Türkiyə-ABŞ münasibətləri qırılma həddinə çatıb


Şahin Cəfərli: “Türkiyə dövləti və xalqı qərar verməlidir ki, onlar Qərb blokunda qalmaq, avrointeqrasiya siyasətini davam etdirmək istəyirlər, yoxsa...”

“Türkiyə-ABŞ münasibətlərinin hazırkı durumunu təkcə gərginlik sözü ilə qiymətləndirmək problemin miqyasını və mümkün nəticələrini kiçiltmək mənasına gələr. Gedişat iki ölkə arasında qopma və qırılmanın baş verməsi ehtimalını artırıb. Artıq iki müttəfiq ölkədən biri, yəni ABŞ digərini - Türkiyəni sanksiya ilə hədələyir. Bu, müttəfiqlik ruhu və öhdəlikləri ilə bir araya sığmayan haldır”. 

Politoloq Şahin Cəfərli bu fikirləri Ankara ilə Vaşinqton arasındakı gərginlikləri “Yeni Müsavat”a şərh edərkən söylədi. Ekspert qeyd etdi ki, məsələnin niyə bu həddə qədər gəlib çatdığı çox geniş mövzudur: “Mən çox da dərinlərə enmək istəməzdim. Problemin təməlində yatan əsas səbəb Türkiyənin son illər öz xarici siyasətinə yenidən baxmasından və bu ölkə rəhbərliyinin sevdiyi söz birləşməsi ilə ifadə etsək, ”yerli və milli" siyasət yeritmək istəməsindən qaynaqlanır. Xüsusən 15 iyul hərbi çevriliş cəhdindən sonra Türkiyənin xarici siyasətində “avrasiyaçı” xəttin bariz şəkildə özünü göstərməyə başladığını müşahidə edirik. Prezident Ərdoğanın son olaraq, ölkəsinin BRİCS-ə daxil olmaq istəməsini bəyan etməsi də bu siyasətin nəticəsidir. Çox qısa tarixi ekskurs edib xatırlatmaq istərdim ki, əslində atlantizm-avrasiyaçılıq qarşıdurması və bu mövzuda diskussiyalar Türkiyədə Ərdoğan dönəmindən əvvəl də var idi. İstər Türk Silahlı Qüvvələrinin Baş Qərargahında və ordu komandanları arasında, istərsə də toplumda avrasiyaçılar heç də az olmayan təsirə malik idilər. Məşhur “Ergenekon”, “Balyoz” və digər əməliyyat-istintaq tədbirləri məhz orduda və toplumda güc qazanmış “avrasiyaçı” qrupları zərərsizləşdirməyə yönəlmişdi və bu məsələdə hökumətlə fətullahçılar bərabər hərəkət edirdi".

Politoloq Åahin CÉfÉrli ile ilgili görsel sonucu

Ş.Cəfərli qeyd etdi ki, bu ittifaq okeanın o tayından da dəstəklənirdi: “Hökumətlə fətullahçıların arası məhz bu ortaq düşmənin məğlub edilməsindən sonra açıldı və onlar iqtidara təkbaşına sahib olmaq, ortağını sıradan çıxarmaq uğrunda savaşa başladılar. 15 iyul bu savaşın kulminasiya nöqtəsi idi və xalqın dəstəyi ilə Ərdoğan bu mübarizədən qalib çıxdı. Yuxarıda ”yerli və milli" söz birləşməsini dırnaq içində söyləməyim təsadüf deyil, çünki mən qətiyyən o fikirlə razı deyiləm ki, Ədalət və İnkişaf Partiyasından əvvəlki Türkiyə hökumətləri yerli və milli olmayıb. İmperialistləri məğlub edib Türkiyə Cümhuriyyətini qurmuş Mustafa Kamalı Atatürkdən üzü bəri Türkiyə siyasətinə damğa vurmuş liderləri - İsmət İnönünü, Adnan Menderesi, Süleyman Dəmirəli, Bülənt Eceviti, Nəcməddin Ərbakanı, Turqut Özalı kim və hansı əsasla qeyri-milli adlandıra bilər? Kıbrıs türklərinin çətin anında adaya öz müstəqil iradəsi ilə ordu yeritmiş Eceviti, yaxud bu əməliyyatdan sonra Vaşinqtonun Türkiyəyə silah embarqosu tətbiq etməsinə cavab olaraq ABŞ-ın ölkə ərazisindəki 21 hərbi və kəşfiyyat bazasını bağlamış Dəmirəli kim antimilli adlandıra bilər? Bunlar əsassız fikirlərdir. Sadəcə olaraq, bu fikirlərin sahiblərinin və onları dəstəkləyənlərin arqumentləri ona əsaslanır ki, Türkiyənin xarici siyasəti əvvəllər birqütblü - anlantist olub, prezident Ərdoğan isə bu çərçivədən çıxaraq daha aktiv regional və çoxvektorlu xarici siyasət yeridir, Avrasiyaya, Afrikaya, Osmanlının vaxtilə hökm etdiyi coğrafiyalara açılır və s... Bu fikirlərlə razılaşmaq olar. Türkiyə müstəqil, suveren dövlətdir və öz xarici siyasət prioritetlərinə yenidən nəzər salmaq, yeni istiqamətlər müəyyənləşdirmək hüququna sahibdir".

