Səhiyyə Nazirliyi: “Azərbaycanda 16 nəfərdə H1N1 virusu tapılıb”

 

Azəbaycanda 16 nəfərdə H1N1 virusu tapılıb, amma bu, qorxulu deyil, Səhiyyə Nazirliyinin baş epidemioloqu İbadulla Ağayev əmin edir.

O, deyir ki, “dünyada pandemiya, respublikada da epidemiya yoxdur. Ayrı-ayrı xəstələnmələr var, bu da adi haldır”.

Onun sözlərinə görə, bu virus 10 ildir ki, mövcuddur.
“Bu sadəcə olaraq virusun tipidir. Azərbaycanda qrip xəstəliyindən ölən yoxdur. Bir nəfər idmançı ölüb, o da bronxopnevmaniyadan ölüb. 3 saylı xəstəxanaya qoyulub, Ağciyər arteriyasının tromboemboliyasından vəfat edib”, baş epidemioloq İbadulla Ağayev bildirir.

O hesab edir ki, heç bir profilaktik tədbir görmək mümkün deyil.

“Əhali özü tədbir görməsə, biz nəsə edə bilmərik. Gürcüstana gedən adama qadağa qoymaq olmaz.

Hər gün Azərbaycana hava, su, dəmiryolu, avtomobil yolu ilə bir milyon adam girib-çıxır. Biz bunlara qadağa qoya bilmərik. Hər yerdə bu virus var, sadəcə Gürcüstan yaxın olduğu üçün hay-küy qaldırıblar. Gürcüstana gedən insanlar əgər qorxursa, getməsin. Məcburdurlarsa, özlərini qorusunlar”, cənab Ağayev deyir.

Baş epidemioloq əhalini mümkün vasitələrlə virusdan qorunmağa çağırır.

“Əhali maskadan istifadə etsin. Xəstə varsa, ayrılsın, qab-qaşıq dezinfektantlarla yuyulsun. Otağın havası tez-tez dəyişdirilsin, döşəmə silinsin”.

İbadulla Ağayev camaatı türkəçarəyə yox, həkimə üz tutmağa çağırıb.

“Özlərində soyuqdəymədən şübhələnirlərsə, mütləq həkimə getsinlər. Sahə həkimlərini evə çağırsınlar. İmkanları varsa, özləri poliklinikaya getsinlər, həkim təyinatından sonra müalicəyə başlasınlar. Özbaşına, kor-koranə müalicəyə başlamaq olmaz”.

O, virusa yoluxmada körpələrin, yaşlıların, hamilə qadınların riskli qrupa daxil edildiyini xatırladır və deyir ki, qripin yayılmasının qarşısını almaq üçün xəstələr maska taxmalı, çoxluq olan yerə getməməlidirlər.

“Virusun lokallaşdırılması üçün təcili tədbirlər görülməlidir”

Tibb elmləri doktoru, professor Adil Qeybulla yayılan qripin mövsümi xəstəlik saysa da, hesab edir ki, bu, “epidemiya infeksiyasıdır və onun lokallaşdırılması üçün təcili tədbirlər görülməlidir”.

“Virus hava-damcı yolu ilə yayılır. Ona görə də H1N1 virusu, yəni, donuz qripindən 2009-cu ildə xeyli adam tələf olub. Ölənlərin təşhisi göstərib ki, onlar pnevmaniyadan ölüb. Virusun bədəndə törətdiyi zədələnmələr nəticəsində ağ ciyər zədələnib. Bu virusun bu gün də təsirlərinin olması ehtimalı qalır. Ölkədə karantin tədbirləri görülməlıi, infeksiya lokallaşdırılmalıdır”, o əlavə edir.

Əhalinin soyuqdəymənin bütün növlərini qrip adlandırdığını deyən Adil Qeybulla bildirir ki, bu virusdur və bunu “soyuqdəymə ilə qarışdırmaq olmaz”.

BBC News Azərbaycanca

Tarix: 2-02-2019, 08:28
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}