Rusiya ordusunun Ukrayna sərhədlərinə tərəf irəliləyən hərbi karvanı


Sərhədə tərəf irəliləyən Rusiya hərbi karvanları - FOTO
Sosial şəbəkələrdə Rusiya ordusunun Ukrayna sərhədlərinə tərəf irəliləyən və kilometrlərlə uzunluğunda hərbi karvanlarının görüntüləri yayılıb.
 
Hərbi tematika üzrə fəaliyyət göstərən Rusiya Telegram-kanallarında yayılan görüntülərə əsasən uzunluğu azı 6 kilometr olan bir hərbi karvan Şaxta şəhərindən Rostova doğru irəliləyir. Bəzi məlumatlara görə karvan ilhaq olunmuş Krıma tərəf gedir. Hərçənd Rusiya Müdafiə Nazirliyinin bu barədə heç bir rəsmi məlumatı yoxdur.
 

 
Hərbi nəqliyyat vasitələrinin nömrə nişanlarına əsasəmn sosial şəbəkə istifadəçiləri müəyyən ediblər ki, bu karvan Rusiyanın Belarusla birlikdə bir neçə gün əvvəl keçirdiyi “Qərb-2021” irimiqyaslı təlimlərindən qayıdan hərbi texnikadan ibarət deyil.
 
Digər məlumata görə daha bir karvan Ukraynanın Donbass regionu istiqamətində irəliləyir, kilometrlərlə uzunluğunda karvan Kamensk-Şaxtinsk şəhəri rayonunda qeydə alınıb.
 

 
Rusiyanın hansı məqsədlə Ukrayna sərhədləri istiqamətində yenidən iri qoşun qruplaşmaları cəmləşdirdiyi məlum deyil. Amma bu günlərdə Ukraynanın Donbassdakı Birləşmiş qüvvələrinin komandanı, general-leytenant Sergey Nayev bəyan edib ki, Rusiya istənilən vaxt Ukraynaya irimiqyaslı hərbi müdaxiləyə başlamağa hazırdır.
 
“Rusiya tərəfindən Ukraynanın cənubuna hərbi təhdidlər hər il artır. Rusiyanın yaxın zamanlarda hərbi müdaxiləyə başlayacağına dair əlamətlər hələlik yoxdur. Lakin işğal edilmiş Krım yarımadasının sürətlə hərbiləşdirilməsi və çox güclü hərbi bazanın yaradılması Ukraynanın milli təhlükəsizliyinə yönəlmiş hərbi təhdidlərin artmasından xəbər verir”,-general deyib.
 

 
O bəyan edib ki, Rusiya ordusu keçirdiyi təlimlər sayəsində indi böyük məsafəyə qoşunların yerdəyişməsini həyata keçirmək imkanındadır. Nayevin fikrincə, Krımda “ifrat güclü Rusiya hərbi bazası” Ukraynanın cənubuna hücum üçün platsdarm kimi istifadə oluna bilər.
 
Xatırladaq ki, bu ilin martında Rusiya Ukrayna sərhədlərinə təxminən 120 minlik qoşun qruplaşması və böyük sayda hərbi texnika, o cümlədən yüzlərlə döyüş təyyarəsi cəmləşdirmişdi. Bütün bunlar Ukraynanın Qarabağ müharibəsinin təcrübəsi əsasında Donbassda hərbi əməliyyatlara hazırlaşdığı haqda xəbərlərin fonunda edilirdi.(Virtualaz.org)

Tarix: 23-09-2021, 14:42
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}