Türkiye ABD arasında gerginlik ile ilgili görsel sonucu

ABŞ-Türkiyə qarşıdurmasının harayadək davam edəcəyinə gəldikdə, politoloq bildirdi ki, Türkiyə hələ də NATO ittifaqının üzvü və Avropa Birliyinə (AB) rəsmi namizəd ölkə olaraq qalır: “Türkiyə rəhbərliyi NATO-dan çıxmaq niyyətində olmadığını dəfələrlə bəyan edib və AB üzvlüyünü strateji hədəf kimi qoymağa davam edir. Əgər bir ölkə hansısa kollektiv təhlükəsizlik sisteminin üzvüdürsə və Avropa Birliyi kimi inteqrasiya layihəsində iştirak etmək istəyirsə, onda tam müstəqil siyasətdən necə danışa bilər? Hamıya aydındır ki, bu cür ittifaqlarda, birliklərdə iştirak etməklə ölkələr öz suverenlik hüquqlarının müəyyən qismindən könüllü şəkildə vaz keçmiş olurlar. Yəni siz NATO-nun üzvüsünüzsə, hərbi-təhlükəsizlik sahələrində başqa qütblə, hələ üstəlik, NATO-nun özünə rəqib və təhdid mənbəyi saydığı dövlətlərlə bu sahələrdə sıx əməkdaşlığa getməklə ittifaq ruhuna və öhdəliklərinə zidd hərəkət etmiş olursunuz. Reallıq belədir ki, siz NATO-da qalıb, NATO-nun lokomotivi və lider ölkəsi ABŞ-la toqquşa bilməzsiniz. Eyni zamanda, siz əgər AB ilə inteqrasiyaya gedirsinizsə, onun oyun qaydalarını, üzvlük kriteriyalarını və dəyərlər sistemini qəbul etmiş olursunuz. Heç kəs ”mən sizə qoşulmaq, sizinlə birlikdə hərəkət etmək istəyirəm, amma bir şərtlə ki, siz bu standartlarınızı, tələblərinizi, meyarlarınızı dəyişdirin" demə haqqına sahib deyil. Bu gün heç kim zorla Türkiyəni NATO-da saxlamır, heç kəs zorla onu AB-yə cəlb etmir. Əgər Türkiyə tam müstəqil, yüzdə yüz yerli və yüzdə yüz milli siyasət yeritmək istəyirsə, onda 1950-ci illərdə könüllü şəkildə etmiş olduğu strateji seçimə yenidən baxmalıdır. Türkiyə dövləti və xalqı qərar verməlidir ki, onlar Qərb blokunda qalmaq, avrointeqrasiya siyasətini davam etdirmək istəyirlər, yoxsa xarici siyasət, təhlükəsizlik, iqtisadi-ticarət məsələlərində istədikləri kimi hərəkət etmək arzusundadırlar?"

Türkiye ABD arasında gerginlik ile ilgili görsel sonucu

Ş.Cəfərli hesab edir ki, Türkiyə artıq bu taleyüklü qərarı verməyin astanasına gəlib çatıb: “Digər tərəfin, yəni ABŞ-ın siyasətinə gəldikdə isə, onların da son illər Türkiyə ilə müttəfiqliyə zidd addımlarının dəfələrlə şahidi olmuşuq. Vaşinqton bölgə siyasətində Türkiyənin maraqlarına etinasız, hətta bəzən hörmətsiz yanaşıb. Bu baxımdan Türkiyədə mövcud olan anti-amerikanizmi anlamaq olar. Mən düşünürəm ki, hər iki tərəf qalstuksuz şəkildə masaya oturub, çox açıq və çox səmimi müzakirə aparmalı və bu müzakirənin yekununda hər kəs öz qərarını qəbul etməlidir. Əgər müttəfiq kimi qalacaqlarsa, onda hər iki dövlət buna uyğun davranmalıdır. Yox, əgər yollar ayrılacaqsa, onda hər iki tərəf bunun sonuclarına qatlanmalıdır. Mən şəxsən hesab edirəm ki, Türkiyə avroatlantik ittifaqda qalmalıdır. Bu, bizim də maraqlarımıza uyğundur. Türkiyə prezidentinin sözçüsü İbrahim Kalının sözləri ilə desək, ABŞ-Türkiyə münasibətlərini xilas etmək üçün hələ şans var. Bu şansdan istifadə edilməlidir”.

Vaşinqton Ankaranı növbəti dəfə sanksiyaların tətbiqi ilə hədələyib. Bundan əvvəl isə Türkiyə məhkəməsi amerikalı rahibi həbsxanadan buraxılması və ev həbsində saxlanılması barədə qərar çıxarıb.

Ötən gün isə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın Türkiyəyə yönəlik təhdidlərinə cavab verib. Afrika turnesindən qayıdan zaman jurnalistlərin suallarını cavablandıran prezident Türkiyənin geri addım atmayacağını bildirib.

O, amerikalı rahib Andrey Kreyk Brunsonla bağlı heç bir sövdələşmənin olmadığını deyib.

“Sanksiyalarla Türkiyəni geri addım atmağa məcbur edə bilməzsiniz. ABŞ-ın bu siyasəti dəyişməsə, Türkiyə kimi güclü və səmimi bir ortağını itirəcəyini unutmamalıdır”, - Ərdoğan bildirib

Belə görünür ki, rahibin həbsdən buraxılması ABŞ üçün prinsipial əhəmiyyətli məsələdir. Amma bunun qarşılığında Türkiyənin də tələbi var: ABŞ-a sığınmış Fətulla Gülənin təhvil verilməsi.

Ərdoğan bəyan edib ki, bundan öncə bağlanmış kontraktda nəzərdə tutulduğuna əks olaraq ABŞ hökuməti Türkiyəyə F-35 qırıcı təyyarələrini verməkdən imtina etsə, Ankara beynəlxalq arbitraja şikayət edəcək.

Vaşinqton Türkiyənin Rusiyadan C-400 raketlərini almasına qarşı da müqavimət göstərməkdədir. İki NATO dövlətinin münasibətləri ekspertin dediyi kimi, qırılma həddinə çatıb.

E.PAŞASOY

Tarix: 31-07-2018, 10:09
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}