Putin - bir fərmanla dünyanı ruslara dar edən diktator



AB ölkələri səfərbərlikdən qaçan rusları xoş qarşılamırlar.

Ovqat.com-un məlumatına görə, ABŞ-ın məşhur qəzetlərindən olan «Wall Street Journal» bu iddiadadır.

Nəşrin fikrincə, Prezident Vladimir Putinin mülki vətəndaşların kütləvi səfərbərliyindən qaçmağa ümid edən ruslar Avropa İttifaqı ölkələrində soyuq münasibətlə üzləşirlər.

«Rusiya ilə quru həmsərhəd olan Polşa, Estoniya, Latviya və Litva səfərbərlikdən qaçan rusların öz ərazilərinə daxil olmasına icazə vermək üçün sığınacaq kateqoriyalarının genişləndirilməsini sürətlə və kollektiv şəkildə rədd etdilər. Polşa və Baltikyanı dövlətlərin rəsmiləri müsahibələrində bildiriblər ki, potensial olaraq tələblərə cavab verə biləcək çoxlu sayda rusiyalıya qucaq açmaqla daxili təhlükəsizliklərini pozmayacaqlar», - yazan nəşr bu soyuq münasibəti rusların Putinin Gürcüstana, Krıma və digər ölkələtə hərbi müdaxilələrinə uzun müddətdir müqavimət göstərə bilməməsi ilə əlqələndirib: «Avropa ölkələri məhz bu səbəbdən Rusiya vətəndaşlarına rəğbət bəsləmirlər».


Bununla belə, Avropanın ən böyük ölkələrindən Almaniya Putinin səfərbərlik fərmanından qaçan ruslara yaşıl işıq yandıra biləcəyini bildirib. Amma bunun üçün onların müəyyən şərtlərə cavab verməsi lazımdır. Əsas şərt isə Putin hakimiyyətinə qarşı aktiv siyasi fəaliyyət göstərməkdir. 

Alman nəşri DW-nin məlumatına görə, bu ölkənin bəzi nazirləri “qismi hərbi səfərbərlik”dən qaçan insanlara sığınacaq üçün müraciət edə biləcəklərini bildirən önəmli mesajlar veriblər. Almaniya hökumətinin bir neçə naziri qeyd edib ki, rəsmi Berlin konkret şərtlər daxilində Rusiya prezidenti Vladimir Putinin əmri ilə “qismən hərbi səfərbərlikdən” qaçan rusları qəbul etməyə hazırdır.

"Ciddi repressiya ilə təhdid edilən fərarilər, bir qayda olaraq, Almaniyada beynəlxalq müdafiə ala bilərlər", - Almaniya daxili işlər naziri Nensi Faeser «Frankfurter Allgemeine Zeitung» qəzetinə müsahibəsində bildirib.


“Putin rejiminə cəsarətlə qarşı çıxan və bununla da böyük təhlükəyə məruz qalan hər kəs siyasi təqiblərə əsaslanaraq sığınacaq üçün müraciət edə bilər”, - deyə o bəyan edib.

Almaniyanın ədliyyə naziri Marco Buşman da Putindən nifrət edən bütün rusları xoş qarşılamağın tərəfdarıdır: «"Qismi səfərbərlik" həştəqindən istifadə edərək, bir çox ruslar öz vətənlərini tərk edirlər. Putinin siyasətinə nifrət edən və liberal demokratiyanı sevən hər kəs Almaniyada xoş qarşılanır».

Almaniyanın xarici işlər naziri Annalena Baerbok da müharibə əleyhdarı rus etirazçıları tərifləyib və əlavə edib ki, ölkə daxilində heç kim Ukraynada baş verənlərə göz yummamalıdır, çünki “hər bir rus bu müharibəyə cəlb olunmaq riski ilə üzləşəcək. "

Almaniya Bundestaqının parlament üzvü, Yaşıllar Partiyasından olan Robin Vaqener isə DW-yə açıqlamasında deyib ki, Ukrayna prezidenti Zelenskinin birbaşa rus gənclərinə “rejimə qarşı etiraz edin, onunla döyüşün, ya da qaçın” dediyini eşidəndə onun beynində bir fikir canladı: «Bu qəbildən olan rusların qaçmaq üçün bir yerləri olmalıdır».

