Qərblə Rusiyanın birbaşa toqquşması dünya üçün fəlakət deməkdir


"Gözlənilən Bayden-Putin görüşünün ardınca hərbi eskalasiyanın başlama ehtimalı çox böyükdür"

"ABŞ üçün Rusiyanı cəzalandırmaq xarici siyasətdə prioritet olsa da, indiki vəziyyətdə hərbi toqquşma Amerika üçün “Pir qələbəsi”nə dönəcək"

Ukraynanın Müdafiə naziri Aleksey Reznikov ABŞ-ın Müdafiə Nazirliyinə hərbi yardım üçün müraciət edib. Məlumata görə, nazir bombardmanlar və elektromaqnit hücumlardan qoruyan hava, dəniz müdafiəsi və radioelektron mübarizə vasitələrinin təmin edilməsini istəyib. Bundan əlavə, Ukraynanın Amerikadan Mİ-17 helikopterləri almaq istədiyi qeyd olunub. Bildirilib ki, rəsmi Vaşinqton Ukraynanın yardım müraciətini, o cümlədən Rusiyanın mümkün hücumlarını qabaqlayan digər variantları da nəzərdən keçirir. 

Ukrayna Hərbi Hava Qüvvələrinin ehtiyaclarını qiymətləndirmək məqsədilə Kiyevə Pentaqonun rəsmiləri göndərilib. Qeyd edək ki, bundan əvvəl “Washington Post” qəzeti Rusiya ilə Ukrayna arasındakı sərhədə hərbi birləşmələrin yerləşdirilməsi barədə material yaymışdı. Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kiril Budanov isə “Military Times” qəzetinə müsahibəsində sərhədə 92 min rusiyalı hərbçinin cəmləndiyini və yanvarda vəziyyətin kəskinləşəcəyini söyləmişdi. Ukraynanın Xarici işlər naziri Dmitri Kuleba Rusiya ilə sərhəd yaxınlığında 115 min hərbçi yerləşdirdiyini açıqlamışdı. Prezident Vladimir Zelenski də noyabrın 26-da keçirdiyi mətbuat konfransında eskalasiyanın hər an baş verməsinin mümkünlüyünü bildirmişdi. Rusiya tərəfi isə bütün iddiaları rədd edir. Məlumat üçün bildirək ki, ABŞ, Almaniya, Böyük Britaniya, İtaliya və Fransa liderləri Ukrayna ilə bağlı vəziyyəti müzakirə ediblər. Bayden və liderləri Rusiyanın Kiyevə qarşı sərt ritorikasından narahat olduqlarını bildiriblər. Liderlər Ukraynanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiklərini vurğulayıblar. 

Qərb-Rusiya arasında son günlər daha da gərginləşən Ukrayna böhranını “Şərq”ə təhlil edən beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli deyib ki, tərəflərin mümkün qədər tez zamanda razılıq əldə etməsi vacibdir. Analitikə görə, əks halda Şərqi Avropada müxtəlif toqquşma arealları ortaya çıxa bilər:

 “ABŞ üçün Rusiyanı cəzalandırmaq xarici siyasətdə prioritet olsa da, indiki vəziyyətdə hərbi toqquşma Amerika üçün “Pir qələbəsi”nə dönəcək. Çünki Amerikanın Avropadakı müttəfiqləri zəifdir. Rusiya ilə sərhədi olan ölkələrin mühafizəsinin təşkil edilməsi ciddi problemdir. ABŞ-ın okeanın o tayından gələrək hərbi əməliyyalara resurs sərf edəcəyi inandırıcı deyil. Problemli məqam qarşıdurma tərəflərinin hamısında supersonik silahların olmasıdır. O baxımdan hesab edirəm ki, indiki reallıqda tərəflərin vasitəçi ölkələrin əliylə bir-biri ilə savaşması daha real görünür. Birbaşa toqquşma isə dünya üçün fəlakət deməkdir. Məncə, Qərb geri addım atmaq məcburiyyətində qalacaq və Rusiyanı sanksiyalarla sıradan çıxartmağa, ölkənin iqtisadi alt bazasını dağıtmağa çalışacaq. Təbii ki, belə halda Moskvanın hərbi aqressiyası daha da artacaq. Fikrimcə, gözlənilən Bayden-Putin görüşünün ardınca hərbi eskalasiyanın başlama ehtimalı çox böyükdür. Ukraynanın parçalanması, Moldoviyanın işğalı, Bolqarıstan və Rumuniyanın bombalanması, Polşaya qarşı ciddi sanksiyalar Kremlin planlarına daxildir”. 
Tarix: 8-12-2021, 09:44
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}