlar üzə çıxdı.

Bunun Rusiyaya yönəlik tədbir olduğunu söyləmək çətindir".

Politoloqun sözlərinə görə, Rusiya olanları ciddi narazılıqla qarşılayacaq:

“Çünki Köçəryan Rusiyanın 1 nömrəli adamlarından idi. İndiyə qədər də “Qazprom”un mərkəzi idarə heyətində məsul vəzifələrdən birini icra edirdi. Güman edirəm ki, Rusiya Köçəryanın həbsdə saxlanılması ilə bağlı məsələlərdə Paşinyana və İrəvana ciddi təzyiq göstərəcək. Xaçaturovun həbs edilə bilməsi ehtimalı da Rusiya tərəfindən narazılıqla qarşılanacaq və bunun qarşısının alınması üçün addımlar atılacaq".
 
Tarix: 30-07-2018, 09:53
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}