Rusiyanın tələbləri Vyanada da rədd edildi

“Rusiyanın hərəkətləri təzyiqin bir hissəsidir”
Rusiyanın Ukrayna yaxınlığında qoşun toplaması ilə bağlı məsələnin müzakirəsi yanvarın 13-də Vyanada Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) çərçivəsində davam etdirilib.
Bir sıra xəbər agentlikləri Rusiya və Qərb arasında məsləhətləşmələrin 3-cü raundu sayılan bu görüşdə də, əksər məsələlərdə, o cümlədən Rusiyanın tələb etdiyi təhlükəsizlik qarantiyaları məsələsində razılığa gəlinmədiyini xəbər veriblər.
Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi Aleksandr Lukaşeviç deyib ki, “Moskva verdiyi təkliflərə ağlabatan zaman müddətində konstruktiv cavablar eşitməsə və Rusiyaya qarşı aqressiv davranışlar davam etdirilsə, Moskva müvafiq nəticələr çıxarmalı və strateji balansın bərqərar edilməsi üçün tədbirlər görməli olacaq”.
Lukaşeviç əlavə edib:
“Rusiya sülhpərvər ölkədir, amma bizə nəyin bahasına olursa olsun sülh lazım deyil. Hüquqi baxımdan tərtib olunmuş təhlükəsizlik qarantiyası bizim üçün şərtdir”.
Lukaşeviç hansı tədbirlərin görülə biləcəyini deməyib.
Lakin Rusiya xarici işlər nazirinin müavini Sergev Ryabkov Rusiya televiziyasına müsahibəsində deyib ki, mümkün tədbirlərdən biri də Kuba və Venesuelada hərbi strukturların yerləşdirilməsi ola bilər.
Öz növbəsində ABŞ-ın ATƏT-dəki daimi nümayəndəsi Maykl Karpenter Rusiyanın hərəkətlərini “şantaj” adlandırıb və deyib ki, ABŞ və onun müttəfiqləri hədələrə boyun əyməyəcəklər.
ATƏT-in sədri, Polşanın xarici işlər naziri Zbiqnev Rau deyib ki, hazırda son 30 ildə Avropada ilk dəfə olaraq genişmiqyaslı müharibə təhlükəsi var.
Rau özünün 57 üzvdən ibarət təşkilata müraciətində diqqəti Rusiyanın adını çəkmədən Ukrayna, Gürcüstan, Ermənsitan və Moldovadakı aktiv və dondurulmuş münaqişələrə çəkib.
Putinə açıq mesaj
Moskva və Vaşinqton artıq bundan əvvəl Cenevrə və Brüsseldə keçirilən danışıqlarda Avropada təhlükəsizliyin bərqərar edilməsi ilə bağlı aralarında böyük fikir ayrılığının olduğunu bilirmişdilər.
O vaxt Maykl Karpenter yanvarın 13-də də danışıqlarda heç bir irəliləyişin olmayacağını demişdi.
Karpenter deyib ki, hazırda başlıca vəzifə Rusiya ilə dialoqun qarşıdan gələn aylarda hansı formatlarda davam etdiriləcəyinin müəyyən olunmasıdır.
Bundan əvvəl ABŞ dövlət katibinin müavini və Vaşqintonun əsas danışqıçısı Uendi Şerman Eoronews kanalına müsahibəsində demişdi:
“Bu dünyada hər şey mümkündür. Amma mən bunu deməliyəm. Prezident Putin seçim etməlidir. O öz həmvətəni olan kişi və qadınlara çox böyük, böyük iztirab gətirə bilər. Çünki onlar bu hərəkətə əl atsalar (Ukraynaya təcavüz), bunun Rusiya üçün çox ağır iqtisadi bədəli olacaq. Düşünürəm ki, Putin bunu bilir. Bizim nəhəng həmrəyliyimiz var. Biz bunu bu həftə göstərdik. O başa düşməlidir ki, əgər yanlış seçim etsə, biz nəticəsinin Rusiya üçün çox bahalı edilməsində həmrəy olacağıq.”
Rusiya “yaxın vaxtlarda” danışıqlarda məna görmür
Lakin Sergey Ryabkov bildirib ki, danışıqlar “dalana dirənib” və “yaxın vaxtlarda” yeni danışıqlara ehtiyac yoxdur.
O təkrar edib ki, Moskva bundan əvvəl irəli sürdüyü tələblərə Vaşinqtondan cavab gözləməkdə davam edəcək.
Bu həftə aparılan danışıqlardan əvvəl Moskva ABŞ və NATO-ya tələblərini təqdim etmişdi.
Moskva Ukraynanın, Gürcüstanın və keçmiş sovet respublikalarından heç birinin NATO-ya üzv olmayacağına, NATO-nun və ABŞ-ın bütün keçmiş sovet məkanında hərbi təlimlər keçirməyəcəyinə dair yazılı və təsdiq olunmuş qarantiyalar tələb edir.
Rusiya hətta NATO-nun hərbi infrastruktrunun Şərqi Avropadan çıxarılmasını istəyir.
Yanvarın 13-də Kremldə Rusiya və ABŞ arasında danışıqları “uğursuz” adlandırıblar, amma deyiblər ki, “bu, hər halda müəyyən dialoqdur”.
Bu da xəbər verilir ki, hətta ABŞ-la dialoqun aparıldığı günlərdə də Rusiya ölkənin qərbində genişmiqyaslı manevrlərini davam etdirib.
Jozep Borrel Ukraynada, 5 yanvar, 2022-ci il
Jozep Borrel Ukraynada, 5 yanvar, 2022-ci il
Vyanada danışıqlar başlanıb
Rusiyanın Ukrayna ilə sərhəd yaxınlığına qoşun cəmləməsinin yaratdığı gərginliyi azaltmaq məqsədilə Vyanada danışıqlar başlanıb. Moskva, Vaşinqton və Avropa ölkələri böyük təhlükəsizlik böhranını önləməyə çalışırlar.
Danışıqlar ATƏT Daimi Şurasının çətiri altında keçirilir. Bu, yüksək səviyyəli danışıqlar həftəsinin sonuncu raundudur.
Qərb Moskvanın Ukrayna ilə sərhədə 100 minədək əsgər, tank, artilleriya cəmləməsini bu ölkəyə mümkün hücuma hazırlıq hesab edir.
Dialoq qurmaq
Həftənin əvvəlində Cenevrədə Moskva və Vaşinqton arasında birbaşa, yanvarın 12-də isə Brüsseldə NATO-Rusiya Şurasının iclası olub.

