Kremldən İrəvana ilk "qulaqburması": Paşinyan yönünü dəyişəcək?


Kremldən İrəvana ilk "qulaqburması": Paşinyan yönünü dəyişəcək?

“Moskva Ermənistandakı vəziyyətdən narahatdır”. 

Bunu Rusiya Xarici işlər naziri Sergey Lavrov deyib. Onun sözlərinə görə, Ermənistan hökuməti siyasi sələflərinin təqib olunmaması vədini pozur. Lavrov Rusiyanın Ermənistandakı vəziyyətin konstruktiv yolla həll olunacağına ümid etdiyini bildirib. 

Rusiyalı diplomat sələflər deyəndə bir müddət əvvəl həbs olunan keçmiş prezident Rober Koçaryanı nəzərdə tutur. Koçaryan 1 mart 2008-ci il aksiyalarının dağıdılmasına göstəriş verməkdə, həmçinin, konstitusion quruluşu devirməkdə ittiham edilərək həbs olunub. 

Ekspertlər Rusiyanın xarici siyasətini müəyyənləşdirən birinin bu cür açıqlamalar verməsini təsadüfi hesab etmir. İddia olunur ki, bu cür açıqlamalar Kreml hökuməti ilə keçmiş müttəfiqi Ermənistan arasında soyuq münasibətlərin yaranmasından xəbər verir. Ehtimallara görə, Ermənistanda hakimiyyət dəyişikliyini hələ də həzm edə bilməyən Moskva, N.Paşinyanın da gah Qərbə, gah da Rusiyaya meyllənməsindən qəzəblənib. R.Koçaryanı bəhanə edən Vladimir Putin adminstrasiyası bu yolla Yerevana təzyiqlər etmək fikrinə düşüb.

Məsələni Cebhe.info-ya şərh edən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirdi ki, artıq Rusiyada müəyyən hakimiyyətə yaxın dairələr N. Paşinyanın son addımlarından narahat olmağa başlayıblar. R. Koçaryanın həbsinə sərt reaksiya gözlənilən idi deyən analitik hesab edir ki, onun tutulması V.Putinin səbr kasasını daşdırıb:

"Koçaryan Putinin yaxın dostu sayılır. İkincisi Putin Koçaryana bir qədər imunitet və vəzifə vermişdi. Koçaryan Rusiyada müəyyən müddət, həm də yaşayıb. Ona görə də Rusiya Paşinyanın bu addımlarından narahatdır. Xüsusən də Paşinyan çox çalışırdı ki, sentyabrda ABŞ prezidenti ilə BMT sessiyası çərçivəsində görüşsün. Hətta əsasnamə göndərib Vaşinqtona ki, görüş təşkil etsinlər. ABŞ-dan da artıq mesaj gəlib ki, görüş baş tuta bilər. Faktın özü də görünür Moskvadakı dairələri narahat edir ki, Paşinyan nədən bu qədər Trampla görüşə can atır, can fəşanlıq edir?. Bütün bunların sonunda da ola bilsin Rusiyanın Paşinyana təzyiqi artırsın". 

Ermənistanda baş verən son olaylardan sonra Yerevan və Moskva arasında yaranmış soyuq buzlar Rusiyanın adıçəkilən ölkədən tatamilə üz çevirməsinə gətirib çıxarmaz deyən E.Şahinoğlu vurğuladı ki, buna baxmayaraq  Kreml hökuməti N.Paşinyan hakimiyyətinə problem yarada bilər: 

"Belə bir halı istisna etmirəm. Xatırlayırsınızsa Rusiya 1997-ci ildə eks prezident Levon Ter-Petrosyanı devirdi. 1999-cu ildə müəmmalı şəkildə Ermənistan parlamenti güllələndi. Bu Rusiyanın Ermənistana müəyyən mesajları idi. Bu təxribat yenə də təkrarlana bilər. Paşinyan bunu anlayır və bundan ehtiyat edir. Ona görə də Qərbdə dəstək axtarır. Rusiya ona qarşı nəsə addım atsa, onu dəstəkləyən olsun. Bu saat onun dəstəyə ciddi ehtiyacı var. Son günlər Ermənistanda başqa maraqlı bir proses də gedir. Hazırda Ermənistanla Türkiyə münasibətlərin normallaşdırılması məsələsi gündəmə gəlib. L.Ter-Petrosyanın partiyasından olan deputatın da Azərbaycan torpqları işğal edilib deməsi Ermənistanda ab-havanın dəyişdiyini göstərir. Koçaryanın və Sarkisyanın prezidentliyi dövründə bunlar deyilməyib. Amma indi deyilir. Paşinyan Ter-Petrosyanla görüşdən sonra, siyasətində müəyyən korreksiyalar etdi. Amma bunun nəticəsi nə olacaq, qarşıdakı vaxtlarda bilinəcək".

Elmir Murad

Tarix: 1-08-2018, 16:37
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}