Sarkisyana aparan yol bağlanır: “Qarabağ klanı”nı üçün YENİ PLAN


Sarkisyana aparan yol bağlanır: “Qarabağ klanı”nı üçün YENİ PLAN 

1 mart 2008-ci il hadisələrində ittiham edilərək barəsində həbs qətimkan tədbiri seçilən sabiq Ermənistan prezidenti Robert Köçəryan siyasətə qayıda bilər. Bunun üçün qarşıdakı seçkilərdə onun adını namizəd kimi təqdim edəcək siyasi partiya axtarılır.

“Cümhuriyət” qəzeti xəbər verir ki, bu barədə erməni mətbuatı yazıb. Mətbuatın yazdığına görə, Robert Köçəryana qarşı Xüsusi İstintaq Xidməti rəsmi ittiham irəli sürdükdən sonra  sabiq prezident bütün bunların onun siyasi fəaliyyətini əngəlləmək məqsədi daşıdığını bildirmişdi. "Joxovurd" qəzeti yazır ki, Köçəryan seçkidə iştirakla bağlı fikrini bəyan edib. Ancaq bunun hansı partiya vasitəsilə reallaşdırılacağı hələlik məlum deyil. Sabiq prezidentin ofisinin rəhbəri Viktor Soqomonyan mətbuatın iddiasına cavabında "Köçəryanın parlament seçkisində iştirak niyyətini bəyan etdiyini” söyləməklə kifayətlənib. Nəşr yazır ki, indi Köçəryanın adını siyahiya daxil edəcək partiya axtarılır: "Maraqlıdır, kim bu riskə gedəcək"?

Siyasi şərhçi Natiq Miri Cebhe.info-ya açıqlamasında bildirib ki, Köçəryanın seçkidə iştirakı məsələsini gündəmə gətirməklə prosesi siyasiləşdirməyə çalışırlar:

“Əslində burada məqsəd Köçəryanın həbsinin tamamilə siyasiləşdirilməsidir. Çünki Köçəryanın hüquqi zəmində həbsdən çıxmaq ehtimalı çox zəifdir. Köçəryanın konkret əmrilə öldürülən insanlar var. Bu insanlar sadəcə seçki saxtakarlığına etiraz etdikləri üçün öldürülüb. Ayrıca erməni xalqına qarşı gücdən istifadə etməsi faktı da olduğu üçün bütövlükdə bu prosesdə hüquqi qazanc yoxdur. Ona görə də məsələni siyasiləşdirmək üçün Köçəryanı seçkilərə qoşmaq və ya istər parlament, istərsə də prezident seçkilərində adını hallandırmaq istəyirlər. Məqsəd isə Köçəryana siyasi dustaq statusu verilməsinə nail olmaqdır. Çünki Köçəryan siyasi dustaq olarsa, onun həbsdən çıxmaq ehtimalı daha da çox olacaq”.

N.Miri Köçəryanın namizədliyinin hansı partiya tərəfindən veriləcəyi məsələsinə də toxunub. Ekspert hesab edir ki, Sarkisyanın rəhbərlik etdiyi Respublikaçılar Partiyası Köçəryanın namizədliyini irəli sürə bilər: 

“Digər tərəfdən, Sarkisyanın alternativləri olan “cırtdan” partiyalar var ki, o partiyalar da bu cür istəklə çıxış edə bilərlər. Hesab edirəm ki, bu məsələ əsas deyil. Bu cür informasiyaların yayılmasında əsas məqsəd sadəcə olaraq, prosesi siyasiləşdirməkdir. Siyasi məhbus statusu aldıqdan sonra məsələni beynəlxalq müstəvidə müzakirəyə çıxarıb, Köçəryanın tədricən həbsdən azad olunmasına nail olmaq mümkündür. Əgər bunlar baş verərsə, bu, həm də gələcəkdə Köçəryanın tələbəsi olan Sarkisyanın da həbs olunmasının qarşısını ala bilər.

Düşünürəm ki, bu, təkcə Köçəryan deyil, bütövlükdə “Qarabağ klanı”na hesablanıb. Çünki Paşinyan hökumətinin əsas hədəfi onu hakimiyyətdən düşürə biləcək və Rusiyanın süni olaraq yaratdığı “Qarabağ klanı”dır. Rusiya zamanında da Ter-Petrosyanı hakimiyyətdən düşürməklə Ermənistanda siyasi elitanı dəyişdi. “Qarabağ klan”ını hakimiyyətə gətirməklə yeni bir elita formalaşdırdı ki, bu da Köçəryandan bu günə qədər artıq 4 dönəmdir davam edir. Bu gün isə artıq “Qarabağ klan”ı layihəsini bitirmək istəyi ortadadır. Bu məsələdə müəyyən Qərb maraqları olmaqla bərabər, Paşinyana məsələhət verən qüvvələr də var ki, onların da başında Ter-Petrosyan durur”.

Vilayət Muxtar
Cebhe.info

Tarix: 1-08-2018, 19:30
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}