ABŞ-ın ATƏT-dəki səfiri Maykl Karpenter 13 yanvar danışıqlarından irəliləyiş gözləmədiyini deyib. O, Vyanada növbəti aylarda diplomatik dialoqun davam etdirilməsinə fokuslanacaqlarını vurğulayıb.
“Bu həftə konkret nəticələrin olacağını düşünmürəm. Əsas məqsədimiz dialoq qurmaqdır”, – Karpenter söyləyib.
“Bəli, mövqelərimiz fərqlidir, amma bu, razılaşa bilmədiyimiz element və sahələrin olmaması anlamına gəlmir”, – o, Rusiyanın müstəqil Dojd televiziyasına deyib.
“Təzyiq altında danışıq aparılmamalıdır”
Avropa İttifaqının Xarici siyasət rəhbəri Jozep Borrel isə yanvarın 13-də xəbərdarlıq edib ki, Moskva Ukrayna sərhədinə qoşun cəmlədiyi müddətdə Rusiya ilə Ukrayna məsələsi müzakirə olunmamalıdır.
“Rusiyanın hərəkətləri təzyiqin bir hissəsidir”, – Fransada jurnalistlərə açıqlama verən Borrel əlavə edib ki, “təzyiq altında danışıq aparılmamalıdır”.
ATƏT-in 57 üzvü bu il ilk dəfə bir araya gəlir.
NATO-nun Baş katibi Yens Stoltenberq yanvarın 12-də Brüssel görüşlərindən sonra deyib ki, “ciddi və birbaşa fikir mübadiləsi” aparılıb.
“Aramızdakı ziddiyyətlərə körpü salmaq asan olmayacaq, amma NATO-nun bütün müttəfiqlərinin və Rusiyanın eyni masaya əyləşərək substantiv mövzularda danışması müsbət əlamətdir”, – o vurğulayıb.
Azadlıq radiosu
Tarix: 14-01-2022, 11:30




Xəbər lenti