Vaqener əlavə edib ki, Avropa qanunlarına görə, hərbi xidmətdən qaçan şəxslər, bu hərbi xidmət  müharibə cinayətləri ilə əlaqəli olduqda, sığınacaq hüququna malikdirlər: «Biz buna əməl etməliyik və qaçanlar üçün qollarımızı açıq tutmalıyıq».


Almaniyada yerləşən “Pro Asyl” hüquq müdafiə təşkilatı da ölkələri Rusiya və Belarusdan olan fərarilərə və vicdanlı hərbi xidmətdən imtina edənlərə sığınacaq verməyə çağırıb.

"Avropa İttifaqı qanunlarına görə, beynəlxalq hüququ pozan müharibədən qaçanların sığınacaq və müdafiə hüququ var. Bu mənada Almaniya və Avropa indi Rusiyanın işğalçı müharibəsinin əleyhinə ayaqları ilə səs verən insanların ölkəyə qəbulunu təşkil etməlidir", -"Pro Asyl"in Avropa departamentinin rəhbəri Karl Kopp Rheinische «Post» qəzetinə bildirib.

Almaniya fevralın 24-dən etibarən Rusiya işğalından qaçan 1 milyona yaxın ukraynalını qəbul edib, eyni zamanda rus dissidentlərini də qarşılayıb. Alman rəsmilərin sözlərinə görə, 438 rusiyalı dissident, o cümlədən jurnalist bu ölkədən sığınacaq almaq üçün sürətləndirilmiş iş rejimindən yararlanıb.

Lakin Almaniyanın daxili işlər naziri Nensi Faeser qeyd edib ki, siyasi sığınacaq avtomatik olaraq verilmir; Müraciət edənlər əvvəlcə təhlükəsizlik yoxlamasından keçirlər.

Avropa Komissiyası da bildirib ki, Rusiyada qismi səfərbərlikdən qaçan insanların Avropa İttifaqından sığınacaq tələb etmək hüququ var. Aİ-nin miqrasiyadan məsul sözçüsü Anita Hipper də bu qaçaqaçı  «görünməmiş bir vəziyyət» adlandırıb.


Hipperin sözlərinə görə, ərizələrə hər bir halda baxılmalıdır. O əlavə edib ki, ortaq məxrəcə gəlmək üçün Aİ-yə üzv dövlətlərlə iş davam edir.

Almaniya və Aİ rəsmilərinin bu mövqelərinə baxmayaraq, Baltikyanı ölkələr ruslara sığınacaq verilməsinə isti baxmırlar. Onlar rusların Baltikyanı ölkələrə qaçıb məskunlaşdıqları ərazilərin etnik xarakterini dəyişəcəyindən və sonra yerli əhalinin başına bəla olacaqlarından çəkinirlər. Nə yazıq ki, haqsız da deyillər. Rusiya adətən xaricdəki diasporasından öz hərbi məqsədləri üçün istifadə edərək müxtəlif bəhanə gətirir, guya onları qorumaq iddiası ilə başqa ölkələri işğal etməyə çalışır. Bu da Estoniya, Latbiya, Litva kimi əhalisi az olan ölkələri ciddi şəkildə əndişələndirir. Məhz bu səbəbdən çərşənbə günü Baltikyanı ölkələrin rəsmiləri Moskvanın qismi səfərbərliyindən qaçan heç bir rusiyalıya sığınacaq verməyəcəklərini bildirmişdilər. Bu həftənin əvvəlində isə Estoniya, Latviya və Litva Rusiya vətəndaşlarının Ukraynadakı müharibəyə geniş daxili dəstəyinə etiraz edərək sərhədlərini onların üzünə onsuz da bağlamışdı.


Səfərbəylikdən qaçan rusların pənah apardıqları əsas ölkələr arasında post-sovet məkanları da var. Xüsusilə Orta Asiya və Cənubi Qafqaz ölkələri fərari rusların üz tutduqları coğrafiyaların başında gəlir. Sözsüz ki, bu axınlar həmin ölkələrdə də ciddi narahatlıq yaradır. Amma bu ölkələrdən bir çoxunun Avropa İttifaqı kimi, rusların üzünə sərhədləri bağlayıb-bağlamamaq şansları yoxdur. Çünki onlar Rusiyanın himayəsi ilə fəaliyyət göstərən Avrasiya İqtisadi İttifaqının üzvüdürlər və Aİİ Nizamnaməsinə görə, ittifaq vətəndaşlarının bir-birinə səyahət etmək, yaxud başqa ifadə ilə desək, hərəkət azadlığı var. Odur ki, məsələn, Qazaxıstan istəsə belə ona pənah gətirən rusları asanlıqla geri qaytara bilməz. Sentyabrın 22-də Qazaxıstan senatının spikeri Maulen Aşimbayev də buna işarə edərək, Ukraynada sülhün bərqərar olacağına ümidsizliyini ifadə etmiş və fərari rusların Qazaxıstana daxil olmasını dayandırmaqdan söhbət gedə bilməyəcəyini bildirmişdi.

