“ONLAR ÖZ ƏSGƏRLƏRİNİ ATIB QAÇIRLAR...” - “Anlayırlar ki, Putin uğrunda ölməyə dəyməz”



Rusiya ordusunda “təmizləmə əməliyyatı” başladığına dair məlumatlar yayılır. Ordunun nisbətən aşağı heyətindəki komandirlər, zabitlər sıravi hərbçilərin lazım səviyyədə təchiz edilməməsində ittiham olunurlar. Həmişəki kimi kritik vəziyyətlərdə Kremlə “günah keçisi” lazımdır.

Hazırda Rusiya ordusu cəbhədə böyük uğursuzluqla yanaşı, intizamsızlıqla üzləşib. Belə ki, komandirlər rəhbərlik etdikləri hərbi birləşmələrini döyüş meydanında tərk edərək, özləri arxada gizlənirlər. Rusiya əsgərləri isə yad torpaqlarda döyüşmək istəmirlər. Belə ordu Donbasın işğal olunması planını həyata keçirə bilməz.
Sözügedən məsələylə bağlı Ukraynanın “Apostrof.ua” portalı Ukraynanın Xarici Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri, ordu generalı Nikolay Malamujdan müsahibə götürüb. Həmin müsahibəni təqdim edirik:

“- Rusiya ordusunda aparılan “zabit təmizlənməsi” nəylə bağlıdır?
-Bu, ilk növbədə Rusiyanın müharibədə uduzmasıyla bağlıdır və elə bu səbəbdən də mütləq günahkarlar tapmaq lazımdır. Putin özünü qətiyyən günahkar hesab etmir. Bəllidir ki, günahkarları tez-tez dəyişdirdikləri komandanlıq arasında axtarırlar. Onlara ordunu mərmi, yanacaq, geyim, qida və s. ilə təchiz etməyənləri günahlandırmaq lazımdır.
Bizim kəşfiyyatın məlumatına görə, hətta Rusiyanın elit dəniz piyadaları belə nə mərmilərlə, nə silahla, nə yanacaqla, nə də ki, qış geyim forması ilə normal qaydada təchiz edilməyiblər. Səfərbər edilənlərə isə paslanmış avtomatdan və yarı hərbi geyimdən başqa heç nə verilmir.
Bütün bunların hamısı Rusiya ordusunun tamamilə böyük korrupsiya maşınından ibarət olduğunu göstərir. Əksər hərbçilər çıxış yolları axtarırlar. Briqdalar, polklar ordudakı oğurluğun tüğyan etməsi barədə kollektiv müraciətlər yazırlar. Putin isə yenə də günahkarları briqada, batalyon səviyyəsində axtarır və oralarda araşdırmalar aparılır.
Əslində, Rusiya ordusundakı oğurluq yüksək komandanlığın qalxanı altında baş verir. Hərbi təsərrüfat rəhbəri komandanlığın əmri olmadan heç nə edə bilməz. Komandir həmişə vəziyyətə nəzarət edir və öz payını götürür. Bu isə Rusiya ordusnundakı uğursuzluğun ən başlıca səbəblərindən biridir.
-Siz müraciətləri yada saldınız. Belə bir müraciət Makeyevka yaxınlığına göndərilmiş Rusiya ordusunun Taman diviziyasının 15-ci motoatıcı polkunun batalyonundakı əsgərlər tərəfindən edilib. Bölüklər arasında qarşılıqlı koordinasiya olmayıb və əsgərlər iddia edirlər ki, onlar daim Ukrayna Silahlı Qüvvələrinin atəşi altında qalırlar, komandirlər isə sadəcə aradan çıxırlar. ”Təmizləmə” əməliyyatı da bununla bağlı ola bilərmi, yoxsa bu, Rusiya ordusunda normal bir haldır?
-Yuxarı və orta komanda heyətinin döyüşmək üçün heç bir motivasiyası yoxdur. Onlar işğalçı olduqlarını, özgənin torpağında döyüşdüklərini və cinayət törətdiklərini bilirlər. Amma onlar müharibəyə getməyə məcburdular, çünki komandanlıq, xüsusi xidmət orqanları onlara sərt nəzarət edir. Həqiqətən də əksəriyyət, hətta komandirlər də döyüşmək və ölmək istəmirlər. Döyüşün ön çərgəsinə sıravilər və aşağı heyət komandirləri ötürülür, orta komanda heyəti isə təhlükəsiz məsafədə qərarlaşır. Aydındır ki, belə olan halda komandirlər və hərbi dəstələr arasında koordinasiya pozulacaq.
Taman diviziyası Moskvanın ən elit hissələrindəndir. Onlar silah və lazım olan hər şeylə təchiz olunmalıdırlar. Lakin hətta, bu diviziya da tələb olunan səviyyədə təchiz edilməyib.
Komandirlər sadəcə döyüşməyə hazır deyillər, onlar ölmək istəmədikləri üçün öz dəstələrini atıb qaçırlar,digər strukturlarla koordinasiya qurmurlar. Məsələn, Taman diviziyasına nə “Vaqner”, nə “kadırovçular” nə də Rusiya hərbi güclərinin digər birlikləri nəzarət edirlər. Bu diviziya müstəqil döyüş aparır, amma halbuki, başqa dəstələrlə də əlaqəli hərəkət etməlidirlər. Lakin bu, baş vermir. Komandirlər fakitiki olaraq öz işlərinin öhdəsindən gəlməyi bacarmırlar, bir daha təkarar edirəm ki, onlar yad torpaqda döyüşməyə və ölməyə hazır deyillər. Əlbəttə, onlar qaçıb gizlənəcəklər, sonra isə deyəcəklər ki, bəs, komanda mərkəzindəydilər. Bu, ondan xəbər verir ki, Putinin bütün Donbas ərazisini işğal etmək çəhdi realalşmayacaq. Belə bir komandanlıq bu işi sona çatdıra bilməz. Axı, işğalçılar bunu səmərəli həyata keçirmək iqtidarından uzaqdırlar.

-Belə halların daha çox olacağını, komandirlərin döyüş meydanını kütləvi şəkildə qoyub qaçacaqlarını deyə bilərikmi?
-Elit hərbi dəstələrin komandirləri anlayırlar ki, onlar döyüş meydanında cinayətkar missiya yerinə yetirirlər, bu isə onların qarşısına qoyulan tapşırıqları həyata keçirməyə həvəsləndirmir. Bu adamlar Rusiya ərazisini qorumurlar, özləri hücum edirlər.
Motivasiya olmasa da hərbçilər nəsə etməyə məcburdurlar, yoxsa onları ömürlük həbs və ya güllələnmə gözləyir. Amma hər halda hər şeyin bir həddi var, hansısa kritik vəziyyət olmalıdır.
Nə vaxt ki, bizim möhtəşəm qələbələrimiz olacaq, məhz onda Rusiya ordusunda kütləvi başıpozuqluq başlayacaq və bunun nəticəsində əsgərlər və zabitlər döyüş meydanını kütləvi şəkildə qoyub qaçacaqlar, hücum əməliyyatlarından imtina edəcəklər, təslim olmaq isətəyəcəklər. Buna doğru, bizim qələbəmizə doğru getmək lazımdır və belə olan təqdirdə ölkəmizin şərq və cənub istiqamətlərində yeni imkanlar açılacaq”.
V. Nəsibov
“AzPolitika.info”
Tarix: 29-11-2022, 09:19
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}