Bir əsrdə iki dəfə Türkiyəni Rusiyaya yaxınlaşdıran səbəb


Cümhuriyyət abidəsindəki rus generalların əksinin anlamı; qardaş ölkə ilə Rusiyanın tarixi konfliktlərlə yanaşı, əməkdaşlıqları da olub...

Türkiyəli şərhçi Şakir Dinç Şahin Oğuz türk telekanallarının birinə verdiyi açıqlamada bildirib ki, 90 il öncə İstanbulun Taksim meydanında ucaldılan Cümhuriyyət abidəsində rus generalları Mixail Vasilyeviç Frunze və Kliment Yevremoviç Voroşilovun da əks olunması o zaman Türkiyə ilə SSRİ arasında dostluq əlaqələrinin yaradılmasına xidmət edib.

Bununla şərhçi bir növ son illərdə qardaş ölkə ilə SSRİ-nin varisi sayılan Rusiya arasında yaranan dövlətlərarası yaxın əlaqələrə işarə edib. O, Amerika başda olmaqla, Qərb dünyasının tarix boyu Türkiyə ilə bağlı ikili mövqeyinin bəzi zamanlarda rəsmi Ankara ilə Kreml arasında bu münasibətlərin yaranmasını qaçılmaz etdiyini vurğulayıb.

Heç kəsə sirr deyil ki, tarixdə iki dəfə-ötən əsrin 20-ci illərində və iki il öncə Rusiya-Türkiyə yaxınlığı ən yüksək səviyyəyə çatıb. Hər iki yaxınlıq da qardaş ölkənin Qərb dünyası tərəfindən təkləndiyi zamanlara təsadüf edir. Bir növ rəsmi Ankara mövcud durumda çıxış yolunu Kremllə əlaqələri düzəltməkdə görüb. 

Ekspertlər rus generallarının 1928-ci ildən bu günə qədər heykəllərinin Türkiyə-Rusiya münasibətlərinin ən gərgin həddə çatdığı vaxtlarda belə qorunmasının qardaş ölkənin tarixi abidələrə verdiyi dəyərdən irəli gəldiyini qeyd edirlər.

Beynəlxalq əlaqələr üzrə ekspert Nəzakət Məmmədova bildirdi ki, Türkiyə Cümhuriyyəti abidə üzərində iki rus generalını əks etdirməklə SSRİ-yə minnətdarlıq edib: “1928-ci ildə Cümhuriyyət abidəsi heykəlində Frunze və Voroşilovun abidələrinin olması yeni yaranmış, cəmi 5 yaşlı Türkiyə Cümhuriyyətinin ona yardım etmiş SSRİ-yə minnətdarlığının ifadəsi, parlaq bir təzahürü idi. Bilirik ki, heykəl İtaliyada hazırlanıb. Heykəl xalq ianəsi hesabına ərsəyə gəlib, ən böyük ianə verən isə sonradan erməni millət vəkili olmuş Berç Keresteciyan olub. Təbii ki, heykələ münasibət birmənalı ola bilməzdi. Çünki Türkiyə sonralar Qərbin müttəfiqi olan, NATO üzvü bir dövlətə çevrilib və Cümhuriyyətin rəmzi olan bu abidədə kommunist general Voroşilovun, kommunist liderlərdən biri olan Frunzenin əksinin olması təqdir oluna bilməzdi. Ümumiyyətlə, bir ölkədə başqa bir ölkənin siyasi, hərbi xadimlərinin abidəsinin olması həssas məsələdir. Məsələn, Polşada, Baltikyanı respublikalarda rus sovet irsinə, o cümlədən heykəllərə münasibətdən fərqli olaraq hansı ki, onlar dağıdıldı, hətta naməlum əsgərin məzarları yerlə-yeksan olundu, Türkiyədə belə barbarlıq halları olmadı. Polşa, Baltik ölkələri sovet xadimlərinin, əsgərlərinin abidəsini dağıtdı və bu, əslində Rusiyaya qarşı bir mesaj idi. Onlar Rusiyanı işğalçı hesab edir.

NÉzakÉt MÉmmÉdova ile ilgili görsel sonucu

Lakin Türkiyə ilə SSRİ arasında, sonradan Rusiya ilə zaman-zaman problemlər yaşandı. Tarixən də hər zaman Osmanlı ilə Rusiya vuruşub. SSRİ-nin PKK-nı yaratması, Türkiyədə solçulara dəstək verməsi sirr deyil. Lakin Türkiyə heç zaman tarixi abidələrə qarşı vandallıq etməyib. Türkiyə sui-qəsd nəticəsində öldürülmüş səfir Andrey Karlovun adını  Ankaradakı Rusiya səfirliyinin yerləşdiyi küçəyə verdi. Rusiya-Türkiyə münasibətləri tarix boyu çox zaman davamlı müharibə, qarşıdurma əsasında inkişaf edib. İstər Rusiya-Osmanlı, istərsə də SSRİ-Türkiyə münasibətləri olsun. Rusiya imperiyası ermənilərdən Osmanlını arxadan vurmaq üçün istifadə edib, Kipr münaqişəsi zamanı pravoslav həmrəyliyi göstərib yunanları müdafiə edib. PKK və kürd kartından Türkiyəni parçalamaq üçün istifadə edib. Rusiyanın bu addımları həm boğazlara və İstanbula hökmranlıq etmək üçün Pyotrun vəsiyyətlərinə əsaslanıb, geosiyasi səbəblərdən baş verib. Eyni zamanda Rusiya 1453-də Bizans imperiyasını çökdürən türklərə qarşı ədavət hissi bəsləyib. Çünki ortada bir pravoslav həmrəyliyi var”.

N.Məmmədova onu da qeyd etdi ki, tarixdə iki ölkənin bir-birinə yardım etməsi halları da baş verib: “Bunlardan biri Atatürkün Qurtuluş savaşından sonra Türkiyə Cümhuriyyətini qurması və Leninin bolşevik inqilabı nəticəsində SSRİ-ni yaratması dövrünə təsadüf edir. Çünki ümumi düşmən - Qərb imperializmi var idi və bu ölkələr bir yerdə öz mövcudluqlarını qoruyub saxlaya bildilər. Bu gün də Türkiyə və Rusiyanın yaxınlaşdığını görürük. İki ölkənin liderləri - Ərdoğan və Putin müdriklik göstərir və 100 il əvvəl olduğu kimi yenə də Qərbə qarşı duruş gətirirlər. Bu, təsadüf deyil, labüd ittifaqdır. Çünki hər ikisinə böyük təhdidlər var. Həm Rusiyada, həm də Türkiyədə hər zaman iki ölkənin yaxınlaşmasını istəyən qüvvələr olub. Türkiyədə heç də zəif olmayan solçu hərəkatları olub. Onlar Türkiyənin Qərb, NATO, İsraillə deyil, məhz Rusiya ilə ittifaqda daha möhkəm və güclü olacağına inanırlar. Rusiya geosiyasətində ”Meşə və çöl" - slavyan - türk ittifaqı konsepsiyası var. Bu ölkələrin ziddiyyətindənsə, yaxınlığı bizə də faydalıdır. Bu yaxınlarda Cocuq Mərcanlıda konfrans zamanı Rusiya siyasi xadimləri Azərbaycanı Rusiyanın Türkiyə və İranla münasibətində mərkəzi ölkə adlandırdılar. Türkiyə - Rusiya münasibətlərinin yaxınlaşmasından isə regionda ermənilər narahat olur. Odur ki, bu yaxınlaşma regional sülh və sabitlik üçün çox əlverişlidir".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Tarix: 2-08-2018, 10:42
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}