Qazaxıstanla Rusiya arasında bağlanan digər müqavilələrə görə, bu ölkəyə gələn ruslar orda ən azı 90 günə qədər qala bilərlər (qeydiyyatdan sonra 30 və daha 60 gün). Fevralda gələn bir çox rus isə hələ də oradadırlar. Bu isə onu göstərir ki, indi gələnlər də asanlıqla Qazaxıstanı tərk etməyəcəklər. 


Ən dəhşətlisi isə odur ki, fevralda gələn ruslarla indikilər arasında intellektual səviyyə fərqləri də var. Fevral qaçqınları dünyanın aparıcı şirkətlərinin Rusiyanı tərk etməsindən sonra faktiki işsiz qalan İT texnologiyasında ixtisaslaşmış kadrlar və novator iş adamları idi. Onlar Rusiyanın Avropaya qapılarının uzun müddətliyə bağlanmasını nəzərə alıb öz beyinlərini və işlərini Qazaxıstana və digər post-sovet məkanlarına köçürmüşdülər. Qazaxıstan kimi ölkələrə bu kadrlar lazım idi. Amma indi gələnlər sırf çağırışdan qaçan, əksəriyyəti adi işlərlə məşğul olan ruslardır. Qazaxıstanın isə onlara ehtiyacı yoxdur.

Üstəlik, bu göçlər Qazaxıstan üçün ciddi təhdid və problemlər də meydana gətirir. Məsələn, Astana uzun illərdən bəri həyata keçirdiyi məqsədyönümlü siyasət nəticəsində Qazaxıstanı qazaxlaşdırmışdı. Sovet hakimiyyəti illərində əhalinin yarısından çoxu rus olan Qazaxıstanda bu rəqəm 18%-ə düşmüşdü. Son köçlər yenidən Qazaxıstan əhalisinin etnik tərkibini təhlükə altında qoya bilər.

Digər tərəfdən rus köçlərinin başlaması Qazaxıstanda inflyasiyaya yol açır. Xüsusilə daşınmaz əmlak sahəsində bahalaşma artıq nəzərdən qaçmır. Daşınmaz əmlak agenti Saule Nurpeisova "Express K" biznes saytına bildirib ki, o, aktiv şəkildə əmlak almaq istəyən bir neçə rusiyalını tanıyır və deyir ki, davam edən rus axınları qazaxıstanlı mülk sahiblərinə kirayə qiymətlərinin artırılmasna rəvac verir. “Kimsə öz mənzilinə 400 min tenge (830 dollar) qiymət qoyur, başqa bir ev sahibi bunu görüb, o da mənzilinin kirayə qiymətini artırır. Onlar bir-biri ilə xəbərləşir, sövdələşirlər, çünki bu, onların xeyrinədir”, - Nurpeisova bildirib.


Bir sözlə, Putinin səfərbərlik fərmanı təkcə Rusiyanı deyil, ətraf ölkələri, hətta Qərbi Avropanı da ciddi narahatlığa sövq edib. Qərbi Avropa ölkələri rus axınlarından birbaşa təsirlənmədiklərinə və Rusiya vətəndaşlarını Putinə qarşı mübarizəyə həvəsləndirməyə çalışdıqarına görə fərarilər qarşısında bəzi öhdəliklər qoyur: onlar mütləq Putinə qarşı olduqlarını əməli fəaliyyətləri ilə təsdiq etməlidirlər. Yəni etiraz mitinqlərinə qoşulub Kremli küncə sıxışdırmalı və Ukraynaya hərbi müdaxilədən vaz keçirməlidirlər. Post sovet və Baltikyanı ölkələr isə bu şərtli sığınacaq təklifi irəli sürməyə belə hazır deyillər.



Tarix: 24-09-2022, 13:16




Xəbər lenti

{sape_links}{sape_article}