ABŞ-ın UKRAYNAYA VERDİYİ FANTASTIK RAKET – Rusiya komandanlığı çaşqınlıq və təşviş içərisindədir




"Ukrayna bu ayın əvvəlində Rusiyanın 4 ədəd S-300 hava hücumundan müdafiə sistemini və bir radar stansiyasını sıradan çıxardığını elan edəndə hərbi təhlilçilər mat qalmışdılar".
"AzPolitika.info" "Azadlıq radiosuna istinadən xəbər verir ki, bu barədə Britaniyada nəşr olunan "The Telegraph" qəzetində dərc olunan məqalədə bildirilir. Qeyd olunur ki, S-300 kimi yer-göy tipli raket sistemləri son dərəcə təkmildir və çox güclü silah hesab olunur. Ukraynanın cənubundakı qüvvələrin Rusiyanın raket sistemlərinə belə uğurlu zərbələri hərbi ekspertləri düşünməyə vadar etmişdi.
Lakin məqalədə deyilir ki, əslində bu müəmmanın üstü bu həftənin əvvəllərində açılıb. ABŞ rəsmiləri bildirmişdilər ki, Vaşinqton Ukraynaya mükəmməl HARM (high-speed anti-radiation missiles – yüksək sürətli antiradar raketləri) antiradar raketləri verib. İndiyədək Ukraynada davam edən müharibədə belə silahdan istifadə olunmamışdı. Amma indi vəziyyət kökündən dəyişə, Ukraynanın cənub istiqamətində hər hansı əks-hücum əməliyyatında bu raketlər həlledici rol oynaya bilər.
Elmi-fantastik raket
"The Telegraph" HARM raketlərini elmi-fantastik əsərlərdəki silahlara bənzədir. AGM-88 adlanan bu raketlər ilk növbədə yer-göy raket sistemlərinin sıradan çıxarılması üçün nəzərdə tutulub. Yer-göy tipli raket sistemləri düşmənə havada üstünlüyü əldə etmək imkanı vermir və qərargahlar, aerodromlar və silah-sursat anbarları kimi hədəflərin vurulmasını mümkünsüz edir. Halbuki bu obyektlərin dağıdılması hücum edən qüvvə üçün son dərəcə böyük əhəmiyyətə malikdir.
"The Telegraph" yazır ki, Ukrayna işğal altında olan Xerson şəhəri istiqamətindəki kiçik əks-hücumlarını tammiqyaslı hücuma çevirməyə, geniş əraziləri, bəlkə hətta Krımı geri almağa çalışır.
Əsl əks-hücum silahı
Məqalədə deyilir ki, buna müvəffəq olmaq üçün Kiyev ilk növbədə müvəqqəti də olsa havada üstünlüyü ələ almalıdır. Bunsuz quru qüvvələrinin hücumuna dəstək vermək qeyri-mümkündür. Hərbi təyyarələrin sərbəst hərəkət etməsi üçün ilk növbədə S-300 və S-400 kimi yer-göy raket sistemləri sıradan çıxarılmalıdır. Məhz bu məqamda saatda 2300 kilometr sürətlə uçan HARM raketləri kara gələ bilər. Səsdən iti sürətlə uçan bu raketləri vurmaq demək olar, mümkün deyil.
Hərbi ekspertlər bildirirlər ki, AGM-88 raketlərinin üç tipi mövcuddur. Bunlardan ikisi hədəfin tapılması üçün təyyarənin informasiyanı raketlə bölüşməsini tələb edir. Ukraynanın Qərb təyyarələri olmadığına görə, o bu iki tipdən istifadə edə bilməz. Üçüncü tip isə təyyarənin uçuşundan əvvəl proqramlaşdırılır. Bu çox da ideal variant deyil və Rusiyanın yer-göy raketlərinin yeri barədə dəqiq informasiya tələb edir.
Qərbin elektron kəşfiyyat təyyarələri Qara dəniz üzərində daimi patrul keşiyi çəkərək belə informasiyaları toplayır. Bu informasiyalar Ukrayna qüvvələrinə də ötürülə bilər.
"The Telegraph" yazır ki, Rusiya Ukraynaya müdaxiləyə başlayanda "Su-35S" və "Su-30SM" təyyarələri ilə daimi anti-radar raketi keşiyi çəkirdilər. Məqsəd Ukraynanın yer-göy raket sistemlərinin sıradan çıxarılması idi. Qısa və ortamənzilli yer-göy raketlərinə tuş gəlməmək üçün Rusiya təyyarələri raketləri hədəfdən xeyli uzaq məsafədən atmalı olurdular. Bunu bilən Ukrayna raket əməliyyatçıları yer-göy raket sistemlərinin radarlarını qısa müddətə söndürürdülər. Beləliklə Rusiya təyyarələri “kor” edilirdi. Məhz buna görə də Rusiyanın çox sayda bahalı raketləri boş yerə atılmış olurdu.
Hərbi ekspertlər deyirlər ki, indi Rusiya qüvvələri HARM raketlərinə görə eyni taktikaya əl atmalı olacaqlar.
Rusiyanın Belarus ərazisində 4 uzaqmənzilli S-400 batalyonu var. Onlar da səmaların keşiyini çəkərkən radarlarını tez-tez söndürməli olurlar.
Belə sistemlərdən ilhaq edilmiş Krımda da vardı. İndi bu sistemlərin salamat olub-olmadıqları bilinmir. Ekspertlər deyirlər ki, Ukrayna hərbçiləri çox effektiv, amma riskli taktikaya əl atmalı olacaqlar.
Belə ki, Ukrayna qırıcıları Rusiya S-400-lərinin yerini müəyyənləşdirməkdən ötrü bilərəkdən Rusiyanın nəzarətində olan əraziyə uçmalıdırlar.
İstifadəyə 1983-cü ildə verilmiş AGM-88 raketləri yüksəktezlikli radarlara köklənə bilir. Bu raketlərin vurulması və ya müxtəlif dalğalarlarla çaşdırılması mümkün deyil. Maraqlıdır ki, HARM raketləri hətta radarını söndürmüş yer-göy raket sistemlərini tapa bilir. 2020-ci ildə həyata keçirilmiş son modifikasiyadan sonra HARM raketlərini işçi tezliyin dəyişdirilməsi ilə də yayındırmaq mümkün deyil.
Tarix: 13-08-2022, 22:53
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}