Sonuncu prezident



Xaqani Cəfərov
İranda 13-cü prezident seçkilərinin qalibi elan olunan şəriət məhkəməsinin sədri İbrahim Rəisi İslam Respublikasının sonuncu dövlət başçısı ola bilər. Ali təhsili olmayan, bütün əmək fəaliyyəti cəza aparatı funksiyasın yerinə yetirən prokurorluq və məhkəmə orqanları ilə bağlı olan bir şəxsin dərin iqtisadi və ideoloji böhran keçirən İranı böhrandan çıxara ehtimalı faktiki olaraq yoxdur. Üstəlik İbrahim Rəisinin adı ABŞ-ın sanksiya tətbiq etdiyi şəxslərin siyahısındadır. Bu isə o deməkdir ki, İbrahim Rəisi fəal xarici siyasət apara bilməyəcək.
Məhz bu məqam dərin iqtisadi böhran keçirən İran üçün “oksigen balışı” rolunu oynaya biləcək sərmayələrin cəlb olunması və sərfəli ticarət müqavilələrinin bağlanmasına ciddi maneə olacaq. Birmənalı demək olar ki, İbrahim Rəisinin prezidentliyi illərində İranda sosial-iqtisadi böhran daha da dərinləşəcək.
İslam İnqilabından sonra ilk dəfədir ki, İran dərin ideoloji böhranla üzləşib. İran İslam Respublikasının varlığını təmin edən islami dəyərlər gözdən düşür, rejimə rəğbət kəskin azalır. Bu son iki ildə İranı sirkələyən etiraz aksiyalarında aydın görünürdü. İslam rejiminə rəğbətin azalması prezident seçkiisinin sonunda, səsvermə günündə daha aydın hiss olundu. 13-cü prezident seçkiləri tarixə seçicilərin ən az maraq göstərdiyi seçki kimi düşdü. Prezident seçkilərinin yerli idarəetmə orqanlarına seçkilərlə eyni vaxta keçirilməsəydi, seçkidə iştirak edanlərin sayı daha da aşağı olardı. İbrahim Rəisi isə təxminən 60 milyonluq seçicinin cəmi 17.5 milyonun səssini alıb ki, bu da İran vətəndaşlarının dövlət başçısını müəyyən etməyə maraq göstərmədiklərinin mənzərəsidir.
İranda ideoloji böhranın mövcudluğunu göstərən digər amil etnik mövzunun dini mövzunu üstələməsidir. İlk dəfədir ki, İranın vahid millətdən ibarət olması prezidentliyə namizədlərdən biri tərəfindən qəti şəkildə rədd edilir. İbrahim Rəisinin “Bir millət, iki dil” tezisini müdafiə etmək cəhdi isə cəmiyyətdə rəğbət doğrmayıb. Eyni zamanda İbrahim Rəisinin bu məsələdə mövqeyini dəyişməyəcəyini də proqnozlaşdırmaq olar ki, bu məqamın İranda ideoloji-mənəvi böhranı drinləşdirərək siyasi böhrana çevirəcəyini proqnozlaşdırmağa imkan verir.
İranda prezident seçkiləri ilə yanaşı yerli idarəetmə orqanlarına keçirilən seçkilər də İslam Respublikasının dərin ideoloji-mənəvi böhran keçirdiyini təsdiqləyib. Belə ki, yerli seçkilərdə seçicilərin rəğbətin əsasən etnik mənsubiyyət müəyyən edib. Bu məqam İran İslam Respublikasında ideoloji-mənəvi böhranı göstərən digər önəmli məqamdır.
Sosial-iqtisadi və ideoloji-mənəvi böhranın dərinləşməsi ilə paralel olaraq sosial şəbəkələrin təsirləri də artacaq. Bu isə İran İslam Respublikasın sonluğunu qaçılmaz edəcək. İran iki yol ayrıcına yaxınlaşır. İslan Respublikası ya dövlət quruluşunu və formasını dəyişəcək, ya da İran adlı dövlət tarixə qovuşacaq.
Tarix: 20-06-2021, 22:51
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}